26 il sonra nəşi məzardan çıxarılan şəhid xanımı: “Axı mən onu bu müddətdə sağ bilirdim” - FOTO

 

 

“Onun ölüm xəbərini internetdə oxudum”.

Bunu “Qaynarinfo”ya açıqlamasında şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun həyat yoldaşı Məlahət İbrahimova deyib.

Onun sözlərinə görə, bu müddət ərzində onlar Vəliəddin İbrahimovu itkin biliblər:

“Vəliəddin itkin düşmüşdü. Biz onu axtarırdıq. İnanırdım ki, Vəliəddin sağdır. Ümid edirdim, düşünürdüm ki, nə vaxtsa qapımızı döyəcək. Allahın qədəri belə oldu. Mən onu sağ gözləyərkən ölüm xəbərini aldım. Bir gün axşam evdə tək idim. İnternetdə nəsə axtarırdım.

Birdən baxdım ki, naməlum şəhidlərin fotoları... Biri diqqətimi çəkdi, yaxınlaşdıranda baxdım ki, qonşumuz Tərlan. Vəliəddin də onunla getmişdi. Sonra birdən fotoların arasında Vəliəddini gördüm. O anda ev başıma yıxıldı. Axı mən onu bu müddətdə sağ bilirdim”.

Məlahət İbrahimov qeyd edib ki, ailə səhəri bir başa İmişli qəbiristanlığına yollanıb: 

“Əlaqədar qurumlara müraciət etdim. Qardaşlarından və qızından analiz götürüldü. Təsdiqləndi ki, bu naməlum şəhid Vəliəddindi. Onun ölüm xəbərini alan günə kimi hər gecə yuxuma gəlirdi. Elə bir geçə yox idi ki, yuxuma gəlməsin. Amma ölüm xəbəri çıxandan sonra yuxularımdan çəkilib”.

Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. 

Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb. Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. 

Açılan məzardan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun Azərbaycan Bayrağına bürünmüş tabutu Yevlax rayonuna yola salınıb və bu gün 15:00-da Yevlax şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. 

0.18540406227112