Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq

Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq
 

Azərbaycanın dahi mütəfəkkirləri insanları dininə, dilinə və irqinə görə deyil, dəyərlərinə görə qiymətləndirib

Son illər dünyada baş verən bir çox hadisələr, multikulturalizmin Azərbaycan modelinin bütün dünyada təbliğinin daha aktual xarakter aldığını deməyə əsas verir. Hazırda Azərbaycan dövləti multikulturalizmi və qarşılıqlı anlaşmanı fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirir və bu istiqamətdə görülən bütün işləri dəstəkləyir.

Çünki multikulturalizmin fəaliyyət dairəsi təkcə dini, mədəni və etnik məsələləri əhatə etmir, eləcə də dünya düzənində baş verən siyasi proseslərə ciddi təsir göstərir. Bununla yanaşı, multikulturalizmin ilk növbədə mədəniyyətlərin vəhdətindən və harmoniyasından yarandığı da,  heç kimdə şübhə doğurmur. Bu istiqamətdə ölkəmizdə görülən işlər, bütün dünyanın mütərəqqi cəmiyyətləri tərəfindən yüksək qiymətləndirilir.

Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin "İslam həmrəyliyi ili", 2018-ci ilin "Cümhuriyyət ili", 2019-cu ilin isə "Nəsimi ili" elan edilməsinin özü də dövlət başçımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımıza, mənəviyyatımıza, dəyərlərimizə, milli kimliyimizə verdiyi yüksək dəyərin bariz nümunəsidir.

Məlumdur ki, Azərbaycan xalqı əsrlər boyu öz etnik kimliyinə sadiq qalaraq, onun daha da inkişaf etdirilməsinə çalışıb. Azərbaycan xalqı bu gün də bəşəriyyəti ayrı-ayrı xalqlara deyil, bütün insanlara olan sonsuz sevgisi və tolerantlığı ilə heyran edir. Xalqımız tarixin bütün dönəmlərində insanlar arasında irqinə, dininə, dilinə, dərisinin rənginə görə fərq qoymadan, onların birliyinə və vəhdətinə çalışıb. Azərbaycan xalqının tolerantlığı, başqa xalqlar və dinlərə münasibəti Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən olan Kitabi-Dədə Qorqud dastanında da öz əksini tapıb. Başqalarına qarşı dözümlülük, xalqlara və dinlərə ehtiram dahi Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığında da əsas xətt kimi özünü göstərir. Nəsimi xalqımızın bu dəyərlərini təbliğ etməklə, onun etnik mənsubiyyətini daha geniş təbliğ etməyə çalışıb. Onun yaradıcılığında bəşəriyyətə məhəbbət, müxtəlif dinlərin nümayəndələrinə, bütün insanlara sevgi açıq şəkildə özünü göstərir. Artıq 650 ildir ki, Nəsiminin təfəkkür tərzi, yaradıcılığı  Azərbaycan xalqının mənəviyyatının inkişafına xidmət edir. Onun bütün dünyaya xitabən söylədiyi "hər kim olursan ol, mən səni sevirəm," kəlamı da, insani münasibətlərin aliliyinin göstəricisidir. Şair bütün yaradıcılığında, təfəkkür tərzində, insanlara münasibətində Azərbaycan xalqının milli mənəviyyatını, dəyərlərini, düşüncələrini, insanlara olan münasibətlərini, məhəbbətini tərənnüm edib.

Prezident İlham Əliyevin Nəsiminin 650 illiyinin yüksək səviyyədə qeyd olunması və 2019-cu ilin "Nəsimi ili" elan edilməsi barədə verdiyi sərəncam da, bütün Nəsimisevərləri şairin yaradıcılığının çox ciddi şəkildə öyrənilməsi, araşdırılması və təbliğ edilməsi istiqamətində böyük işlər görməyə sövq etdi. Bu, həm də Azərbaycan xalqının mənəvi dəyərlərinin bir daha dünyada geniş təbliğinə imkan yaratdı.

İnkarediməz faktdır ki, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın qanında, dünyagörüşündə, psixologiyasında formalaşaraq inkişaf edib və bugünkü səviyyəyə çatıb. Onu da fəxrlə deyə bilərik ki, minillik tarixə malik klassik ədəbiyyat nümunələrində də biz bunlara tez-tez rast gəlirik. Azərbaycanın söz sahibləri, dahi  mütəfəkkirlərimiz özlərinin fəlsəfi düşüncələri ilə hər zaman bəşəriyyəti bütöv kimi qələmə veriblər, ayrı-ayrı xalqları, dinləri bir-birinə yaxınlaşdırıb, insanları dininə, dilinə və irqinə görə deyil, dəyərlərinə görə qiymətləndiriblər.

Müxtəlif dinlərə, xalqlara hörmət və ehtiram Nəsimi şeiriyyətində, qəzəllərində də öz əksini tapıb, əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm və təbliğ edib. Nəsimi həm də Nizaminin davamçısı olaraq onun Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları daha da inkişaf etdirməyə çalışıb, bu yolda ölümə belə gedərək fədakar şair kimi öz adını tarixə yazdırmağı bacarıb. Nəsimi həm də dahi bir söz sərrafı olaraq Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyub.

Məlumdur ki, İmadəddin Nəsimi Şamaxıda doğulub. Bəzi mənbələrdə onun əsl adının Əli olduğu bildirilir.  Atası Şirvanda Seyid Məhəmməd adı ilə tanınan insanlardan biri olub. Şamaxı o dövrdə İslamın geniş yayıldığı və iri mədəniyyət mərkəzinə çevrildiyi şəhərlərdən biri olduğuna görə, burada çoxlu məktəblər, mədrəsələr, kitabxanalar fəaliyyət göstərib. Bu da həmin dövrdə mütərəqqi fikirli insanların  formalaşmasında mühüm əhəmiyyət kəsb edib. Dövrün görkəmli alimlərindən təhsil alan Nəsiminin diqqətini həmin vaxtlarda Azərbaycanda geniş yayılan hürufilik təlimi daha çox cəlb edir. Nəsimi uzun müddət Fəzlullah Nəiminin yanında olur və öz qəzəllərində bu təlimi vəsf edir. Onun qəzəllərini oxuduqca, Nəsiminin qədim yunan fəlsəfəsini, ədəbiyyatını, islamın, yəhudiliyin və xristianlığın əsaslarını yaxşı bildiyi, hətta tibb, astronomiya, riyaziyyat və məntiq kimi elmlərə yiyələndiyi açıq görünür. Nəsimi dövrün ən yaxşı universitetlərinin verə biləcəyi kamil təhsilə malik idi və  təsadüfi deyil ki, onun yaradıcılığının əsasında da kamil insan anlayışı önəmli yer tutur. Azərbaycan, fars və ərəb dillərində mükəmməl yazıb oxuya bilməsi onun kamil bir şair kimi şöhrət qazanmasına səbəb olub. Bu da şairin divanlarının əlyazma şəklində bütün Orta Asiyada yayılmasına gətirib çıxarıb. Nəsimi öz şeirlərini müxtəlif dillərdə yazmaqla, mütərəqqi fikirlərini ayrı-ayrı xalqlar arasında yaymağa, eyni zamanda onların arasında mədəni əlaqələrin, xüsusilə kamil insanın tərənnümünə nail ola bilib.

Şairin ilkin yaradıcılığında sufizmin elementləri çox olsa da, sonralar hürufilik təlimini qəbul edir və yaradıcılığının mərkəzində insanı kamilləşdirən, öz nuruna qərq edən Allaha xüsusi diqqət ayırıb. Bununla belə, Nəsiminin şeirlərinə diqqət yetirəndə görürük ki, onun təlqin etdiyi hürufilik təlimi Fəzlullah Nəiminin təlimindən fərqlənir.

Nəsiminin şeir və qəzəllərində müxtəlif dinlərin müqəddəslərinə - İbrahimə, Musaya, Süleymana, Yaquba, İsa Məsihə, Məryəmə çox böyük ehtiram diqqəti cəlb edir. Nəsimi bütün insanlara eyni dəyəri verir, onlardakı kamillik, zənginlik kimi mənəvi amilləri üstün tutur. Xüsusilə də başqa dinlərin peyğəmbərlərinə - İsa peyğəmbərə verdiyi dəyər diqqəti çəkir:

Bu dinə məmur olmadan

Musaya həm Tur olmadan

Bu abi-əngur olmadan

Mən eşqi-məstiyəm.

Digər bir qəzəlində deyir:

İsamısan, Musamısan?

Ya Yusifi - Kənanmısan?

Vallah ki, canım canmısan,

Mən səndən üz döndərmənəm!

Nəsiminin başqa dinlərə münasibətində tolerant baxışlar bir çox qəzəllərində öz əksini tapıb. Şair, heç bir dini digərindən üstün tutmur, məscidlə kilsə arasında fərq qoymur. Onun fikrincə, hansı millətə, hansı dinə, hansı təriqətə mənsubluğundan asılı olmayaraq bütün insanlar Allah qarşısında bərabərdir, hansı dinə və harada sitayiş etməyin isə heç bir əhəmiyyəti yoxdur:

Mən münacat eylərəm hər dəmbədəm dər kuyi-dust,

Çün vücudum Tur olanda bil ki, Musası nədir?

Əhli-həq hər yerdə məskən dutsa, həqdir mənzili

Kəbəvü bütxanəvü məscid, kəlisası nədir?

Dünyanın qalü qilindən küç, Nəsimi, faqriğ ol,

Aləmi-vəhdəti gözlə, bunca qovğası nədir?

Şairin poeziyasının əsasını təşkil edən kamil insan həyatın yaradıcısı, özəyi, Yer kürəsinin əşrəfidir. Kamil insan dedikdə şair dininə və dilinə görə heç bir fərqliliklərin nəzərə alınmadığı bir bəşəri varlıq nəzərdə tutur. Bütün insanları sevmək, onları doğru yola aparmaq, cahillikdən uzaqlaşdırmaq, bərabər imkanlar yaratmaq, hamıya eyni dəyər vermək, saflaşdırmaq, Tanrıya yaxınlaşdırmaq, onları mücərrəd yerlərdə deyil, qəlbimizdə axtarmaq onun fəlsəfi ideyalarının əsasını təşki edir. Yəni  Nəsimi bəşər övladının zahiri yox, daxili aləminə dəyər verir. Onun üçün insanın hansı millətdən olmasının heç bir önəmi yoxdur. Bütün bu fikirlər bəşər övladına multikultural yanaşmanın fəlsəfi təzahürüdür:

İskəndəri zülmatə irişdirdimi döndüm,

Xızrın sifətin çeşmeyi-heyvanə yetirdim.

Həm Yusifi mən çahi-biyabanə buraxdım,

Həm atəşi mən Musayi-İmranə yetirdim.

Mən ol Musayi-İmranəm ki, daim aşiqi-Turəm,

Və leykin xeyli müddətdir cənabından ki, məhcurəm

Gərçi dəmi-Musayəm nurilə nar içində,

Həm bir ölü dirildən İsayi-möcüzatəm.

Bunu da xüsusi qeyd etmək lazımdır ki, Nəsimi irsinin xalqımızın mənəviyyat xəzinəsində layiqli yerini tutması, hələ ötən əsrin 70-ci illərində başlayıb. O dövrdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin Sovet nümayəndə heyətinin başçısı kimi Suriyaya rəsmi səfəri zamanı Hələb şəhərinə gedərək Nəsiminin məzarını ziyarət etmək istəyi bu yolun əsasını qoyub. Tarixi-mədəni irsimizə daim yüksək dəyər verən Ümummilli lider Heydər Əliyev bütün maneələri dəf edərək, öz şəxsi təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyinin YUNESKO-nun tədbirləri siyahısına daxil edilməsinə və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmasına nail ola bilib.

Bu gün bütün bu işlərin Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi varisi olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, onun xalqımızın milli dəyərlərinə münasibətinin bariz göstəricisidir.

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olanın silsilə tədbirlər həm də ölkəmizin bir çox ali təhsil ocaqlarında keçirilib.

Bu baxımdan Azərbaycan Dillər Universitetinin (ADU) multikulturalizm elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə "Hürufilik və Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları" mövzusunda seminarın keçirilməsi də, Nəsiminin multikultural və tolerant dəyərlərə nə dərəcədə yüksək ideyalarla yanaşdığını bir daha sübut edir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.020838022232056