Adını tarixə Yazanlar

Onların qisası qiyamətə qalmasın!

 Düz otuz il öncə baş verən yanvar hadisələri bu gün kodlaşdırılmış şəkildə yaddaşımızda qalır. O zaman gənc olan bizlər, eləcə də tələbə idik. “Sızlar, yada düşəndə, ürəyimin telləri” deyən əvvəlki nəsil tələbələrdən fərqli olaraq, bizim nəslin taleyinə Qarabağ müharibəsinin ağrı-acıları, milli-azadlıq hərəkatı dövrü düşdü.

Bütün qeyd edilənlərə və həmyaşıdlarımın yaddaşından silinməyən o illərin hadisələrinə, ictimai-siyasi baxımdan həmin qaynar dövrə, hadisə və olaylara uyğun olaraq, tələbəlik illərimizdən bizə qalan da elə inqilab, müharibə, mübarizə illərinin xatirələridir. O xatirələr ki, onlar təkcə nəyisə yada salanda yada düşmür. İstənilən məqamda təhsil, tələbəlik illərindən, gəncliyimizdən danışarkən, yada düşür və... yaşanmamış gəncliyimiz kimi sızlayır.

Düz otuz il öncə bizlər də tələbəydik. Qış sessiyasının imtahanlarına hazırlaşırdıq. Təbii, ölkədə müharibə gedirdi, o illərin tələbələri də təkcə bu adın mahiyyətinə uyğun yaşamırdı. Bizlər həm auditoriyada tələbə, həm Azadlıq meydanında keçirilən mitinqlərin daimi iştirakçıları, öndə gedən universitet tələbə-liderlərinə mənəvi dəstəkçi idik. Gündüzlər meydanda haqq səsini deyənlərlə birgə olar, axşamlar ta gecə yarısınadək kitabların üstündə mürğüləyər, seminarlara, imtahanlara hazırlaşardıq. Baxmayaraq ki, elə hər günümüz cəmiyyət, insanlar, vətəndaşlar, cümlə-əhali qarşısında “imtahan” vermək, o ağır sınaqlardan necə çıxmaq barədə düşüncələrdən ibarət idi.

Televiziyanın enerji bloku partladılanda da qış imtahan sessiyasına hazırlaşırdıq. Yanvarın 19-dan 20-nə keçən gecə isə küçə ilə şütüyən ağır hərbi texnikanın, aramsız güllə səslərinin, yaşadığımız evin həyət qapısını döyən insanların yaralılar üçün lampa-çıraq, şam istəməsi kimi hadisələrlə yaddaşımızda qalıb. Çünki həkimlərin çoxu hansısa səbəbdən “yoxa çıxmışdı” və yaralıları da Tibb İnstitutunun internada olan tələbələri qəbul etməyə, ilk tibbi yardım göstərməyə, hətta əməliyyat etməyə məcbur qalmıışdı.

O zaman həyətimizin bütün əl-ayağı iş-güc tutan sakini hadisələrdən zərər çəkənlərin hayına, harayına tələsmişdi. Bizlər də təbii ki, onlarla eyni cərgədə, hətta deyərdim, “ön cəbhə”də idik… Baş verənləri ümumi dərdimiz, yaralıları, həlak olanları ən əzizimiz bilərək, yekdilliklə hadisələrin fəsadının, ağırlığının aradan qaldırılmasına köklənmişdik. Bəlli ki, əlimizdən gələn qədərində.

Qış imtahan sessiyasının ilk imtahanı 20 yanvar təqvimindən bir gün sonra olmalı idi. Ona görə “olmalı idi” ki, baş verən hadisələrə, faciəli qırğına görə universitetdə imtahan prosesi ənənəvi formada keçirilmədi. Müəllimimiz rəhmətlik Xalid Əlimirzəyev qiymət kitabçalarımızı yığıb hamıya “yaxşı”, yəni 4 qiyməti yazdı. Baxmayaraq ki, hamımız bu qiymətə layiq hazırlaşmamışdıq, kimisi əlaçı, kimisi orta, kimisi də zəif oxuyan idi. Lakin belə bir gündə, baş verənlərin fonunda qiymət kimin yadına düşürdü ki?.

Xalid müəllim qiymətimizi yazandan sonra hamıya birmənalı şəkildə evə getməyi tapşırmışdı. Onun gurultulu səslə bizi tez-tələsik evə göndərməyinin tək səbəbi də küçədə, bayırda hələ də eşidilən güllə səsləri, universitetin yaxınlığında vurulan tələbə yoldaşlarımızın yarımçıq qalan ömrü, ağlagəlməz hadisələrdən doğan həyəcan idi…

Təbii ki, hamımız evə yollandıq, lakin o yollarda hansı hadisələrə rast gəldik, bu, artıq bircə yazının, istənilən həcmli məqalənin mövzusu deyil… Yenə də, təbii, o illərin hadisələriylə bağlı araya-ərsəyə gələsi cild-cild kitabların nəşri də müasirlərimizi gözləyir; məhz həmin illərin, o dönəmin şahidləri olaraq.

Bu gün 20 yanvar təqvimi bizim üçün, eləcə də dünyanın demokratik, azad fikirli, sivil insanları, sülhpərvər cəmiyyətlər üçün böyük hərflərlə yazılır. Çünki o, adi, sıradan bir təqvimdən ötüb-keçərək ümumidən xüsusiyə - 20 Yanvar kimi bir ada çevrilib. O adın simasında qətlə yetirilən günahsız insanlar, 150 nəfər mülki şəxs toplanaraq qatillərinin cəzalandırılması gününü gözləyir. Yanvar adının soyuğuna soyuqqanlılıqla qətlə yetirilən uşaqların, qadınların, qocaların əbədi ah-naləsi qarışıb. Ağır texnikanın əzdiyi insanların düşüb-qaldığı yerlərdə həmin gündən öz qiymətini itirən qərənfillər düzülüb. Qətlə yetirilən həmin 150 nəfərdən başqa, ümumilikdə 744 nəfər dinc əhali yaralanıb. Hələ neçə yüz nəfərin itkin düşdüyü o gündən hələ bu günədək xəbər-ətər yoxdur.

Deyirlər, xatirələr zaman keçdikcə unudulur, insanın acı, yaxud, xoş bir xatıratına dönür. Amma başqa təqvimlərdən fərqli olaraq, 20 Yanvarla bağlı keçmiş mənasında danışmaq mümkün deyil. Bəlkə ona görə ki, özümüz, gəncliyimiz məhz həmin illərlə, hadisələrlə, o amansız qətliamla birbaşa bağlı oldu? Çox soyuq, qarlı keçən həmin yanvar ayında şəhidləri dəfn etməyə uzanan insan karvanının içində olmağımız, hətta”əsgərlər gəldi” deyə, camaatı panikaya salaraq insan selinin təlatümə düşməsi, biz tələbələrin ayaq altda qalıb ölməkdən son anda xilas edilməyimizin ağrısıdır onu yaddaşdan çıxmağa qoymayan?

Əlbəttə, pafosu sevənlər qeyd edilən cümlələri birmənalı qarşılamaya bilər. Amma nə etmək olar, ağrılı illərin buz sifətində əks olunan acı reallıq bu, məhz bu idi.

Yaddan çıxmayan 20 Yanvar tarixinin, təqviminin hər il eyni formada qeyd edilməsi ənənədən başqa bir şey deyil sonunda. O illərdə baş verən hadisələrin müxtəlif, yaşananların ondan da müxtəlif olduğu böyük bir soyqırım tarixinin ənənə qəlibinə salınması insan qəlbinə toxunacaq həddədir.

Təsirli olan isə əslində, nədir? 30 il keçsə də, tək bizim deyil, bütün o hadisələrin şahidlərinin, iştirakçılarının aldığı “yara”nın sağalmaması, kodlaşdırılmış şəkildə beynimizin arxivində saxlanması, ən nəhayət, qisasın bütövlükdə gözləmə mövqeyində qalmasıdır. Çünki bu faciəni törədənlərin hamısı ədalət mühakiməsinə cəlb olunmayıb.

O faciənin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın və əksər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktı olmasına baxmayaraq!

20 Yanvar faciəsinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növü olan insanlıq əleyhinə beynəlxalq cinayət kimi tövsif edilməsi üçün hüquqi sənədlərin olmasına baxmayaraq!

... Otuz ildən keçən müddətdə neçə nəsil keçib, böyüyüb. Fəqət gəncliyi o illərdə solanlar, uşaqlığından çıxmayanlar otuz il keçsə də, həmin nöqtədə qalıb. O sırada ömrü orta yaşda qalanların, əmin-amanlığı, rahatlığı qocalıqda tapmalı olanların, anaların, bacıların, oğulların, uşaqların hamısı var. Hamısının da bircə adı var. Elə yaş fərqinə baxmayaraq da, o bircə adla böyüyərək, “adını tarixə yazdı Şəhidlər”!

Onlar adını tarixə yazdı, biz də onlardan yazırıq - zamanın hər məqamında. İllər, qərinələr keçsə də yazılacaq. Heç olmasa, keçən onilliklərdən sonra, otuz il əvvəl baş verən o müdhiş faciə əsl, hüquqi və siyasi qiymətini alsın. O zaman əminliklə demək olar: “Qisas qiyamətə qalmaz”…

 Nigar Orucova 

0.23990702629089