Tələbələr tez-tez şikayətləndikləri ödənişdən xilas olundu - Bəs onları nələr gözləyir?
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Azərbaycan Respublikasının "Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.
Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.
Ümumiyyətlə magistraturaya qəbulla bağlı gənclər arasında, sosial şəbəkələrdə tez-tez müzakirələr gedir. Bəzi tələbələr hesab edirlər ki, magistratura oxumağın vaxt itkisidir. Buna əsas verən isə tələbələrin magistratura təhsili alsalar belə, işlə təminatın çox zəif olmasıdır. Həmçinin tələbələr bundan əlavə imtahana giriş üçün ödənilən pulun da çox olmasından narazıdırlar. İndi magistraturaya daxil olmaq istəyən tələbələr bu ödənişdən xilas olundu. Bəs bu dəyişiklik onlara nə vəd edəcək?
Bununla bağlı “Yeni Sabah.az”a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, magistratura imtahanında ixtisas fənnlərindən imtahanın ləğvi səmərəli olmayacaq:
“Biz dünyanın müasir çağırışlarına cavab verməliyik. Amma etiraf edək ki, bu gün Azərbaycanın ali təhsil müəssisələri dünya standartlarına cavab vermir. Maddi-texniki baza, komputer resursu, informasiya təminatı, informasiya təhlükəsizliyi və s. məsələlər baxımından geridəyik.
Burada qeyd olunub ki, dünya təcrübəsinə əsaslanırıq. Hansı dünya təcrübəsindən söhbət gedir? Misal üçün Harvard Universitetinin maliyyə bazası 40 milyard dollardır və yaxud da ki, Liverpul Universiteti öz məzunlarını 100 faiz iş ilə təmin edir. İsveçrə Universitetinin məzunları hansısa bir ölkənin dövlət başçılarıdır.
Bu gün Azərbaycanda ciddi infrastruktur işləri aparılır, memarlıq abidələri tikilir. Azərbaycanda tikilən hündürmərtəbəli memarlıq üslubunda olan hansı tikilinin layihələndirilməsini azərbaycanlı həyata keçirib?
Bu gün ölkəmizdə Milli Məclisdə hər gün qanun qəbul edilir. Hansının məzmunun Azərbaycanındır? Hamısı xarici ölkələrdən - Qazaxıstan, Türkmənistan və s. bu kimi ölkələrdən götürülüb.
Biz dünya təcrübəsindən istifadə ediriksə, təhsilimiz də dünya standartlarına uyğun olmalıdır. İxtisas fənnlərindən qəbulun aparılmaması ixtisaslı kadrların yetişməsinə mane olacaq. Onsuz, ölkədə yerləşən ali təhsil müəssisələrində keyfiyyətli dərs keçirilmir. Ancaq sonda magistraturaya gedənlər ixtisas fənnlərinin kitablarını açıb oxuyurlar.
Qiymətləndirmə zamanı, yəni birinci mərhələdən sonra imtahan iştirakçılarının akademik göstəricilərinə baxılacaq. Biz bilirik ki, smestr imtahaları bir çox hallarda şəffaf olmur. Bu və ya digər neqativ müdaxilələr olur. Elə özəl universitetlər var ki, orada tələbələrin əksəriyyəti əla ilə bitiriblər. İndi bu deməkdir ki, bu tələbələr peşəkar kadrlardır?
Məntiqi təfəkkürün yoxlanılması imtahan iştirakçısının peşəkar olması deyil. Bəli, dünya təcrübəsində digər göstəricilər nəzərə alınır. Onlar kadr yetişdirirlər. Amma bizdə ancaq nəzəriyyə keçirilir. Məsələn, müəllimlərin işə qəbul imtahanında yüksək göstərici əldə edən müəllimimiz sinifi idarə edə bilmir, jurnal yaza bilmirlər.
İmtahanın birmərhələli şəkildə keçirilməsi labüd idi. Amma oradan ixtisas fənninin çıxarılması lazım deyildi. Digər bir maraqlı məqam məntiqi təfəkkürün yoxlanılması ilə bağlıdır. Hansı məntiqi təfəkkürün yoxlanılması ilə bağlıdır? Bizim məntiqi təfəkkür ancaq riyazi məntiqə əsaslanır. Kimsə riyaziyyatı bitiribsə, həmin şəxslərin məntiqi yaxşıdır. Amma humanitar sahəni bitirənlər bu sahədə zəifdirlər. Eyni vəziyyət informatikada da var.
Bir sözlə, mən bunu müsbət qiymətləndirmirəm. İxtisası çıxartmaq heç bir halda səmərəli olmayacaq. Bunun edilməsinə səbəb magistraturaya sənəd verənlərin sayının azalmasıdır. Deyək ki, 2016-ci ildə 25 min nəfər sənəd verib, lakin bu il isə 11 min nəfər müraciət edib. Universitetlərdə 8 min plan ayrılmışdı, bəzi universitetlər öz plan yerlərini doldura bilmədilər. Amma onlar başa düşmürlər ki, magistraturaya müraciətlərin azalmasının səbəbləri heç də imtahan deyil. Burada əsas imtahan xidmətlərinin baha olmasıdır. Birinci mərhələdə 50 manat, ikinci mərhələdə isə 60 manat ödəmək lazımdır.
Biz müalicəni yanlış edirik. Deməli boloniya sistemi qəbul olunduqdan sonra bitirənlər A,B,C,D,E qiymətləri ilə qiymətləndirilir. Kimsə 2004-cü ildə bitiribsə, onlar 3,4,5 ilə qiymətləndiriliblər. Bəs bunun necə ortalama balını hesablayacaqsınız? Burada uyğunsuzluq yaranacaq. Maksimum qiymət götürəcəklərsə belə, mənim qardaşım 5 alıb, mən isə 100 ballıq şkalada 91 (A) almaq ilə 5 ilə qiymətləndiriləcəm. İndi hansımızı daha yüksək götürəcəksiniz? Qəbul edilən qərarda boşluqlar hədsiz çoxdur”.
Ekspert həmçinin magistraturaya qəbul tarixi haqqında da proqnoz verib:
“Magistraturanın qəbul zamanı may ayından gec olmayacaq. Bu hələ qərardır. Bunu qayda və formatı var. Bu hələ Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidir. Neçə test tapşırığı olacağına qərar verilməlidir. Əvvəlki qədər test tapşırığı olmayacaq. Burda istiqamətlər üzrə bölgüdə olacaq. Qiymətləndirmə meyarlarında da fərqlər ola bilər”.
Xatırladaq ki, əvvəlki qərara əsasən imtahanlar iki mərhələdə aparılırdı: 1-ci mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi, 2-ci mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.
Müəllif Sabrina Eldarqızı
Mənbə Yeni Sabah.az