Dinimiz Allahdan, dindarlığımız özümüzdəndir...

(Əvvəli 30 yanvar tarixli sayımızda)

 Zeydiyyə təriqətini iki qrupa ayırmaq olar:

1) İlkin Zeydiyyə. Onlar həz. Əbu Bəkr, həz. Ömərin xəlifəliyini qəbul edənlərdir;

2) Həmin xəlifələrin xilafətini qəbul etməyən sonrakı Zeydilər- Ravizilər.  Bu gün Yəməndə yaşayan Zeydiyyələrin əksəriyyəti birinci  qrupa məxsusdurlar.

Şiə dini-siyasi cərəyanının tanınmış qollarından biri də İmamiyyədir. Bu təriqət imamın şəxsi keyfiyyətlərə görə seçilməsini yox,  təyin edilməsini iddia edir. Onlar imamları "vəsi" ( Qəyyum, ölən adamın vəsiyyətini yerinə yetirməyə məmur olan adam) adlandırırlar. İmamilər həz. Əlinin Rəsululləhin xəlifəsi olması barədə ittifaq ediblər. Onlar eyni zamanda həz. Əlidən sonra onun həz. Fatimədən olan övladları həz. Həsən və həz. Hüseynin xəlifəliyini iddia ediblər. Lakin imamilər VI imamdan sonrakı xəlifənin kim olacağı barədə ixtilafda olublar. Həmin səbəbdən imamilər iki əsas təriqətə bölünüblər:

1) İsnə -əşəriyyə və İsmailliyə. İsnə -əşəriyyə (on ikincilər) təriqətinə görə, həz. Əli, həz. Həsən, həz. Hüseyndən sonra imam- xəlifə olacaq şəxslərin adları belədir: Əli Zeynəlabidin (IV imam),  Məhəmməd əl- Bəqir (V imam), Cəfər əs-Sadiq (VI imam), Musa əl-Kazim (VII imam), Əli ər- Riza (VIII imam), Məhəmməd ət-Taqi (IX imam), Əli ən- Nəqi (X imam), Əl -Həsən  əl- Əsğəri  əz -Zəki (XI imam) və Məhəmməd əl -Mehdi əl- Hucə  (XII imam). Bu tərtibat -sıra hicri V əsrdən (XI əsrdən) etibarən qəti olaraq qəbul edilib. İsnə -əşəriyyələr qeyb olan XII imamın yaşı və verəcəyi hökm barəsində müxtəlif fikirdə olublar. Belə ki, onlardan bəziləri 12-ci imamın 4, digərləri isə 8 yaşında qeyb olmasını söyləyiblər. Onların bir hissəsi 12-ci imamın qeyb olduğu yaşda hökm verə biləcəyini, digərləri isə hökmün həmin imamın məzhəbinə mənsub alimlərə məxsus olduğunu deyiblər. Qeyd edək ki, şiə mənbələrinə görə, İsnə -Əşəriyyə məzhəbi imam Məhəmməd Baqir və oğlu imam Cəfəri Sadiqin vaxtında  meydana gəlib.

İmamilərin parçalanan qollarından biri də İsmailliyədir. Bu təriqət  6-cı imam Cəfər əs- Sadiqin oğlu İsmailin adı ilə bağlıdır. İsnə Əşəriyyələr 7-ci imamın Musa əl- Kəzim olduğunu qəbul edibsə, İsmaillilər bu statusun Cəfər əs- Sadiqin digər oğluna -İsmailə məxsus olduğunu iddia edirlər. Onlara  görə bu status Cəfər əs- Sadiqin sözü ilə qüvvəyə minib. İsmaillilər hesab edirlər ki, Cəfər əs -Sadiq özündən qabaq vəfat edən İsmaili hələ onun sağlığında davamçısı elan edib. Həmin səbəbə görə, növbəti imamlıq statusu İsmailin oğluna məxsusdur. Digər mənbələrə görə, ata oğlunu sünni  xəlifələr əleyhinə dəstəyə qoşulduğu üçün imamlıq rütbəsindən məhrum edib. Ruhların bir bədəndən digərinə keçməsini qəbul edən İsmaillilər hesab edirlər ki, onların imamları Məhəmməd (ə) və həz. Əlinin ruhlarının varisləri-  daşıyıcılarıdır. İsmaillilər tarixdə mütəşəkkil gizli təşkilatlar yaradan təriqət kimi də yadda qalıblar. Onların təşkilatına arxalanan Fatimilər 909-cu ildə Tunisdə siyasi hakimiyyətə gəldilər. Bu gün İsmailli icmaları bəzi müsəlman ölkələrində, xüsusən Pakistan, Şərqi Afrika, Suriya, Tacikistan, Pamir dağlarında fəaliyyət göstərir.

 Xaricilər

 Xaricilər əl- Xavaric (xarici)- İslamiyyətin ən qədim firqələrindən biridir. Siyasi tarix baxımından məqsədləri (xüsusən, həz. Əlinin xilafətinin son iki ilində və Əməvilər  dövründə) bir çox vilayətləri silah gücünə almaq, fasiləsiz üsyanlar yolu ilə İslam dövlətinin şərqində asayişi pozmaq olub. Xaricilər firqəsi "Siffin" adlanan yerdə həz. Əli ilə Müaviyyə arasında baş verən müharibənin (657-ci il) qızğın vaxtında ortaya çıxıb. Savaşda məğlub olduğunu görən Müaviyyə hiyləyə əl ataraq ixtilafın Quran ehkamına görə həll edilməsi üçün tərəflərdən iki hakim təyin edilməsini təklif etdi. Fəqət həz. Əli aralarında Allah hökm verənə qədər savaşmağa qərar verdi. Bu zaman ordusundan bəziləri hakim təyin edilməsini israr etdilər. Həz. Əli istəməyərək bu təklifi qəbul etdi. Lakin Təmim qəbiləsindən olan döyüşçülərin bir qismi məhkəmənin qurulmasına qarşı çıxdı. Onlar "hökmün yalnız Allaha məxsus olduğunu" deyərək ordunu tərk etdilər. Bu ilk firqəçilər özlərinə əl Həruriyyə və ya əl- Mühakimə adını verdilər. Sonradan bu ad digər xaricilərə də şamil olundu. Xaricilər əvvəl həz. Əlini hakim təyininə məcbur etdiyi halda, az sonra hakim təyinini böyük günah saydılar. Onlar hətta həz. Əlidən bu günaha görə tövbə etməsini tələb etdilər. Çünki onlara görə,  həz. Əli hakəmə baş vurduğu üçün küfr etmişdi. 

Haşiyə: Əshabından birisi qalxıb: "Bizi hakim təyin etməkdən mən etdin, sonra da  hakimlərin hökmünə tabe olmağı söylədin. Bilmirik bu iki işin hansı daha doğrudur", -deyərkən, həz. Əli əlini əlinə vurub dedi: "Könlümdəki əhdi tərk edənin cəzasıdır bu. Sizə əmr etdiyim şey, Allaha and olsun ki, istəmədiyiniz şeyə sizi sövq etmək üçün idi. Fəqət o şeydə Allah xeyir təqdir etmişdi. Əmrimə tabe olsaydınız, doğru yolu tapardınız. Əyriliyə düşsəydiniz, sizə düz istiqamət verərdim. Boyun qoysaydınız, sizi nizama düzərdim... Fəqət bu işi kiminlə görüm, kimə güvənim? Mən sizi müalicə etmək istəyirəm, siz isə mənim dərdimsiniz..."

 Xarici firqələrin müştərək prinsipləri

 Xaricilərə görə:

 1) Xəlifə sərbəst və ədalətlə seçilməlidir. Seçimə müsəlmanların müəyyən hissəsi yox, bütün müsəlmanlar qatılmalıdır. Xəlifə ədalətli olduğu, şəriətə əməl etdiyi halda rəhbərlik edə bilər. Xəlifə doğru yoldan ayrılıbsa, o, ya vəzifədən kənarlaşdırılmalı, ya da öldürülməlidir;

2) Xəlifəlik ancaq ərəb qəbiləsindən bir ailəyə məxsus deyil. Xəlifə olmaq xüsusində bütün müsəlmanlar bərabərdir. Xaricilər Məhəmməd(ə)- nin Qureyş qəbiləsinin  Bəni- haşim soyuna mənsub olduğunu nəzərə alaraq, yolunu azdığı halda öldürülməsi və ya vəzifədən kənarlaşdırılması vacib olan xəlifənin Qureyşdən olmamasını təkid ediblər.  Həmin səbəbdən onlar Qureyşdən olmayan Abdullah  b. Vəhb ər- Rasibiyi  özlərinə rəhbər seçiblər;

3) İnsanlar arasındakı münasibətlər yaxşı olduğu halda xəlifəyə ehtiyac yoxdur;

4) Hər günah işlədən kafiridr. Göründüyü kimi, xaricilər günahın kiçik-böyüyünə fərq qoymurlar. Onlar hakimə söykəndiyi üçün hətta həz. Əlini dindən çıxmaqda  ittiham ediblər. Xaricilər etiqadlarına əks olan fikir sahiblərini, bəzi səhabələri dindən çıxmış hesab ediblər. Onlar Quran ayələrinin zahirinə üstünlük verdiyi üçün, həz. Əli onlara Quran ayələri ilə yox, Rəsululləhin sünnəti ilə cavab verib.

Maraqlıdır ki, xaricilər firqəsində müsəlman sayılmayan təriqətlər də var. Məsələn, Yezidiyyə və Meymuniyyə kimi. Yezidiyyə təriqətinin banisi  Yezid b. Ənisə əl-Xarici olub. Yezid Allahu-Təalənin Məhəmməd(ə)-dən sonra farslardan bir peyğəmbər göndərəcəyini və onun həz. Məhəmmədin şəriətini ləğv edəcəyini iddia edib. Meymuniyyə təriqəti isə Meymun əl- Acrədinin adı ilə bağlıdır. Bu təriqət atanın övladlarının qızları ilə, bacı və qardaşlarının qızları ilə evlənməsini halal hesab edib. Həmin səbəbdən hər iki təriqət qeyri-islami sayılır.

 Əhli sünnət vəl-camaət...

 Müsəlmanların çoxluğunu təşkil edən əhli sünnət vəl-camaət (sünnilər) alimlərinin yekdil fikrinə görə dini-siyasi idarəçiliyin peyğəmbərlik  xilafəti olaraq davam edə bilməsi üçün xəlifə dörd əsas keyfiyyətə malik olmaldıır:

1) O, Qureyş qəbiləsindən olmalı;

2) Ona biyət edilməli;

3) Məşvərət ilə seçilməli;

4) Ədalətli olmalıdır.

 1) Sünni alimləri xəlifənin Qureyş qəbiləsindən olmasının əsas səbəbini Qureyşin üstünlüyü və xəlifənin onlardan olacağına dair Peyğəmbər(ə) kəlamları ilə izah ediblər. Peyğəmbər(ə) buyurub: "İnsanlar xeyirdə də, şərdə də Qureyşə tabedirlər"; "İnsanlar iki nəfər qaldığı müddətə kimi bu iş Qureyşdə davam edər". Lakin səhihliyinə çox böyük ehtimalla şübhə edilməyən bu kəlamlar mütləq bir direktiv yox, xəlifənin Qureyşdən olmasının daha münasibliyinə işarə edir. Çünki digər bir hədisə görə, həz. Peyğəmbər Vida həccində (632-ci il) buyurub: "Ərəbin qeyri-ərəbdən, qeyri-ərəbin də ərəbdən heç bir üstünlüyü yoxdur. Bütün insanlar Adəm övladıdır..."; "Müsəlmanları doğru yola yönəldən adam kəsik burunlu zənci olsa belə, ona itaət edin..." Zahirən bir-birinə zidd olan bu hədislərin əsl mənasını - batinini isə növbəti kəlamda axtarmaq lazımdır: "Məndən sonra xilafət 30 il davam edəcək. Bundan sonra səltənət başlayacaq". Yeri gəlmişkən, sonuncu kəlam həz. Məhəmmədin gələcəkdən xəbər verən möcüzələrindən biridir.

Göründüyü kimi, Peyğəmbər(ə) "xəlifənin Qureyşdən olması" (Qureyş Məkkədəki qəbilənin adıdır. Həz. Peyğəmbər bu qəbilənin Haşimi nəslinə mənsub idi. Qureyşin digər qolu Əməvilər olub) kəlamı ilə xilafətin 30 il davam edəcəyinə işarə edib.  Bu müddət isə Qureyşdən olan 4 rəşidi xəlifənin hakimiyyətini əks etdirir- 632- 661- ci illər. Deməli: 1) Yuxarıda qeyd olunan bütün hədislər səhih və yerindədir;  həz. Əlidən sonra hakimiyyətə gələnlər xəlifə yox, həzrəti Peyğəmbərin buyurduğu kimi, səltənət başçılarıdır. Bu məntiqdən çıxış edib həm də deyə bilərik ki, həz. Əlinin hakimiyyətindən sonra İslam coğrafiyası xilafət yox, səltənət statusu daşıyıb.

2) Xəlifəyə beyət edilməsi məsələsi. Vurğulayaq ki, həz. Məhəmmədə və ondan sonrakı xəlifələrə beyət edilməsi Quran hikmətinə söykənir: "(Ya Peyğəmbər!) Sənə beyət edənlər şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allaha etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!". (Fəth 10). Məhəmməd(ə) Mədinəyə hicrət etdiyi zaman mədinəlilərlə, Məkkəni fəth etdiyi vaxt məkkəlilərlə beyətləşibdir.

Səhabəi - Kiram hicrət edən mühacirlərin mədinəli ənsardan daha üstün olduğunu bildiyi üçün onların əksəriyyəti həz. Əbu Bəkrə, sonra həz. Ömərə beyət ediblər. Həz. Osmanın 6 nəfər arasında gizli səsvermə, həz. Əlinin xalqın tələbi ilə xəlifə seçilməsi də beyətlə yekunlaşıb. Beyət məsələsi Əməvilər dönəmində (661-750)  də,  Abbasilərin (750-1258)  ilk vaxtlarında da aktual məsələ kimi gündəmdə olub. Lakin danılmaz faktdır ki, bu ritual Əməvilər dövründə zorla qəbul etdirilib. Təəssüf ki, Abbasilər sülaləsi də bu xəstəlikdən xilas ola bilməyib. Həmin dövrdə imam Malik: "Zorla and içdirilənin andı gərəksizdir. Zorla arvadı boşatdırılanın arvadı azad deyil," tətvasını vermək istəsə də, fəqət Abbasilər bunu ona qadağan etdilər.

3) Xəlifənin məşvərət ilə seçilməsi Qurani-Kərimin: " ... işlərini öz aralarında məsləhət-məşvərətlə görərlər..." (Şura 38) və "... (Ya Peyğəmbər!) onlarla məsləhətləş..." (Ali- İmran 159) ayələrindən qaynaqlanır. Bu ayələrə istinad edən həz. Peyğəmbər hər hansı bir məsələ barəsində vəhy olmadığı halda səhabə ilə məsləhətləşib. Dörd Rəşidi xəlifə zamanında isə məşvərət şurası olub. Lakin Müaviyyənin hakimiyyəti kələk və silahla zəbt etməsi ilə bu şuraya beyət görüntüsü verildi. Nəticədə, hakimiyyət atadan oğula  miras yolu ilə keçdi ki, bu da məşvərət yolunun tamam ziddinədir.

(Ardı var)

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.98136210441589