Sizi qarşıda daha çətin suallar gözləyir...

«Leksiya» oxumaq dövrü bitdi, həşəmətli məmurlar

 Vallah məni qınamayın. Elə istəyirm yazmayım, olmur. Dəfələrlə özümə söz vermişəm ki, tamam, bir daha heç nə yazmayacağam. Amma və lakin...

Bəzən adam elə situasiyalarla qarşılaşır, elə məlumatlara rast gəlir ki, münasibət bildirməmək mümkünsüz olur.

Bu günlərdə mediada məmləkətimizin möhtərəm məmurlarından birinin açıqlaması ilə tanış oldum. Əlim üzümdə qaldı, dilim söz tapmadı desin. Əvvəldən də bildiyim, əslində ölkəmizdə heç kimə sirr olmayan bir faktdır ki, "sudan quru çıxmaq" məsələsində Azərbaycan məmurlarına çatan olmaz.

 

Bir istədim "lənət şeytana" deyib üstündən keçim, alınmadı. Bu möhtərəm şəxs Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında "açıb sandığı- töküb pambığı".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri olan bü möhtərəm zat başçılıq etdiyi qurumun yarıtmaz fəaliyyətini etiraf etmək əvəzinə, Çin avtomobillərini ittiham edib ki, respublikamızın bütün yollarını bərbad vəziyyətə onlar salıb. Bu həşəmətli məmur qeyd edib ki, guya 2012-2014-cü illərdə Çindən gətirilən, asfaltsız, betonsuz yollar üçün nəzərdə tutulan bu avtomobillər ölkəmizin bütün yol infrastrukturunu məhv edib. Ancaq məlum deyil ki, həmin illərdə ölkəmizə nə qədər Çin avtomobilləri gətirilib ki, onlarda az bir müddətdə yollarımızı bərbad vəziyyətə salıb.

Açığını deyim ki, yaşadığım Masazır qəsəbəsində heç vaxt Çin avtomobillərinə rast gəlməmişəm, bununla belə, buradakı yollardan traktorla belə keçmək mümkün deyil. Bu yaxınlarda dövlət başçımızın sərəncamı ilə Məsazır qəsəbəsinin də yollarının təmiri üçün vəsait ayrılıb və deyilənlərə görə, həmin vəsait məhz, Saleh Məmmədovun rəhəbəri olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına keçib. Lakin bu günə qədər də Agentliyin burada hansısa bir iş gördüyü müşahidə olunmur. Bu, başqa bir söhbətin mövzusudur, qalsın sonraya.

Keçək əsas məsələyə. Hörmətli Saleh Məmmədov yollarımızı Çin avtomobilləri bərbad vəziyyətə saldığını bilirdisə, nə üçün bunun qarşısını almayıb? Və çox maraqlıdır ki,  görəsən ölkəmizin yollarının bərbad vəziyyətdə olması, təkcə Çin avtomobilləri ilə bağlıdır? Burada söhbət yəqin ki, yük avtomobillərindən gedir. Çünki minik avtomobillərinin Saleh müəllimin inşa etdirdiyi analoqu olmayan, bütün Avropa, Asiya, Amerika  standartlarına tam cavab verən yolları dağıtmağa gücü çatmaz.

Adı hallanan yük avtomobillərinin böyük əksəriyyətinin elə Saleh Məmmədov kimi oliqarx məmurlara məxsus olması da, onların nəzarətdən kənar fəaliyyətinə münbit şərait yaradıb.

O ki qaldı, nə üçün bu avtomobillərin inkişaf etmiş Avropa ölkələrindən yox, məhz Çindən gətirilməsinə, burada əsas səbəb dövlətin həyata keçirdiyi gömrük rüsumu siyasəti ilə bağlıdır. Bu rüsumların həddən artıq yüksək olması, iş adamlarını məcbur edir ki, daha ucuz avtomobillər alsınlar ki, xərcləri az çıxsın.

Bu məqamda, canım Azərbaycanda oturuşmuş məmur mentalitetini də qeyd etməmək mümkün deyil ( milli mentalitet demədim haaa.), biznes mentaliteti. Bu mental dəyərə söykənən məmurlar, deputatlar, işbazlar (iş adamları yox) xaricdə nə qədər ucuz, yararsız, keyfiyyətsiz, hətta vaxtı keçmiş məhsullar varsa, onların yarada biləcəyi fəsadlar barədə düşünmədən, özlərinin şəxsi biznes maraqlarından çıxış edərək daşıyırlar ölkəmizə.

Açığını deyim ki, yarıtmazlıq, təkcə Saleh Məmmədovla bağlı məsələ deyil.

Məsələn, hörmətli səhiyyə naziri Oqtay Şirəliyevin çıxışını dinləsəniz (hərçənd ki, çox nadir hallarda dili söz tutanda danışır), belə anlaşılacaq ki, Azərbaycan səhiyyəsində rüşvət və korrupsiyanın tüğyan etməsində həkimlər yox, xəstələr günahkardırlar. Xəstə pul verməsə, həkim nəkarədir ki, onun cibinə girib pul götürsün. Son illər çox yüksək səviyyədə inkişaf edən Azərbaycan səhiyyəsinin bir özəlliyi də ondadır ki, hansı səbəbdənsə, bu sistemin bütün tanınmış həkimləri başda Oqtay doxtur olmaqla, müalicə üçün xarici məmləkətlərə üz tutur. Bu da istər-istəməz insanlar arasında narazılıq yaratmaqla yanaşı, həm də Azərbaycan səhiyyəsinə olan etimad itir. Yəni "necə olur ki, bizdən yüksək məbləğdə pul alıb şikəst edirsən, özün isə həmin pulla xaricdə müalicə olunursan?"

Məsələn, bugünlədə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun "hiportonik kriz" diaqnozu ilə xarici məmləkətlərdən birinə üz tutması, cəmiyyətdə böyük narazılıq yaratdı. İnsanlar hesab edirlər ki, Azərbaycanda həkimlər belə, ölkəmizin səhiyyə sisteminə etmad göstərmirlər. Məsələyə münasibət bildirən tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, "həkim də insandır, xəstələnə bilir. Elə xəstəliklər var ki, onların dəqiq diaqnozu üçün xarici ölkələrə müraciət etmək zərurəti yaranır. Mən də Adil həkimlə razıyam ki, həkim də insandır və xəstələnə bilər. Lakin burada əsas məsələ həkimin xəstələnməsi və xaricə getməsi deyil, ölkəmizin səhiyyə sisteminə olan etimadsızlıqdır. Belə olduğu təqdirdə dövlət büdcəsindən külli miqdarda vəsait ayırıb, belə bir səmərəsiz sistemin saxlanılmasına nə hacət var? Etimadsızlığın əsas səbəbi isə həkimlərin təyin etdiyi dərmanların doyduğu diaqnoza uyğun gəlməməsidir. Məsələn, həkim diaqnoz qoyur, dərman təyin edir. Xəstə baha qiymətə həmin dərmanı alıb qəbul etsə də, heç bir müsbət nəticəsi olmur. Həkim başqa bir dərman təyin edir, nəticə yenə də dəyişmir. Xəstə həmin dərmanı internet, yaxud tanışlıq yolu ilə daha ucuz qiymətə Türkiyədən, İrandan, Rusiyadan, yaxud başqa bir ölkədən əldə edir və dərmanın müsbət təsiri olur.

Bu da Çindən gələn avtomobillər deyil ki, yolları bərbad etsin. Burada söhbət insan həyatından, vətəndaşların sağlamlığından gedir. Eyni adları daşıyan saxta dərmanlar ölkəmizə hansı yollarla gəlir? Bu, çox aktual və ciddi məsələdir. Buna aydınlıq gətirilməyənə qədər ölkəmizin səhiyyə sistemində mövcud olan anarxiya və özbaşınalıq davam edəcək.

Çin istehsalı olan avtomobillərin bərbad vəziyyətə saldığı yolları bərpa etmək olar, bəs saxta dərmanların məhv etdiyi insanları kim geri qaytaracaq? Görəsən, məmləkətdə bu suala cavab verən tapılacaqmı?  

Əslində, dərman biznesi də hörmətli Oqtay doxturun səlahiyyət sahəsinə daxil olan bir məsələdir və bütün məsuliyyət də onun üzərinə düşür.

Yadımdadır, hörmətli doxdur Oqtay yenicə nazir təyin olunanda belə bir bəyanatla çıxış etdi (yəni millətə "leksiya" oxudu) ki, ölkəmizin apteklərində satılan dərmanların 80 faizi saxtadır. Millət də sevincək oldu ki, Oqtay doxdur bunu açıq deyirsə, qurd ürəyi yeyib, tezliklə qarşısı alınacaq. O dövrdən xeyli zaman keçib, lakin dərman mafiyası bu gün də fəaliyyətdədir və Oqtay doxdurdan da bir səs çıxmır. Onda belə çıxır ki, həmin "leksiya" sadəcə olaraq, xalqın gözündən pərdə asmaq üçün oxunurmuş.

Heç şübhəsiz ki, saxta dərman satışı dünyanın hər yerində qadağandır və qanunazidd əməl kimi qiymətləndirilir. Hər il onlarla, bəlkə də yüzlərlə aptek, məhz bu fəaliyyətinə görə bağlanır, səbəbkarlar həbs edilir, yəni iş gedir. Lakin bir müddət sonra onun yerində başqa bir aptek açılır və eyin əməli təkrar edir. Görünür bu prosesin qarşısının alınması üçün daha sərt tədbirlər görülməlidir.

Yaxud da, mövcud səhiyyə sistemini tamamilə ləğv edib, onun yerində yeni bir sağlamlıq sistemi yaradılmalıdır ki, tam olaraq rüşvət və korrupsiyadan sığortalanmış olsun. Heç şübhəsiz ki, burada da əsas məsuliyyət məmurların üzərinə düşəcək. Buna görə də ilk əvvəl sağlam kadrlar məsələsi həll olunmalıdır. Bu gün fəaliyyətdə olan məmurlarımız isə ölkədə elə bir mühit yaradıblar ki, burada əsas aparıcı qüvvə rüşvət və korrupsiyadır.

Yol infrastrukturunun dağıdılmasında Çin avtomobillərinin müəyyən rolu olduğunu inkar etmirəm. Amma burada da korrupsiya, rüşvət və mənimsəmə üfunətinin iyi avtomobildən çıxan iydən daha çox zəhərləyicidir. Məmurlar isə bu faktı heç vaxt etiraf etmirlər.

Son zamanlar ölkədə qlobal kadr islahatlarına başlayan dövlətimizin başçısı, Prezident İlham Əliyev öz çıxışında etiraf etsə də ki, ölkəmizdə korrupsiya və rüşvətxorluq tüğyan edir, hələ heç bir məmur bunu etiraf etməyib. Əksinə, bu kimi halları ört-basdır etmək üçün nağıllar uydurur, leksiyalar danışırlar.

Prezidentin son müşavirəsini yada salın: "Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa".

Bəli, ölkəmizin məmurları adi suala da cavab vermək iqtidarında olmadıqlarından Çin avtomobilləri, şotland viskisi, rus arağı, saxta dərmanlar, GMO (geni mutasiya olunmuş) qida məhsulları barədə "leksiya" oxumaqla məşğuldurlar. Bu leksiyaları da o qədər primitiv oxuyurlar ki, hamıda ikrah yaradır. İstənilən sualın qarşısında çaşmamaq üçün isə lazımdır ki, əməlində düz olasan.

Xülasə, Prezident İlham Əliyev yanvarın 13-də ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirdi və ölkəmizin gələcəyi üçün yeni hədəflər müəyyən edərək, Azərbaycanın daha güclü dövlət olacağı anonsunu verdi. Prezidentin bu inamını gerçəkləşdirmək üçün isə əvvəli və sonu bilinməyən "leksiya" oxumaq yox, hər bir məmurun ona tapşırılan sahədə vəzifələrini doğru-dürüst yerinə yetirməsi lazımdır.

Prezidentin son çıxışı da onu deməyə əsas verir ki, heç bir şey onun nəzarətindən kənarda deyil. Yolunu azan, dövlət və xalqa xidmət etməkdən yayınan hər bir məmur, gec və ya tez öz cəzasını alacaq.

 Yusif Seyid

0.23060989379883