Bakı dünyanın dialoq mərkəzlərindən birinə çevrilib

Bakı dünyanın dialoq mərkəzlərindən birinə çevrilib
 

Multikulturalizm və tolerantlıqla bağlı beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi dövlətimizin bu sahədə ortaya qoyduğu mövqeyi ilə bağlıdır

Qloballaşan dünyamızda baş verən bütün qarşıdurmalara, dini və milli zəmində baş qaldıran anlaşılmazlıqlara baxmayaraq, ölkəmizdə müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin əsrlər boyu mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşaması dünyada analoqu olmayan bir nümunə kimi qəbul olunur. Bunu şərtləndirən isə cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin və dözümlülük mühitinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsinin dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil etməsidir. Bu baxımdan sivilizasiyalar və dinlərarası dialoqun möhkəmlənməsinə önəmli töhfələr verən mötəbər tədbirlərin, o cümlədən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya dini liderlərinin II Bakı Sammitinin ölkəmizdə keçirilməsi beynəlxalq miqyasda sülhün, əmin-amanlığın və harmoniyanın bərqərar olunması işində Azərbaycanın oynadığı rolun mühüm əhəmiyyətini göstərir .

Hazırda cəmiyyətimizin ayrılmaz hissəsi olan xristianlar, yəhudilər və digər dini konfessiya nümayəndələri, eləcə də ölkəmizin ərazisində məskunlaşan çoxsaylı etnik qrup və xalqların nümayəndələri də ölkəmizdə gedən böyük quruculuq işlərində və milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, Azərbaycanın tərəqqisi naminə bacarıq və səylərini əsirgəmədən çalışırlar.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlərə imza atıb. Ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib. Burada multikulturalizmin və tolerantlığın qorunaraq inkişaf etdirilməsi istiqamətində görülən işlər də xüsusi qeyd olunmalıdır. 

Dövlətimizin son bir ildə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı addımlar da regionda sülhün və əmin-amanlığın təmin olunmasına xidmət edir. Mənfur erməni siyasiləri öz ambisiyalarından əl çəkə bilməsələr belə, Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib və heç zaman bu mövqeyindən imtina etmədən, bu istiqamətdə siyasətini davam etdirib. Azərbaycan  2019-cu ildə də həyatımızın bütün sahələrində yüksək inkişafa nail olub, əhalinin rifah halı yüksəlib, regionların siması əhəmiyyətli dərəcədə dəyişib və bu dəyişiklik heç şübhəsiz ki, hər bir vətəndaşımızın da həyatına təsirsiz ötüşməyib. Məhz buna görə də, Azərbaycan bu gün dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən, həm regionda, həm də beynəlxalq müstəvidə öz yeri, rolu və xüsusi çəkisi olan ölkə kimi tanınır. Bu da ondan irəli gəlir ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri dünyada sülhün və təhlükəsizliyin təmin olunması, multikulturalizmin və tolerantlığın daha da inkişaf etdirilməsidir.

Dövlət başçımızın düşünülmüş, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada sülhyaratma  prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfələr verməklə yanaşı, həm də bir çoxlarına nümunə olur. Məhz Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan bir çox regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin təşəbbüskarı kimi çıxış edib. 2019-cu il ölkəmiz üçün həm beynəlxalq, həm də regional təşkilatlarla əməkdaşlıq baxımından çox uğurlu olub. Belə ki, Azərbaycan keçən il də BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, GUAM, Türkdilli Dövlətlərlə Əməkdaşlıq Şurası, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirib, həmçinin bir çox önəmli beynəlxalq tədbirlərə ev sahibliyi edib. Onların arasında Qoşulmama Hərəkatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsini də xüsusi qeyd etmək lazımdır. Çünki Azərbaycanın BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata 120 ölkənin yekdil qərarı ilə 3 il müddətinə sədr seçilməsi, ölkəmiz üçün çox böyük uğurdur. Bu həm də onun göstəricisidir ki, ölkəmizə dünyada çox böyük hörmət və rəğbət var. Azərbaycan qarşıdakı 3 il ərzində belə bir mötəbər təşkilata rəhbərlik etdiyi müddətdə üzv ölkələrlə ikitərəfli əlaqələrinin möhkəmləndirilməsi ilə yanaşı, həm də ölkəmizin əsas problemi olan Qarabağ münaqişəsinin həlli istiqamətində, onların tam dəstəyinin əldə edilməsinə çalışacaq.

Artıq Qoşulmama Hərəkatına üzv ölkələr də Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə müdafiə edərək, münaqişənin ancaq ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq prinsiplərinə əsasən həllini dəstəkləyirlər. Hərəkat bu mövqeyini Bakıda keçirilən Sammitində bir daha bəyan edib.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə diqqəti cəlb edib və birmənalı olaraq milli maraqlara söykənir. Məhz, bu siyasət nəticəsində Bakı dünyanın dialoq mərkəzlərindən birinə çevrilib. Respublikamızda davamlı olaraq dünyanı narahat edən müxtəlif humanitar problemlərin həlli istiqamətində beynəlxalq səviyyəli toplantıların keçirilməsi də buradan qaynaqlanır. Buna görə də, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalar və dinlərarası dialoq məkanı və mərkəzi kimi tanınır. Bu baxımdan keçən il də istisna olmayıb və  ölkəmiz bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Məlumdur ki, Azərbaycan mədəniyyətlərarası əlaqələr prosesində özünəməxsus mövqeyi ilə seçilir və multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı da bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə böyük töhfələr verib.

Bu töhfələrdən qaynaqlanan bir çox mötəbər tədbirlərin Bakıda keçirilməsi, həm də Azərbaycanın qədim dinlərarası ənənələrinin məntiqi davamı kimi qəbul edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərib. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Ulu öndər Heydər Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, respublikamız çoxkonfessiyalı, çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz də bizim  sərvətimizdir. Prezident İlham Əliyev də öz çıxışlarında ölkəmizdə uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılan bütün addımların ardında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlərin dayandığını qeyd edib.

Bütün bunlar onu deməyə əsas verir ki, sivilizasiyalar və dinlərarası dialoq, multikulturalizm və tolerantlıqla bağlı beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə dövlətimizin bu sahədə ortaya qoyduğu mövqeyi ilə bağlıdır. Çünki bu gün dünyanın bir çox ölkələrində multikulturalizmin iflasa uğraması barədə iddialar ortaya atıldığı bir vaxtda, Azərbaycanın məhz bu mövqedən çıxış etməsi, onun beynəlxalq imicinin daha da artmasına gətirib çıxarıb. Burada bu gün dünyada dini və milli zəmində baş verən qarşıdurmalar fonunda ölkəmizdə hökm sürən sabitlik də mühüm rol oynayır. Bu da səbəbsiz deyil, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən və artıq özünün on illik fəaliyyəti ilə dünyada böyük nüfuz qazanan "Bakı Prosesi", artıq beynəlxalq çağırışa çevrilib.

Bu gün beynəlxalq aləmdə Bakı şəhəri "mədəniyyətlərarası dialoq və tolerantlığın təşviqi üzrə "Bakı prosesi"nin həyata keçirildiyi bir məkan kimi tanınır. Bəşəriyyəti narahat elən aktual problemlər barədə fikir mübadiləsi və müzakirələr aparmaq imkanı qazandıran bu kimi beynəlxalq tədbirlərə qatılan qonaqlara da, ölkəmizlə əyani tanış olmaq imkanı verir və onlar da öz növbəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bizə yardım edirlər.

Bu da ondan irəli gəlir ki, müxtəlif dövlətləri təmsil edən nüfuzlu dövlət və din xadimləri, alimlər, jurnalistlər Azərbaycan cəmiyyətinin sosial-psixoloji vəziyyətini dəqiqliklə müşahidə etmək, ölkədəki ictimai-siyasi durumu araşdırmaq, əhalinin mənəvi ovqatını, daim yenilənən baxış və gözləntilərini aydınlaşdırmaq imkanı qazanırlar və bu reallıqları öz ölkələrində təbliğ edirlər.

Bu da onu deməyə əsas verir ki, ölkəmizdə fəaliyyət göstərən bir çox dövlət qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının (QHT) xətti ilə təşkil olunan və dünyada multikulturalizmin və tolerantlığın inkişafına xidmət edən bütün proseslər dövlət səviyyəsində dəstəklənir və onların daimi fəaliyyətlərinə yardım göstərilir.

Bu da son nəticədə Azərbaycan multikulturalizminin dünyada daha geniş yayılmasına və daha çox tərəfdaş qazanmasına xidmət edir.   

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.024765014648438