Avtobus - Metrobus - Elektrobus!

Şəhər nəqliyyatı pulsuz olsun?

 Azərbaycanda hələ də ölkə paytaxtının ümumi nəqliyyat axınındakı problemlər, o cümlədən, ictimai nəqliyyatdakı problemlər ciddiliyi ilə qarşıda durmaqdadır. Bakının müxtəlif ərazilərində gün ərzində mütəmadi tıxacların yaranması həm ümumilikdə şəhər nəqliyyatının, həm də ictimai nəqliyyatın hərəkətini iflic vəziyyətə salır. Hər gün təkrarlanan bu hal sürücülərin əsəblərini korlayır ki, bu da şəhərin daxili yollarında vaxtaşırı qəzaların törədilməsinə gətirib çıxarır. Ona görə də bu problemin həlli hökumətin qarşısında duran əsas vəzifələrdən biridir. Bu mövzuda müxtəlif səpkili yazılarımız olub, lakin problemin ciddiliyini nəzərə alaraq təkrar bu problemə diqqət çəkməyi vacib saydıq.

İndiyə qədər sözügedən problemin həlli istiqamətində yalnız şəhər nəqliyyatının intellektual idarəetmə sistemi ilə işgörməyə cəhd göstərdilər. Bu cəhd də biabırcasına iflasa uğradı. İndi hələ də bir çox avtobuslarda və dayanacaqların hamısında həmin sistemdən miras qalan monitorlar göz dağı kimi yerində dayanmaqdadır. Bu məqsədlə dövlət büdcəsinin yüz milyon dollara qədər vəsaiti havaya sovruldu. Halbuki bu vəsaitlə indi yaşanan problemlərin ən azı yarısını həll etmək mümkün idi. Təəssüflər olsun ki, bu layihə yalnız o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun biznesinin genişlənməsinə xidmət etmiş oldu. Şəhər nəqliyyatının problemləri isə günbəgün dərinləşməkdədir. Çünki hələ də əhalinin kənddən şəhərə köç etməsi, bununla yanaşı isə Bakıda nəqliyyatın sayının artması prosesi davam edir.

Müasir dünyada bu problemin aradan qaldırılması üçün ən populyar iki metoddan daha geniş istifadə olunur. Bu metodlardan biri şəhərdə nəqliyyat axınının müxtəlif nəqliyyat növləri üzrə intensivləşdirilməsidir. Bu modeldə şəhərin sərnişindaşıma sahəsindəki nəqliyyat növlərinin sayı mümkün qədər artırılır və onların hərəkət sürəti maksimuma çatdırılır. Bakıda bu modelin tətbiqi bir qədər xərc tutumlu olsa da, qısa müddətdə problemlərin həllinə töhfə verə bilər. Bu modelin tətbiqi üçün ilk növbədə metro stansiyaları bütün şəhəri əhatə etməli və əsasən qatarların hərəkət sürəti artırılmalıdır. Bununla yanaşı, şəhərin mərkəzi küçələri genişləndirilməli, metrobus və ya elektrobus nəqliyyat növlərinin hərəkəti üçün xüsusi zolaqlar yaradılmalıdır. Bu layihə ilk növbədə şəhərin metro stansiyaları olmayan ərazilərini daha çox əhatə etməlidir. Daşıma trayektoriyası elə qurulmalıdır ki, sərnişinləri mənzil başına aparmaq üçün onların axını avtobuslar, metrobus və elektrobuslarla metro stansiyalarına və ya birbaşa mənzil başına çatdırıla bilsin. Bunun üçün şəhərdə tramvay və troleybus kimi nəqliyyat növlərindən də istifadə, artıq köhnəlmiş metod kimi bir kənara atılmalıdır. Çünki metrobus və elektrobus kimi sürətli və müdafiə edilən zolaqla hərəkət edən müasir nəqliyyat növləri onları kölgədə qoyur. Son zamanlar tramvay xətlərinin yenidən bərpa edilməsi barədə səsləndirilən fikirləri tam yanlış istiqamət hesab edirik. Ona görə ki, bir neçə ildən sonra biz onları yenidən sökərək metrobus və elektrobuslarla əvəz etmək məcburiyyətində qalacağıq. Şəhər nəqliyyatı inkişaf etdikcə, onlar nəqliyyatın əngəlinə çevriləcək. Bu səbəbdən də Bakıda tramvay xətlərinə çəkilən xərc izafi xərc kimi dəyərləndirilməlidir.

Dünyada şəhər nəqliyyatındakı problemlərin aradan qaldırılmasının digər yolu intellektual idarəetmə sisteminin tətbiqidir ki, yuxarıda qeyd etdiyimiz kimi, Bakıda buna cəhd edilsə də, müsbət nəticə almaq mümkün olmadı. Bu məsələdə bir çox subyektiv problemlər olsa da, obyektiv səbəblər də var. Ona görə də buna yenidən cəhd etmək bir qədər risklidir.

Üçüncü model isə dünyada ən yeni modeldir və bir çox müsbət yan təsirlərə də malikdir. Bu modelin əsas qayəsi şəhərdaxili nəqliyyat xərclərini dövlət büdcəsinə yükləməkdir. Yəni şəhər nəqliyyatı sərnişinləri pulsuz daşıyır, bütün xərclər isə dövlət büdcəsindən maliyyələşdirilir. Bu halda şəhər nəqliyyatı kifayət qədər seyrəlir, ona görə də həm tıxaclar aradan qalxır, həm əhalinin sosial vəziyyətinə müsbət təsir edir, həm ekoloji vəziyyət yaxşılaşır - hava daha az çirklənir, həm də bu layihənin tətbiq edildiyi şəhərdə ticarət dövriyyəsi 20-50 faiz çoxalır. Bu layihə son bir neçə ildə Pribaltika ölkələrində müxtəlif pilot layihələr şəklində tətbiq edilib. Hazırda Riqa, Tallin və Vilnüs şəhərində bu layihə tətdiq edilir və yuxarıda qeyd etdiyimiz bütün müsbət nəticələr müşahidə edilməkdədir.

 Akif Nəsirli

0.23364615440369