İflasa məhkum sosial layihələr

Halva -halva deməklə, ağız şirin olmur

 Mən dəfələrlə demişəm, canım məmləkətim Azərbaycanın dünyada analoqu yoxdur. İstər siyasi, istər iqtisadi, istərsə də mənəvi və sosial baxımdan. Bu gün sizlərə ölkəmizdəki sosial ədalətsizlikdən danışacağam, çox qısa. Çünki hamınızın bildiyi bir şey barədə möizə oxumağın heç bir əhəmiyyəti yoxdur.

Bəri başdan qeyd edim ki, dünyada yaranan bütün sosial narazılıqların köküdə ədalətsizlik durur. Bu, tarixin bütün dönəmlərində belə olub, bu gün də, beləcə davam edir. Məsələn, bəylərin, xanların dönəmində onlar naz-nemət içində yaşadıqları halda, bu naz-nemətləri yaradan əməkçi insanlar yarıac-yarıtox güzəran keçiriblər. Bu ədalətsizliyə müqavimət göstərməyə cəhd edənlər isə həm mənəvi, həm də fiziki məhvə məhkum olublar.

Lakin bəzən belə halların səngidiyi, müəyyən dərəcədə sosial ədalətin bərqərar olduğu dönəmlər də olub, tarixdə.

Bu gün sizə yenə də bəyənmədiyimiz, sökülməsi, dağılması üçün bu sətirlərin müəllifinin də aktiv mübarizə apardığı sovet rejiminin sosial ədalət prinsiplərinə münasibətini xatırlatmaq zorundayam. Və bu da səbəbsiz deyil.

Bildiyiniz kimi, müstəqilliyinin ilk illərindən Azərbaycan hökuməti ölkədə insanların sosial rifahının, həyat və yaşam səviyyəsinin yüksəldilməsi istiqamətində böyük işlər görüb və proses bu gün də davam edir. Ölkə əhalisinin sosial rifahının yüksəlişi Prezident İlham Əliyevin də daim diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə bu istiqamətdə gördüyü işlərin isə misli- bərabəri yoxdur. Mehriban xanım, məhz bu fəaliyyətinə görə ölkəmizdə haqqı pozulan hər kəsin himayədarı kimi tanınır.

Lakin təəssüflər olsun ki, həm Prezidentin, həm də Mehriban xanım Əliyevanın etimad göstərdiyi məmurlar, bir çox hallarda bu etimadı doğrulda bilmədilər və özlərinin çirkin əməlləri ilə onların da fəaliyyətlərinə kölgə salmağa çalışdılar. Necə deyərlər, "xalqın gözü tərəzidir," hər şeyi görür və düzgün qiymətləndirməyi bacarır.  

 Məlumdur ki, ölkəmizin ən ağır problemlərindən biri olan işsizlik, artıq qismən aradan qaldırılıb. Ölkəmizin iqtisadi inkişafı bu problemin aradan qaldırılmasında əsas rol oynayır. Bununla da ölkəmiz regionda həm iqtisadi, həm hərbi, həm də sosial cəhətdən ən güclü dövlətə çevrildi.  

Son bir neçə ildə isə əsas diqqət əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib. Bu istiqamətdə mühüm layihələrin icrasınıa start verilib.

Belə layihələrdən biri də, əhalinin aztəminatlı hissəsinin mənzil probleminin həllinə istiqamətlənən "sosial evlər" layihəsi idi.  Təəssüf ki, bu layihə müxtəlif səbəblərdən demək olar ki, iflasa uğradı. Çünki bu evlər üçün tələb olunan kredit məbləği və digər şərtlər ölkənin aztəminatlı əhalisinin qazancları ilə uzlaşmadı. Bu evlər üçün ayda 400- 450 manat ödəmək minimum əməkhaqqı, yaxud sosial yardım alan insanların imkanları xaricindədir. Buna görə də, bu qrupdan olan insanların mənzil probleminin həlli üçün evlərin həmin şəxslərə kirayə verilməsi kimi bir təklif irəli sürüldü. Bu təklifin reallaşdırılması üçün İpoteka və Kredit Zəmanət Fondu adında bir qurum yaradıldı. Bu da insanlarda böyük ümidlər yaratdı ki, nəhayət, onların mənzil problemi tezliklə həll olunacaq. Amma və lakin...

Bir neçə gün əvvəl məlum oldu ki, bu layihə də həyata keçirilmədən iflasa uğrayıb. Yayılan məlumatlara görə, həmin Fondun təklif etdiyi evlər üçün tələb olunan məbləğ o qədər yüksəkdir ki, onu nəinki gənclər və aztəminatlı ailələr, heç orta təminatlı insanlar belə, ödəmək iqtidarında deyil.

Məlumdur ki, respublikamızda minimum əməkhaqqı 250 manat, orta əmək haqqı isə təxminən 600-700 manat civarındadır. Bu gün kirayə üçün təklif olunan evlərin aylıq ödənişi isə təxminən 450 manat təşkil edir. Bura ən azından 100 manat da aylıq kommunal xərcləri əlavə etsək, belə çıxır ki, aylıq gəliri 1000 manat olan bir vətəndaş üçün də, bu kreditləri ödəmək böyük çətinliklər yaradacaq. Digər tərəfdən aylıq qazancı ilə ailəsini zorla dolandıran bir vətəndaş ilkin ödəniş kimi, bir illik kirayə haqqını əvvəlcədən necə ödəməlidir?

Bəzən belə deyirlər ki, bütün dünya kreditlə yaşayır. Razıyam!

Dünyanın inkişaf etmiş ölkələrində belə, insanların böyük əksəriyyətinin şəxsi mənzilləri yoxdur və kirayədə yaşayırlar. Onu da diqqətinizə çatdırım ki, həmin ölkələrdə tam təminatlı mənzilin kirayəsinə vətəndaş ən pis halda gəlirinin 15-20-25 faizini xərcləyir.

Bu günlərdə Türkiyənin İstambul şəhərində yaşayan bir tanışımla bu bar də söhbət etdik. Evimdə qonaq olan müsafirimin birinci sualı bu oldu ki, bu mənzil kirayəmi, öz mənzilinmi. Qonağımın sözündən belə anlaşıldı ki, İstambulda əhalinin demək olar ki, 70-80 faizi kirayədə yaşayır. Türkiyənin başqa yerlərindən fərqli olaraq İstambulda kirayə haqqı da çox yüksəkdir. Bununla belə, insanların gəlirinin 50 faizindən yuxarı keçmir.

Başqa şahərlərdə isə eyni dərəcəli evləri 2 dəfə ucuz tapmaq olar. Yəni aylıq gəlirin 20-25 faizini ödəməklə tam yararlı bir mənzili kirayələyə bilərsən.

 Azərbaycanda isə belə çıxır ki, bir mənzilin kirayəsi üçün qazancının hamısın verməlisən.   Bunun özü də, sosial ədalətsizlikdən irəli gəlir. Necə olur ki, ölkədə ildə yüzlərlə, minlərlə mənzil tikilir, eyni zamanda yüzminlərlə insan evsiz-eşiksiz yaşayır?

Şəxsi müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, bu gün ölkəmizin paytaxtında yüzminlərlə mənzil var ki, illərdir boş qalıb. Həmin mənzillərin kimlərə məxsusluğu da çoxlarına məlumdur. Ən azından onlara sənəd verən Dövlət Əmlak Komitəsi bunu dəqiqliklə bilir.

Necə olub ki, bir məmləkətdə yaşayan insanlar arasında bu qədər təbəqələşmə yaranıb? Birinin 10, hətta 100 mənzili var, bir bişqası isə ailəsinə bir mənzil ala bilmir?

Sovet dönəmində bizə deyilən" vəhşi kapitalizm" bax, budur. Buradakı qanunlar sözün bütün mənalarında insanın-insan (zəifin-güclü) tərfindən istismarına xidmət edir. Dövlət idarəçiliyində təmsil olunan bir "xalqın nökəri"(sluqa naroda) əlindəki imkan və səlahiyyətlərindən sui-istifadə edərək, milyonlara sahib olur. Ətrafındakı insanları dilənçi kökündə yaşamağa məhkum edir və bunu bütün tribunalardan sosial ədalət kimi xalqa sırımağa çalışır.

Yuxarıda sizə anons verdim ki, bu yazıda sovet rejimində ("xalqlar həbsxanası" kimi təqdim olunan bir rejimdə) sosial ədalət prinsiplərinə necə yanaşmasından söz açacağam. Ola bilər ki, kimlərsə bunu nostalji hisslərdən doğan bir yanaşma kimi qəbul etsin. Sadəcə olaraq, mövcud vəhşi kapitalizmdən fərqli olaraq, "proletariatın diktaturası"nda insanlara münasibət daha ədalətli idi. Bununla razılaşmayan və müxtəlif arqumentlər və faktlar gətirənlər də olacaq, qoy olsun. Bütün mənfi cəhətləri ilə belə, sovet rejimində sosial ədalət prinsipi daha dolğun şəkildə qorunurdu. Bu bir nümunədir və çox müsbət bir nümunə. Əgər bu prinsiplər ağılla həyata keçirilsəydi, bir çox problemlərin həllinə nail ola bilərdik, o cümlədən insanların mənzil problemini çoxdan həll etmişdik.

Onu da diqqətinizə çatdırım ki, o dövrdə şəhərdə yaşamağın, burada mənzil sahibi olmağın müəyyən kriteriyaları var idi. Kim istəsə gəlib şəhərdə ev alıb yaşaya bilməzdi.  Ən azından 5 il şəhərdə yaşayan, burada daimi iş yeri olan birisi mənzil növbəsinə düşmək hüququ qazanırdı və dövlətdən heç bir təmənnasız növbəlilik yolu ilə mənzil kirayə alırdı. Sovet rejimi heç kimə ev bağışlamayıb, heç kimi də evsiz-eşiksiz qoymayıb. Bunu kim deyir, yalan deyir. Burada sosial ədalət prinsipləri hər şeydən üstün tutulub.

Məsələn, evin kirayə haqqı minimum əmək haqqının 10 faizindən çox ola bilməzdi. Səni heç bir səbəb olmadan evdən çıxara bilməzdilər. Evi kirayələyən şəxs vəfat edərsə, ev həmin mənzildə yaşayan başqa birisinin adına keçirdi. Bu evlər dövlət mənzil fonduna aid olduğu üçün bütün təmir işlərini də dövlət həyata keçirirdi. Əmək və müharibə veteranları, onlara bərəbər tutulan şəxslər isə ümumiyyətlə, kirayə haqqından azad idilər, yaxud onun cüzi bir hissəsini ödəyirdi.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycan dövlətinin iqtisadi gücü çatar ki, belə bir sistemi tətbiq etsin (bunun üçün sadəcə olaraq talançı və quldur, gözü doymaz məmurlar çetesindən bu məmləkəti xilas etmək lazımdır). Yəni Dövlət Ehtiyat Fonduna yığılan vəsaitlərin müəyyən bir hissəsini xərcləməklə, sözün həqiqi mənasında sosial evlər tikmək olar. Həmin evləri də sosial müavinət alan aztəminatlı ailələrə, əmək və müharibə veteranlarına, yeni ailə quran gənclərə minimum əmək haqqının, yaxud minimum pensiyanın 10-15 faizi miqdarında pula kirayə vermək olar. Burada istisna kimi kommunal xərclərin də kirayəçi tərəfindən ödənilməsi mümkündür. Yəni 250 manat minimum əmək haqqı alan vətəndaş təxminən 25 manat kirayə haqqı və 50 manat kommunal xərclər üçün ödəyir. Yerdə qalan 175 manat isə onun istehlak səbətini təmin edir.

Bu gün təklif olunan kredit və sosial evlər layihələrinin isə təəssüf ki, heç bir sosiallığı yoxdur. Bu, əslində dövlətin adından istifadə edən müəyyən qrup məmurların varlanmasını təmin edir. Yəni dövlətin humanist addım kimi həyata keçirmək istədiyi sosial layihələr məmurların biznes sahəsinə çevrilir. Bir sözlə, "nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım".

Ancaq bu insanlar anlamaq istəmirlər ki, "halva-halva deməklə, ağız şirin olmur". Sosial layihələr, əslində əhalinin sosiala vəziyyətinin yaxşılaşdırılmasına xidmət etməlidir, quldur və talançı məmurların varlanmasına yox.

Və sonda onu da qeyd edim ki, Prezident İlham Əliyevin son çıxışları, eləcə də həyata keçirdiyi kadr islahatları insanlarda ümid yaradır ki, artıq ölkəmizdə müsbət dəyişikliklər zamanı yetişib. Dövlət talançı, korrupsioner məmurların quldur caynağından qurtulmaq üzrədir. Bu proses davam etdikcə, müsbət tendensiyanı həyatımızın bütün sahələrində hiss edəcəyik.

Ən əsası odur ki, ümidlər qırılmasın. Ümidlər qırılan yerdə faciələr başlayır. Allah bizi qorusun! Allah Vətənimizi qorusun!

 Yusif Seyid

0.84541010856628