Deputat olmaq istəyirəm!

Kasıblığın daşını atmaq üçün deputat olmaq istəyir

 Rəhmətlik Molla Nəsrəddin bir gün tarladan  kəndə qayıdırmış. Kənd camaatı ilə zarafatlaşmaq istəyir, ani olaraq fantaziyası işə düşür və başlayır kəndin ortasında hər tərəfə qışqırmağa: "Ay camaat, Ala Qayadakı bostan uradır!". "Ala Qayadakı bostan uradır!" Yəni, sahibi bostanı buraxıb, qalan məhsulu -uranı kim nə qədər yığır-yığsın... Camaat əlində çuval-kisə axışır Ala Qayadakı bostana. Molla görür ki, camaat yaman ciddi-cəhdlə axışır, şübhələnir. Tez öz həyətinə girib deyir ki, ay arvad, mənə də çuvaldan-çapıxdan ver, gedirəm Ala Qayaya. Deyəsən, doğrudan da Ala Qayadakı bostan uradır. Arvad qayıdır ki, ay kişi, bu xəbəri ki, sən özün gətirmisən, yalan olduğunu da dəqiq bilirsən.

 - Yox, ay arvad, camaat elə sel kimi axışır ki, mən də inandım, mənə çuval-çapıx ver, tez ol, mənə qalmayacaq!

Azərbaycanda 9 fevral tarixində keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərinə də münasibət, rəhmətlik Molla Nəsrəddinin "Ala Qayadakı bostan uradır!" məsələsinə oxşayır. 90-ların sonu, 2000-ci illərin əvvəllərində namizədliyin qeydiyyata alınması çox çətin proses idi və namizədliyin qeydə alınması işin yarısı hesab olunurdu. Çünki az-çox səsvermənin nəticələri də nəzərə alınırdı, namizədlər amansız seçki rəqabəti aparırdı və s. Təxminən son üç parlament seçkisində isə tamam fərqli mənzərənin şahidi olduq. Hər üç seçkidə seçicilərin aktiv seçki hüququna - namizədliyin qeydə alınmasına, təbliğatın aparılmasına, hər hansı bir namizədin dəstəklənməsinə və s. hərəkətlərə elə də ciddi əngəl yoxdur. Seçki gününə qədər heç kim ciddi maneə ilə rastlaşmır. Sadəcə, seçki günü hakimiyyət kimi istəyirsə, seçki komissyaları da qutudan "onu çıxarır". Bunu hamı bilə-bilə namizədliyini irəli sürür və özünü inandırmağa çalışır ki, bu seçkidə deputat mütləq odur.

Digər müşahidə edilən tendensiya aktiv seçki hüququndan istifadə edən vətəndaşların işə məsuliyyətsiz yanaşmasıdır. Azərbaycan vətəndaşları elə düşünür ki, keçmişdə yalnız "hə" və "yox" düyməsini basmağı bacaran deputatlar qədər təhsilə, savada və qabiliyyətə malik olsalar, onlar da deputat ola bilər. Əziz, hakimiyyətdən dəstək almayan müstəqil namizədlər, digərləri savadsız olsa da, latın qrafikasında yaza bilməsə də, qanunvericiliyin nə olduğunu bilməsə də, onların deputat olmaq şansı var.

Amma, sizin bu keyfiyyətləriniz yoxdursa və seçicilərin əksəriyyəti dəstəkləmirsə, boşuna vaxtınızı, enerjinizi, əsəblərinizi və vəsaitinizi xərcləməyin.

Belə namizədlərin böyük əksəriyyəti parlament nədir, o, nə işlə məşğul və hansı funkisyalara malik olduğunu belə, bilmir. Qeydə alınmış namizədlərdən biri ilə söhbət zamanı bəlli oldu ki, o, kasıblığın daşını atmaq üçün hakimiyyəti dəstəkləməklə deputat olmaq istəyir.

Millət, nə qədər absurd görünsə də parlament hakimiyyətin üç qanadından (icra hakimiyyəti, parlament və məhkəmə hakimiyyəti) biridir, əsas vəzifəsi qanunvericilikdir. Ona görə də parlamentin tərkibinin əsas hissəsi hüquqşünaslardan ibarət olmalıdır ki, qanun yaradıcılığında aktiv iştirak edə bilsin. Bəli, digər sahələrin biliciləri və xalqın problemlərinə bələd olan insanlar da parlamentə düşməlidir, amma hüquqi bilik vacib amillərdəndi.

Hazırda deputatlıq iddasında olan namizədlərin böyük əksəriyyəti öz hüququnu belə bilmirsə, o deputat qanun yaradıcılığında və əhalinin problemlərinin həlli istiqamətində hansı fəaliyyəti göstərə bilər? Əlbəttə, bu ritorik sualın cavabı hamıya bəllidir.

Bəs, bu acınacaqlı durumun səbəbi nədir? Əsas səbəb şəffaf seçkilərin keçirilməməsidir ki, bu da vətəndaşda qeyri-müəyyənlik yaradır. Başqa sözlə desək, qeyri-şəffaf seçkidə namizədliyini irəli sürən şəxs öz elektoratının həcmini dəqiq öyrənə bilmir. Seçki saxtalaşdırıldığından hamı səsinin oğurlandığını güman edir və düşünür ki, şəffaf seçkilər keçirilsə o, mütləq qalib olardı. Heç bir elektoratı və qabiliyyəti olmayan vətəndaş şəffaf seçkidə elektoratının sayını dəqiq bilsə, utandığından ikinci dəfə namizədliyini irəli sürməyə cəsarət etməz. Yəni namizədlər bir qədər ələnər, az-çox deputatlığa layiq insanlar namizədliyini irəli sürər. Hazırda isə bir çox dairələrdə sayı çox-sanbalı yox namizədlər kifayət qədərdir. Ölkədə şəffaf və ədalətli seçkilər keçirilməyənə qədər bu vəziyyət davam edəcək - yazmağı bacarmayanlar belə, namizədliyini irəli sürəcək, seçkidən sonra isə səsinin oğurlandığını iddia edəcək.

 Akif Nəsirli

0.092095851898193