Roma hüququ vicdanı inkar etmək üçün yaradılmışdı

Aqşin Yenisey yazır...

Yaşadığımız texnologiyalar dövrünün növbəti yəhudi “peyğəmbəri” adlandırdığım Yuval Harari “Home Deus” kitabında yazır ki, genetika elmi insanın gələcək sağlamlığını, neçə il yaşaya biləcəyi, hətta hansı tarixdə öləcəyi ehtimallarını ana bətnindəcə DNT üzərində apardığı əməliyyatlarla dəqiqləşdirməyə başlayandan sonra indiki mənəvi dəyərlərin bir çoxu öz əhəmiyyətini əhəmiyyətli dərəcədə itirəcək. Məsələn, tale, bəxt kimi anlayışlar gələcəyin qəbilə şairlərinin şeirlərinə qafiyə olacaq. Daha sonra sıradan çıxan dəyərlərdən biri ailə olacaq. 150 illik ömürdə heç kim bir-birinin qədrini acı bağırsaq kimi dartıb uzatmaq əzabına dözə bilməyəcək. 

Ümumiyyətlə, humanitar fikirlər gələcəyi həmişə bir ehtimal kimi nəzərdən keçirir. Hararinin öngörməsi insani, humanitar bir ehtimaldır. Uzunömürlülərin çağında, bəlkə də, bizim ehtimalların tərsi olacaq. Bu gün yaşadığımız, özümüzlə eyniləşdirdiyimiz, inandığımız dəyərlərin, demək olar ki, hamısı bizim haqqımızda daha öncəki dövrlərin baş tutmuş ehtimallarıdır.  

Tarixdə əsl İsanın edamına qədər iyirmiyə yaxının İsanın çarmıxa çəkildiyi faktı var.

Bu, o deməkdir ki, miladını qeyd etdiyimiz İsa peyğəmbər, sadəcə, baş tutmuş İsa ehtimalıdır. O biri iyirmi İsa ehtimal olaraq baş tutmayıb. 

Bu gün inkişaf etmiş dünya süni zəka haqqında müzakirələr aparır. Özündən daha ağıllı bir növ yaratmaq istəyir. İlk baxışda humanist bir proqram kimi hər kəsə maraqlı gəlir. Amma dünya tarixində bütün humanitar kəşflər müharibələr zamanı, ya da onların başlaya biləcəyi ehtimalının yarandığı vaxt gerçəkləşməş ideyalardır. Bu gün həyatımızı rahatlaşdıran, az qala, hər şey keçmiş müharibələrin yaradıcılığıdır. 

Bu gün daha çox ailə ortamlarında reklamları çəkilən və rejissorun hər kəsi kadrda çayı içərkən gülümsəməyə məcbur etdiyi ipli çay belə Birinci Dünya müharibəsinin kəşfidir. Əslində, süni zəkaların süni əsgərlər olmaq ehtimalı onların süni, tutalım, süpürgəçilər olmaq ehtimalıdan daha çoxdur. Çünki sünə zəka layihəsinə xərclənən pul öz mayası ilə yanaşı, həm də qazanc gətirməlidir. Qazancın isə qlobal yolu müharibələrdən keçir. 

Süni zəka çox güman kafelərdə qarson işləyənə qədər 20-30 milyon təbii zəka sahibini öldürəcək. Çünki o imperialist məqsədlər güdən ölkələrin yaradıcılıq sahəsinə daxildir. Belə məqsədlərə gücü yetməyən ölkələr hər şeyin, türklər demiş, “orqanik” olanına tapınırlar, o cümlədən zəkanın da.  

Süni zəkanın hərbi yaradıcılıq ola biləcəyi də bir ehtimaldır. 

Gəlirəm sözümün canına. Biz hələ də humanitar ehtimalların əkinçililk dövründə baş tutanları ilə yaşayırıq. Sosial şəbəkədə elə adam yoxdur ki, özü haqqında, ən azı, bir dəfə “qeyrətsiz”, yaxud “vicdansız” və “şərəfsiz” deyə aşağılayıcı bir ifadə oxumasın. Həm də deputatlığa namizədlərin seçicilərin sayından, az qala, çox olduğu günümüzdə. 

Biz hələ də on min əvvəlin əkinçilik şüurunun qalığı olan dəyərlərə sarılmışıq və elə bir dövrdə ki, az qala, hər gün televizorda, sayt xəbərlərində bizdən 12-13 min km uzaqda yerləşən bir qitədə kimlərinsə yerdən 74 milyon kilometr uzaqda, Marsda yaşamağa hazırlaşdığını göstərirlər.

Marsda yaşamaq da bir ehtimaldır! Necə ki, Kolumbun səyahəti də bir ehtimal idi.

Dünya insanı belə bir makrokosmik ehtimallarla uğraşdığı dövrdə bizim ehtimala baxın, insanın mütləq vicdanı, qeyrəti olmalıdır! Bu da bizim milli insani ehtimalımızdır! Bəlkə, vicdanı, qeyrəti yox, biliyi, peşəkarlığı olmalıdır? Bəlkə, biz biliyin, peşəkarlığın yerinə vicdanı, qeyrəti qoyduğumuz üçün alındıra bilmirik, 150 ildir!

Babam çox qeyrətli kişidir, amma barıtın icadından hələ də xəbəri yoxdur. Hitler atom enerjisi ilə işləyən sualtı qayıqlarla dünya okeanında ağalıq etdiyi dövrlərdə biz tərəflərdə belə bir hadisə olub. Bir kişinin qardaşının cəbhədən “qara kağızı” gəlir. Bu adam “qara kağızın” nə olduğunu bilmir. Axırda hərbi komissar buna başa salır ki, bəs uzaqda Hitler adlı bir adam var, o vurub sənin qardaşını xosunvay eləyib. Cin vurur kişinin təpəsinə, dördqanad yabanı götürüb yollanır Hitlerdən qisas almağa.

Təxminən, qeyrət belə bir şeydir: dördqanad yaba ilə atom enerjisi ilə işləyən sualtı qayığın üstünə cummaq!  

Bu da bir ehtimaldır, amma bəri başdan baş tutmayacağı dəqiq olan ehtimaldır!

Gəlin, bir cümlədə deyim sizə vicdan nədir? Hüququn, məhkəmənin, yəni ictimai mühakimənin olmadığı çağlarda onu əvəz edən şəxsi mühakimə. Bu günə qədər hüquq elminin əsasını təşkil edən Roma hüququ məhz şəxsi vicdanın əleyhinə yaradılmışdı. Hüququn, məhkəmənin işlədiyi cəmiyyətdə kiminsə vicdanına nə gərək var axı? Statistikaya və Rasselə görə, bu gün ən çox əxlaqsızlıq “namus”, “qeyrət” kimi arxaik anlayışlara söykənən cəmiyyətlərdə baş verir. Hansı ölkədə ki, vicdan anlayışı qanun anlayışından üstündür, dünyanın ən böyük vicdansızları o ölkələrdə yaşayır. 

Ərəblər bizim topraqlara bu dəfə turist kimi gələnə qədər heç kim küçə əxlaqımızın bu qədər “gecəqondu” olduğunu təsəvvür belə etmirdi. Yəni sən demə, bizim ən böyük ehtimalımız olan, vicdan, namus, qeyrət kimi dəyərlər özümüz üçün uydurduğumuz illüziyalar imiş. Beş-altı tumançaq ərəb gəlib o illüziyanı dağıtdı. Kaş ki vaxtında özümüz öz illüziyalarımızı dağıdardıq. 

Yuval Harari bir yəhudi olaraq yəhudiliyin ehtimallarını dağıdır. Yəhudi keçmişinə qarşı yəhudi gələcəyini qoyur. İnsanlıq özünün növbəti başlanğıcının necəliyini yenə bir yəhudinin ağzından eşidir. Biz hələ keçmiş yəhudiliyin halal-haram qarşıdurması ilə məşğuluq. O gün bir möhtərəm mübahisə edir ki, Quranda içki haram buyrulub. Soruşuram niyə? Hədis danışır. 

Halbuki içki ilk dəfə Quranda müsəlmanlara yox, Tövratda yəhudilərə haram buyrulub.

Yəhudilərin “Müqəddəs kitab”ını araşdıran Karen Armstronq “Tanrının tarixi” kitabında yazır ki, yəhudilər vəd edilmiş Fələstin torpaqlarına yerləşəndən sonra baxdılar ki, onları daim müharibəyə səsləyən allahları Yahovadan fərqli olaraq Fələstin qəbilələrinin kef, eyş-işrət allahları var. Yahovanı unudub Fələstinin çal-çağır allahlarına inanmağa başladılar və Armstronq “Müqəddəs Kitab”a istinadən yazır ki, bundan qəzəblənən Yahova öz yəhudi peyğəmbərlərinin birinə şikayətlənərək İsrail xalqını “ərinə xəyanət edən pozğun qadın”la müqayisə etdi və onları sürgünlə hədələdi. 

Yəni içki, musiqi, əyləncə yəhudini inancından sapdıran bir pozğunluq kimi islama iudaizmdən ötürülüb. Buna baxmayaraq, islamın ilk qurucuları olan əməvilərin sarayları eyş-işrət mərkəzləri idilər. Saymon Montofiero “Yerusəlim” kitabında çiynində həmişə meymun, əlində badə gəzdirən Yezidin sarayda kef-damaq içində ömür sürdüyünü və biz şiələrin lənətinə layiq olacaq dərəcədə qəddar, zalım bir adam olmadığını çox bədii təsvirlərlə qeyd edir. 
Harari baş tutmuş yəhudi ehtimalının, yəni Tövratın gələcəyin kitabı ola bilməyəcəyini deyir.

Məsələn, gələcəkdə iki deyil, üçvalideynli, bəlkə də, dörd, beş valideynli uşaqların yaradılacağı ehtimalını irəli sürür. Hətta 2000-ci ildə Miçiqan Universitetində üçvalideynli turp kimi sağlam bir körpənin yaradıldığını yazır “Homo Deus”da. Zəburun valideynlərin müqəddəsliyi haqqında dedikləri nə olacaq? Beş valideynin irsini daşıyan adam üçün “Adəm və Həvva” mifi hansı mənanı daşıyacaq? 

Bu yazını yazmaqla milli ehtimallarımızı nəzərdən keçirməkdə fayda olduğunu düşündüm. Heç olmasa, bundan sonrakı ehtimallarımız gələcəyimizi süsləyən illüziyalar olmasın...

1.1989870071411