Sabirabadda dializ xəstələri kütləvi zəhərlənib

"Xəstələr dializdən çıxıb evlərinə gediblər, sonra vəziyyətləri ağırlaşıb"


Bu gün Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində dializ alan xəstələr kütləvi zəhərlənib. AYNA.az-a bu barədə Saatlı rayon sakini Vüqar Ağakişiyev məlumat verib.

“Mən 8 ildir dializ xəstələrini evlərindən xəstəxanaya aparıb-gətirirəm. Əvvəllər Saatlıdan Şirvana aparırdım, indi isə Sabirabad Rayon Xəstəxanasına aparıb-gətirirəm. Bu gün də səhər saat 8:00-da xəstəxanaya apardım. Saat 12:00-da geri qaytaranda vəziyyətləri yaxşı deyildi. Sonra evdə daha da ağırlaşıblar və qohumları xətəxanaya aparıb. Hazırda xəstələr Sabirabad Rayon Xəstəxanasının reanimasiya şöbəsindədirlər”,- deyə o bildirib.

Xəbəri hazırda Sabirabad Rayon Mərkəzi Xəstəxanasında olan dializ xəstələrinin yaxınları da təsdiq etdilər. Dializ xəstəsi Əlmədət Ağayevin qardaşı Səbuhi Ağayev AYNA.az-a açıqlamasında bildirdi ki, zəhərlənmiş xəstələrə hələ də tibbi yardım göstərilir: “Xəstələr dializdən çıxıb evə gediblər, evdə vəziyyətləri ağırlaşıb. Qardaşım həftədə 3 dəfə dializə gəlir, bu gün dializdən qayıdandan sonra əsmə, üşütmə başladı, bədəni ağac kimi qurudu, sanki ölüsünü götürüb xəstəxanaya gətirmişik. Saat 1-dən burdayıq, reanimasiyada dəva-dərman edirlər, sistem köçürürlər”.

S.Ağayevin sözlərinə görə, zəhərlənmənin səbəbi və ya səbəbləri barədə məlumatsızdırlar: “Bizə deyilənə görə, hələ həkimlər özləri də zəhərlənmənin hansı səbəbdən baş verdiyini bilmirlər, guya araşdırırlar. Dializ həkiminin özü də xəstəxanadadır, amma heç nə demir. Ümumiyyətlə xəstələrin vəziyyəti barədə məlumatsızıq. Həkimlər dəqiq bir söz demir, elə deyirlər ki, “gözləyin, yaxşı olacaq””.

S.Ağayev onu da qeyd edib ki, hazırda reanimasiyada qardaşı ilə eyni vaxtda zəhərlənmiş dörd xəstə var.

Hadisə ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından məlumat almağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə hadisə barədə arşadırma apararaq ətraflı məlumat verəcəklərini bildirdi.

Mənbə AYNA.az

0.46758794784546