Azərbaycanlı xanım tarzən: Mən də fəxri ad almaq istəyirəm 

 

 

Bir vaxtlar Tarkan, Kibariyə, Rafet El Roman ilə həyata keçirdiyi layihələrlə gündəm olan, amma hazırda mediadan, efirlərdən uzaqlaşan tarzən Humay Qədimova paralel.az özəl müsahibəsi verib:

- Son vaxtlar bəzi müğənnilər kimi siz də televiziyalara üstünlük vermirsiniz. Niyə efirlərdən uzaqlaşmısınız?

- Çünki efirlərdə vəziyyət yaxşı deyil. 16-17 yaşından səhnədəyəm. İndiyə kimi öz yaşıma görə sənət üçün olan nələrisə etmişəm. Sənətimlə bağlı xeyli işlər görmüşəm. Yeni mahnılar yazdırıb, kliplər çəkdirib, bir çox konsertlər vermişəm. Amma televiziyalar başqa şeyləri işıqlandırır. Çəkdiyimiz əziyyətin bəhrəsini görə bilmirik. İndiki efirlərə gedəndə ancaq qalmaqal etməyimizi, kiməsə söz atmağımızı deyirlər. Yəni sənətdən başqa hər şey var. Əlbəttə ki, istisna televiziyalar da var. Bu səbəbdən efirlərdə görünmürəm. Kənara çəkilib baş verənlərin sonunun necə olacağını izləyirəm. Sənəti olan bir çox sənətkarlarımız narazıdır. Hazırda peşəkar sənətkarlarımız efirlərdə yoxdur. Çünki təbliğ olunan məsələlərdə biz özümüzü görmürük.

- Efirə gedib, amma qalmaqala görə proqramdan imtina etdiyiniz məqamlar olub?

- Xeyr, olmayıb, çünki artıq seçim edirəm. Proqramları izləyirəm. Ona görə də bəzilərinə getmirəm. Getdiyim proqramlarda da öz sözümü deyirəm.

- Xeyli saz ifaçılarımız olsa da, tar ifa edən xanımlarımız yoxdur...

- Bu səhnəyə tar ilə gəlişim bir az fərqli olub. Qardaşım tara getsə də, ailəm mənim tar çalmağımı istəməyib. Tar ifa etməyim evdə böyük qalmaqala, müzakirələrə səbəb olub. Ailəmə dediklərimdən sonra məni qardaşımın müəlliminin yanına apardılar. Sənətə gəlişim bununla başladı. Peşəkar olmağımda müəllimlərin rolu əvəzsizdir.

- Tardan birdəfəlik imtina edə bilərsiniz?

- Əlbəttə ki, məndən olsa tardan imtina etmərəm. Ancaq yenə də öncədən bir şey deyə bilmərəm. Çünki gələcəkdə nələrin olacağını bilmirəm.

- Bir müddət öncə müğənnilik də edirdiniz. Müğənnilikdən getməyinizin səbəbi nədir?

- Televiziya proqramlarına çıxmadığım üçün bunu deyirsiniz. Lazım olanda həm tar ifaçısı, həm də müğənni kimi proqramlarda iştirak edirəm. Oxuyan çox olsa da, tar ifaçısı azdır.

- Tarkan, Kibariyə, Rafet El Roman ilə iş birlikləriniz oldu. Hazırda Türkiyə ilə bağlı yeni layihələriniz gözlənilirmi?

- Ola bilər. Ümumiyyətlə, təklif də olsa, qəbul edərəm. Əvvəllər türk müğənniləri tez-tez konsertlər üçün ölkəmizə gəlirdi. O vaxt onların konsertlərini təşkil edən yaxın dostum Nahid Emiloğlu bu şansı mənə yaratmışdı. İndi isə müğənnilər daha çox toylar üçün Bakıya gəlirlər. Əvvəki illərə nisbətən konsert üçün gələnlərin sayı çox azdır.

- Kimlərlə işləmək istərdiniz?

- Məşhur olmaq çox asandır, amma sənəti ilə tanınan, sevilən biri ilə eyni layihədə olmaq istərdim. Məsələn, Hüsnü Şənləndirici ilə iş birliyi etmək istərdim. Onunla işləmək mənim üçün maraqlı olardı.

- Hazırda trenddə olmaq məsələsi əsas müzakirə olunan mövzudur…

- Trenddə olan müğənnilərlə işim yoxdur, amma mənim üçün trend Rəşid Behbudov, Şövkət Ələkbərova, Müslüm Maqomayev, Polad Bülbüloğlu və Habil Əliyevdir. Onların ifa etdikləri mahnılar indi də sevilərək oxunur. Gənclər arasında da əsl sənətlə məşğul olanlar var. Xalq onları sevib qəbul edir. Alim Qasımovu bütün dünya sevir.

- Bu yaxınlarda Röya, Miri Yusif və Tünzalə Ağayeva “Xalq artisti” adına layiq görüldülər. Buna sevinənlər də oldu, qarşı çıxanlar da. Ən çox da illərini bu sənətə verən sənətçilərimizin heç bir adının olmaması müzakirə mövzusu oldu...

- Gənclərə fəxri adların verilməsi təqdirəlayiqdir. Çünki əziyyət çəkərək bu sənətə gələn gənclərə fəxri adların verilməsi onlar üçün böyük mükafatdır. Lakin layiq olmayan insanların da bu adı alması xalq tərəfindən qəbul olunmur. Röya və Tünzalə isə insanlar tərəfindən qəbul olunan sənətçilərdir. Bu ad onların illərdir çəkdiyi əziyyətin bəhrəsidir.

- Bir çox gənc müğənnilər açıqlamalarında açıq şəkildə fəxri ada layiq görülmək istədiklərini deyirlər…

- Son vaxtlar bütün işlərdə gənclərə üstünlük verilir. Hesab edirəm ki, hər şeyin öz qanunu var. On ildən çoxdur müəllimə kimi də işləyirəm. Uğur əldə edən xeyli tələbələrim var. Öz sənətimlə də bağlı yetərincə işlər görmüşəm. Əlbəttə ki, hər kəs ad almaq istəyir. Mən də onlardan biriyəm. Çünki Ceyran Haşımovadan sonra bu yolu davam etdirən tək xanım sənətçiyəm.

Ümumiyyətlə, adların verilməsi bizlərə stimul verir, həvəs yaradır. Mən sənət fədaisiyəm. 14-15 saat durmadan tarla məşq edirəm. Sənətimlə bağlı xeyli arzularım var. Azərbaycan tarının səsini Avropa səhnəsində də eşitdirmək istəyirəm.

- Toylara gedirsiniz?

- Bütün sənət insanlarının gəliri yeri toylardır. Albom və konsertlərdən qazanc əldə edə bilmirik. Mən də qızlardan ibarət olan komanda ilə tədbirlərə gedirəm.

- Vergi ilə bağlı problem yaşayırsınız?

- Bütün dövlətlərdə vergi ilə bağlı qanunlar var. Qoyulan qanunlara da əməl etmək bütün vətəndaşların borcudur. Mən də vergini vaxtında verirəm.

- Son vaxtlar muğam və saz xanım ifaçılarının açıq-saçıq geyimlərdə, şalvarda efirə çıxmaları tənqid olunur. Efirə mütləq şəkildə milli geyimdə çıxmaq lazımdır?

- Milli geyim bizim sənətimizdir, amma mən özüm də milli ola bilərəm. Azərbaycanlı xanımlar mentalitetə görə bütün dünyada seçilir. Ancaq biz 21-ci əsdə yaşayırıq. Hazırda internet əsridir, anında yeniliklər baş verir. İndiki gənclərdə xeyli gözəl yaradıcılıq fikirləri var. Biz yeniliklərlə ayaqlaşmalıyıq. Lazım olan məkanlarda, tədbirlərdə milli geyimlərdən istifadə edirik. Avropa tərzində olan məkanda isə milli geyim geyinəndə ahəng pozulur.

- “Sənət insanlarından dost olmaz” deyirlər. Sizin necə, bu sənətdə dostlarınız var?

- Gülay Zeynallı və Zenfira İbrahimova ilə dostluq münasibətlərimiz var. Onlarla həm uşaqlığımız, həm də tələbəlik illərimiz bir yerdə keçib. Tez-tez zəngləşirik. Darıxanda isə görüşürük.

Küsülü olduğum kimsə yoxdur. Qalmaqalı sevən biri deyiləm. Sülh insanıyam. Çalışıram ki, hamı ilə gözəl münasibətim olsun.

- Sizi qalmaqala sövq edən sənət insanları olub?

- Bəli, olub. Amma reaksiya verməmişəm. Əllərindən yaxşı qurtulmışam (gülür).

- Açıq-saçıq geyimlər geyinərsiniz?

- Niyə də saç və ya makiyajda dəyişikliklər etməyim? Amma açıq-saçıqlıq xasiyyətimə uyğun deyil. Bir xanımda əsas olan onun ədəbi və əxlaqıdır. Elə geyinmək lazımdır ki, sənə pis niyyətlə baxılmasın. Uzun paltar geyinmək də əxlaqlı olmaq demək deyil. Gözəllik aşiqiyəm, amma hər şeyin yerində olması əsasdır. Əgər mən açıq-saçıq geyinsəm, ailə tədbirlərinə dəvət olunmaram. Ona görə də xanımlar geyimində ədəb-ərkana diqqət etməlidir.

 

Sevinc Yasinqızı
FOTO: Ramil Zeynalov

0.092462062835693