Məmur diktaturası

Timsahın göz yaşları

 Son günlər keçmiş ( eks da yazmaq olardı ) metropoliten şefinin bəzi açıqlamaları ictimaiyyət arasında geniş müzakirələrə səbəb oldu. Əsasən də, "vicdanıma and olsun ki, dövlətin bir manatınıa da götürməmişəm" ifadəsi çox böyük rezonans doğurub. Metropoliten şefi də Şeyximiz deyil ki desin, "mən bilmirəm vicdan nədir". Buna görə də vicdanına and içib, insanları inandırmağa çalışıb. Burada qəribə nə var ki, bu gün onsuzda məmləkətimizdə pəpə deyəndən, məmə deyənə qədər hamı and içib, yalan danışır və hamı da bunu normal qəbul edir. Kişi əslində düz deyir.

Onun zamanında metopoliten böyük bir itcarət mərkəzini xatırladırdı və hörmətli Tağı müəllimin dövlət vəsaitlərinə əz uzatmağa da " ehtiyacı yox idi". Bunu müsahibəsində də etiraf edir. Çünki o dövürdə "Metropoliten talkuçkası"ndan əldə olunan gəlir, təkcə onun özünün yox, bütün əsli-nəcabətinin firavan dola-nışığının təmin olunmasına yetərdi. Mən Tağı Əhmədovun o dövürdəki fəaliyyəti barədə üzün-üzadı moizə oxumaq niyyətində deyilm. Çünki onun o dövürdəki fəaliyyəti istər ictimaiyyətə, istərsə də dövlət rəhbərliyinə yetərincə məlumdur. Belə olmasaydı, onu metropoliten "talkuçkası"ndan uzaqlaşdırmazdılar.

O ki qaldı onun keçmiş MTN denerallarına 3 milyon rüşvət verməsi məsələsinə, bu da artıq hamıya məlum olan o dövrün reallığıdır. Hansı məmur bu gün açıq etiraf edə bilər ki, o zaman qılıncının dalı da, qabağı da kəsən MTN-ə rüşvət verməyib.

Bir şeyi anlamaq lazımdır ki, haramlıq olan yerdə, rüşvət mütləq olmalıdır, çünki bunlar biri-birinə sıx bağlı anlayışlardır. Halal adamın rüşvətlə nə işi var? Ona görə də hamı bu faktı gizlətməyə çalışır.

 Dövlətdə yüksək vəzifə tutmuş Tağı Əhmədov bunu açıq etiraf edirsə, deməli cəmiyyətimiz heç də bizim fikirləşdiymiz qədər şəffaf və səmimi deyil.

Bu da ondan irəli gəlir ki, Azərbaycan cəmiyyətində əsas aparıcı güc məmurlardır. Bu məmurların ətrafında formalaşan deputat korpusu da, həmin məmurların maraqlarını qorumağa xidmət edir. Bu səbəbdən də, hər hansı bir deputatın adı çəkiləndə, onun hansı məmurun təmsilçisi olduğu xüsusi vurğulanır.

Bu da onu deməyə əsas verir ki, ölkəmizdə mövcud olan siyasi sistemin demokratiyaya heç bir aidiyyəti yoxdur və məmur diktaturası kimi xarakterizə olunmalıdır.

Yəni Azərbaycanda sövet dönəmində mövcud olan fəhlə-kəndli (diktatura proletariata) diktaturası, sadəcə olar öz yerini məmur diktaturasına verib. Sovet rejiminin çökülüşü də bundan başladı.

 Məmur diktaturasının hakim olduğu bir məmləkətdə isə istər vəzifədə olsun, istərsə də vəzifədən uzaqlaşdırılaın məmurlara "gözün üstə qaşın var" deyəcək bir güc olmur.

Buna görə də onlar vəzifədən uzaqlaşdırılsalar belə, həm yüksək maaşlı işlə, həm də yüksək pensiya ilə təmin olunurlar.

Keçmiş metropoliten şefi də etiraf edir ki, hazırda dövlətdən 3640 manat pensiya, YAP rayon təşkilatının sədri kimi 1000 manat, 1500 manat da kafedra müdiri kimi maaş alır və aylıq 6140 manat gəlirə sahibdir.

Bunu həm də elə bir vaxtda dilə gətirdi ki, ölkəmizdə minimum pensiyalar 200, minimum əmək haqqı isə cəmi 250 manatdır. İnsanların etirazına səbəb olan əsas amiil də, məhz budur. Nə üçün 3640 manat pensiya alan məmur gedib evində oturmur, hələ əlavə iki vəzifəni də zəbt edib. Burada insbətən cavan hələ pensiya almayan insanlarda çalışa bilərlər. Bu təkcə Tağı Əhmədovla bağlı məsələ deyil. Bir çox məmurlar, deputatlar yüksək pensiya təminatına baxmayaraq, həm də bir neçə vəzifə tutmaqla, gənc kadrların yolundə maneəyə çevrilirlər. 70-80 yaşında olanların deputatlıq iddiaları da buradan qaynaqlanır.

Burada belə bir sual meydana çıxır. Necə olur ki, 40-50 il istehsalatın müxtəlif sahələrində çalışan fəhlə, kolxozçu (fermer) ən yaxşı halda 300-350 manat pensiya alır, illərlə dövləti və xalqı talayaraq milyonlarla sərvət toplayan məmurlar isə 3000-5000 manat? Ölkədə bu təbəqələşmənin səbəbi nədir, yaxud bu sistemi kim yaradıb?

Mənə belə gəlir ki, bu sualın da cavabını məmur diktaturasında axtarmaq lazımdır. 

Məlumdur ki, bizdə məmurlar sadə vətəndaşlar kimi, adi mənzillərdə yaşamırlar. Onların kommunal xərcləri də, sadə vətəndaşların xərclərindən 10, 20 dəfə çoxdur.

Çünki 2-3-4 mərtəbəli villanı, onun hövuzlarını, çoxsaylı otaqlarını qızdırmaq, soyutmaq, işıqlandırmaq və s. üçün küllü miqdardə qaz və elektrik enerjisi lazımdır.

Belə baxanda dövlət öz məmurunu işdən çıxan kimi küçəyə ata bilməz ki, onların da qayğısına qalmaq lazımdır.

Bu məsələnin həlli o dövürdə DSMF-nin (Dövlətlilərin Sosial Müdafiəsi Fondu) rəhbəri,  "dünya şöhrətli" iqtisadçı-alim Səlim Müslümova tapşırıldı. O da, elə bir sosial müdafiə sistemi yaratdı ki, dünya məəttəl qaldı, milyonçu məmur-pensiyaçılar daha da varlandı, kasıb əhali isə dilənçi vəziyyətinə düşdü.

Artıq bir neçə ildir ki, dövlət başçımızın xüsusi tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ədalətsizliyi aradan qaldırmağa çalışır, heyhat çifayda...

Bu gün Azərbaycanda pensiya, sosial təminat, sosial müavinət sisteminin hansı kriteriyalarla fəaliyyət göstərdiyini heç bu sistemdə çalışınlar da bilmir. Yəni qələbə ölkənin bütün sferalarında çalışan əməkci insanların deyil, vəzifələri bu insanlara xidmət olan məmurlara məxsusdur. Ölkədə məmur diktaturasına son qoymağın bir yolu var. Prezident İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, cinayət törədən hər kəs, kimliyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırılmalıdır.

Nə qədər ki, talançı və soyğunçu mamurlar öz əməllərinə adekvat cəza almayıblar, ölkədə məmur diktaturası davam edəcək.

Tağı Əhmədov kimi məmurların boğazdan yuxarı çıxışları isə sadəcə olaraq bu cəzadan kənarda qalmaq üçün atılan addımdır.

Ancaq necə deyərlər, "Moskva göz yaşların inanmır". Bu gün göz yaşı tökən məmurların göz yaşları, qurbanını həzmi-rabedən keçirib xoşhallanan timsahın göz yaşlarını xatırladar.

Ancaq öz aramızdır, onlar da yaşamaq istəyirlər axı.

Mən heç kimin, hətta düşmənimin belə, həbsə atılmasının tərafdarı deyiləm. Hesab edirəm ki, qazamat heç də bizim təsəvvür etdiyimiz kimi, insanı pis əməllərdən islah etmir, tam əksinə...

Ancaq cəzalandırmaq,  haram yolla xalqdan, dövlətdən taladıqlarını əllərindən almaq olar. Qoy onlar da, sadə insanlar kimi yaşamağın nə olduğunu bilsinlər. Çünki çıxdıqlar çanağı artıq çoxdan yadlarından çıxarıblar. Onlara 3000-5000 manat yox, minimum pensiya verilməlidir ki, onunla yaşamağın nə olduğunu dərk etsinlər. Həm də onların yerinə gələnlər görsünlər ki, haramçılığın, soyğunçuluğun sonu necə olur. Bu gün isə bunun tam əksini görürük, soy, tala sonra da get, yüksək pensiya ilə kef elə!

Məhz buna görə də, hazırda həbsdə olan keçmiş MTN generalları müxtəlif yollarla əldə etdikləri sərvətlərini geri qaytamaq üçün iddialar belə, qaldırmağa cəsarət edirlər. Niyə?

Çünki məmur diktaturasının hökum sürdüyü bu məmləkətdə məmurlara və onalın əməllərinə münasibət çox loyaldır. Həmin məmurlardan bir soruşan yoxdur ki, bu sərvəti hansı yolla əldə etmisiniz?

Əlqərəz, deyirlər ki, sovet rejiminin ən qəddar diktatoru kimi tanınan İosif Salin ölkədə məmur özbaşınalığının, rüşvətin və korrupsiyanın qarşısını almaq üçün yeni qəbirstanlıqların yaradılması göstərişini verib. Bunun da az bir zaman kəsimində müsbət nəticələri olub. Müasir dövrümüzdə isə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə üçün küllü miqdarda dövlət vəsaiti xərclənir və heç bir səmərəsi yox... Düşünməyə dəyər məncə.

 Yusif Seyid

0.23389983177185