Azadlığı qanı bahasına qazananlar...

Eziz Bakım! Artıq otuz ildir ki, tarixində ən ağır günlərdən birini yaşayırsan. Azərbaycan var olduqca da hər ilin o məlum günü öz zəvvarlarına Şəhidlər Xiyabanında ev sahibliyi edəcək. Düz otuz ildir ki, daşa dönmüş yaddaşınla o məşum gecənin agrısını daşıyırsan zərif çiyinlərində. Qanlı yanvar gününü göz yaşlarınla qarşıladın. Ey qübarlı qəlbinə qurban olduğum nəcib Bakım!

Bilirəm, o gün yenə də qan rəngli qərənfillər qubarlı qəlbinin yarasını deşdi. O gün yenə agarmış saçına qışın sazağı sığal çəkdi. Sonra ağır-ağır qara kəlağayını qürurlü başına örtdün və hüzn dolu addımlarla Şəhidlər Xiyabanına üz tutan minlərcə ziyarətçini qarşıladın. Sən kimləri uyutmursan ki, bu xiyabanda.

“Mən qorxmuram, uzaq yola çıxmaqdan, Bu yolun, soyuğundan, qışından

Ölüm adlı yuxusundan mən qorxmuram” deyən sair balan Ülvi Bünyadzadəni sığalladı, öpdü qırmızı qərənfillər.  Sərin meh olub layla çaldı bığ yeri yenicə tərləməyə başlamış, gənc balan Ülvinə. Amma bundan çox utandın, birdən burda uyuyan digər balaların küsər deyə. Qollarını geniş açıb hər birini sıxdın sinənə. Sonra asta - asta yaxınlaşdın İlham və Fərizəyə.

Eşq pərvanəsi Fərizənin İlham adlı alovuna şərəflə baxdın. Dünyaya eşqi, sədaqəti anladan  balalarının qarşısında baş əydin. “Leyli və Məcnun”, “Əsli və Kərəm” sevdasını kölgədə qoyan bu iki aşiqin ilahi ucalığı önündə susmuş insanlara, səf-səf olub xiyabanın qarşısından keçən zəvvarlarına tamaşa etdin. Xiyaban qərənfillərin xoş rayihəsinə bürünmüş, cənnətə dönmüşdü. O gün cənnətin özü oldun, sinəsində ən şərəfli şəhidlərini uyudan cənnətməkan Bakım!

Təzələnmiş yaddaşınla, yox, bağışla, heç unutmadığın ağrılarınla yenə canlandırdın o məşum gecəni gözlərinin önündə.

O gecə vətənin azadlığı yolunda, müstəqilliyi uğrunda sənin sinən üstündə yürüyən övladların canlarından sipər çəkmişdilər xəyanətkar düşmənə qarşı. Axı hardan biləydilər, körpələrə belə, rəhm etməyən bu vicdansız imperiya qoşunu tanklarla sənin sinən üstündən keçərək küçələrini al qana boyayacaq?

O gecənin vəhşət saçan işıqları, əvvəlcə atəşfəşanlığı xatırladan bu işıqlar sən demə, şeytanın «alov püskürməsi»ymiş. Avtomatlardan açılan güllə səsləri iniltilərə qarışıb sənin şən gecəni cəhənnəmə çevirdi.

Tanklar uşaq-böyük demədən hər kəsin üzərindən keçdi. O gecə sənin yaddaşında qalan ən ağır və ən uzun gecə oldu.

Əslində, həm də, şərəfli gecən oldu. Azadlığını qanın bahasına qazandığın qürur dolu gecən.

Acılan səhərin gətirdiyi hüzn isə çiyinlərinə çöküb ağır bir qaya parçasına dönmüşdü sanki. Şəhər sakinlərinin sanki ayaqları yerdən üzülmüşdü. Çiskin yağışınla sən də ana fəryadının bir parçasına çevrilmişdin.

Hər kəs əzizini çiyninə alaraq xiyabana doğru yürüməkdə idi. Və həmin gün bu xiyaban şəhidlərin əbədi məskəni oldu!

Ey şəhidlərini sinəsində uyudan dərdli Bakım!

Başını dik tut! Şəhidlər Xiyabanından Xəzərinə doğru boylan!

O zaman gördüklərin səni ovunduracaq. Çünki qarşında açılan mənzərəylə öz qanı bahasına azadlığını qazanan vətən övladlarının azad torpağının bir parçasını görəçəksən. Tarixə əbədi həkk olunmuş bu gün Azərbaycan xalqı var olduqca öz müqəddəsliyini qoruyub saxlayacaq!

 Şahnaz Salehqızı
[email protected]

0.10332894325256