Dövlət Sərhəd Xidmətindən qovulmuş Həsən Həşimov Beyləqan təhsil şöbəsinə necə müdiri oldu?

Əvvəllər mühüm rəhbər vəzifələrə kadr təyin edəndə namizədin tərcümeyi-halı ciddi araşdırılar, məsələn, həmin şəxsin özünün və yaxın adamlarının məhkumluğunun, xaricdə qohumunun olub-olmadığı müəyyənləşdirilər, bir sözlə, Vətənə, dövlətə, dövlətçiliyə xidmət etməsi üçün bir sıra vacib kriterilərə uyğun gəlib-gəlməməsi ətraflı yoxlanılardı. Eyni zamanda, belə bir stereotip mövcuddur ki, bu cür sərt yoxlama prosedurundan hərbidə, polisdə, xüsusi xidmət orqanlarında xidmət edəcək şəxslər keçirilməlidir, digər kateqoriyalardan olan potensial kadrların, məsələn, dövlət qulluqçuları olmayan müəllimlərin zərrəbindən keçirilməsi zəruri deyildir.

Amma torpaqları işğal altında olan Azərbaycan üçün yetişməkdə olan  gənc nəslin təlim-tərbiyəsinin, o cümlədən, vətənpərvərlik tərbiyəsinin necə strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, rəhbər vəzifəyə təyin edilən təhsil işçilərinin də bioqrafiyasını da ciddi araşdırmaq lazımdır. Bu məsələ bir neçə il öncə ölkəmizin təhsil sistemində FETÖ örgütü tərəfindən idarə olunan müəssisələrin və orada çalışan müəllimlərin neytrallaşdırılmasından dolayı aktuallaşmışdı.

Son illər Beyləqan rayon Təhsil Şöbəsinə rəhbər kadr seçimində isə ümumiyyətlə, heç bir şərt, meyar gözlənilmir. Axırıncı 3 il ərzində RTŞ müdiri vəzifəsinə 3 dəfə təyinat olub. Təhsil Nazirliyinin etimad göstərdiyi Xuraman Rüstəmova, etimad  göstərmədiyi Tahir Həsənov üzərlərinə düşən mühüm vəzifənin öhdəsindən gələ bilmədilər və rayon təhsilini tənəzzülə uğratdıqları üçün vəzifədın qovuldular. Hələlik Beyləqan RTŞ yeni  müdir təyin olunan Həsən Həşimov isə, rəhbərlik etdiyi təhsil sistemini tam süquta sürükləmək üçün tam gücü ilə çalışır. Bunun səbəbi isə, təyinatda yol verilmiş ilk əyintidə – Həsən Həşimovun karyerasındakı qaranlıq məqamlarda axtarmaq lazımdır. Əldə etdiyimiz səhih məlumat görə, o, zabit kimi 8 il xidmət etdiyi Dövlət Sərhəd Xidmətindən, məhz yol verdiyi ciddi qanun pozuntularına, qaçaqmalçılarla əlbir olduğuna görə, xaric edilib. Sözsüz ki, onun öz xoşu ilə ərizə yazaraq, hərbi qulluğu tərk etməsi inandırıcı deyil. Başqa bir xəbərdə bildirilir ki, Həsən Həşimov öz karyera yolundakı şübhəli məqamları “ört-basdır” etmək üçün Səfərbərlik Xidmətinin rayon şöbəsindən və digər əlaqəli qurumlardan saxta arayışlar alaraq, sonrakı həyatının rahatlığını təmin edib. Bir başqa informasiyaya görə, H. Həşimov  hərbidən “düzüb-qoşduğu” xəstəlik səbəbilə pensiyaya çıxıb. Bundan sonra mülki cəmiyyətdə əmək fəaliyyətinə Beyləqan rayon Xalac kənd orta məktəbində müəllim kimi başlayıb. Sonra da hansısa “qoruyucu mələyinin” köməyi ilə RTŞ müdiri postuna keçid alıb. Düşünürük ki, xüsusi xidmət orqanları  H. Həşimovun dosyesini ciddi araşdırsalar, onun necə yalançı, necə düzənbaz olduğunu üzə çıxara bilər.

RealMedia.az olaraq qarşı tərəfində söz haqqını tanıyırıq.

Mənbə: RealMedia.az

1.3734569549561