Oqtay Əsədovdan inanılmaz islahat - striptiz - klub, quş biznesi...

Oqtay Əsədovun spikerlik yolunda bütün azman daşlar təmizlənir, 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputat təyinatı üçün əngəllər aradan qaldırılır. Yəni, çəkilin Əsədov gəlir...

O Əsədov ki əzəmətli bir rəqiblə toqquşmaqdan çəkindi - Zahir Əzəmətin namizədliyi belə qeydə alınmadı. Yaxşı bilirdilər ki, daş qayaya rast gəlib…

Sonra gedişatın ciddiyyəti hansı müstəviyə qalxdısa, Oqtay Əsədov “facebook” sosial mediasına gəlməli oldu, profil hesabı açdı. Nədən duyuq düşdüyü anlaşılmadı.

Lakin aşkar seçki keçirilsəydi, cənab Əsədovun bu dairədən deputat seçilməyəcəyi şəkk-şübhə doğurmurdu.

Bu ərazidə yaşayan yazar Aysel Əlizadə də qeyd eləmişdi ki, Əsədov əvvəl də deputat olub, nə üzünü görmüşük, nə səsini eşitmişik.

Görməzsiniz, çünki Oqtay Əsədov seçicinin yox, siyasi hakimiyyətin səsini almış deputatdır. Bu dəfə də belə olacaq, spiker sədarətinə qalxacaq.

Buna Milli Məclisin özünü buraxması yox, rekonstruksiya olunması demək lazımdır. İslahatlar onu tələb edirdi ki, parlament 75-80 faiz təzələnsin.

Oqtay Əsədov böyük biznes səltənətinə malik məmurdur. Onun əlaqələri Moskvaya uzanır.

Yadınızdadırsa, Moskvadakı Bakı küçəsi, 29 ünvanında yerləşən “Kapriz” adlı gecə klubunun onun xanımı Zemfira Əsədovaya aid olduğu üzə çıxmışdı.

Həmin obyektdə keçirilən əməliyyat zamanı polis narkotik istifadəçilərini həbs eləmişdi. Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da ( “Zəfər Palas”) yerləşir.

Xəbərə görə, “Triumph Palace” və ya “Triumf Palas” deyilən yer Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir.

Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir.

Avropanın bu ən hündür yaşayış kompleksindən əlimizdə bəzi sənədlər var. Bu sənədlər təsdiq edir ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada iki lüks mənzilin sahibidir.

Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər. Əsədovlar Rusiyada böyük biznes imperiyası qurublar:

“Taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz klublar və saunalar, restoranları var. Rusiya ilə yanaşı Əsədovların Türkiyədə, Avropanın bir necə ölkələrində milyonluq mülk və biznesləri var.

Habelə, Türkiyədə quşların və heyvanların satışı ilə məşğul olan bir neçə ferma açıblar. 12 hektarlıq ərazini tutan fermada bahalı ekzotik quşlar bəslənir ki, onların qiymətləri də hardasa 900-1000 dollar arasında dəyişir.

Məsələn, təklif edilən Miro quşlarının, Türk taklası quşlarının qiyməti təxminən 900 dollardır.

İstanbuldan gələn məlumata görə quşxanada minə yaxın belə qiymətli quş bəslənir. Satışa çıxarılan mallar arasında quşlarla yanaşı, digər ev heyvanları da var.

Xatırladaq ki, Oqtay Əsədov uzun müddət "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti postunda çalışıb. O, bu vəzifədə çalışdığı illərdə ildən-ilə həm kapitalını, həm də biznes infrastrukturunu xeyli genişləndirib.

Bu şəbkəyə şadlıq evləri, restoranlar və çoxsaylı biznes obyektləri daxildir ki, onun idarəçiliyi ilə qohum-əqraba, yaxın dostlar məşğul olur. Bunlardan biri "Badi-Səba" şadlıq evidir. Onun adı həm də mandatı ləğv edilən Rafael Cəbrayılovdan 3 milyon almaqda keçirdi.

Sözün qısası, islahatlar gedirsə, Oqtay Əsədov yenidən deputat olmamalıdır.

Mənbə Anaxeber.info

0.39710593223572