İslahat, yoxsa sadə kadr dəyişikliyi?!

Maliyyə amnistiyasına aparan yol

 Başa vurmaqda olduğumuz 2019-cu ilin əvvəlindən başlayan dəyişikliklərə cəmiyyətdə münasibət birmənalı deyil. Hökumət bunu islahat, müxalifət isə sadəcə kadr dəyişiklikləri kimi qiymətləndirir. Bəs, əslində ölkədə nə baş verir, baş verənləri islahat adlandırmaq olarmı?

Əvvəla onu qeyd edim ki, nəzəri baxımdan hansısa naziri işdən azad edib, yerinə başqasını təyin etmək islahat sayıla bilməz. Çünki islahat hansısa idarəetmə sistemində dəyişikliklərin edilməsi, prinsipial qaydaların yenilənməsidir. Lakin ölkədə baş verənlər, təkcə kadr dəyişiklikləri ilə məhdudlaşdırılmır, əhalinin gəlirlərinin artırılması istiqamətində də ciddi irəliləyişlərə nail olunub, gələn il nəzəri baxımdan islahatların baş verməsi gözləniləndir. Bu, məsələnin bir tərəfi.

Ölkədə baş verən kadr dəyişiklikləri sıradan bir məsələ deyil, o üzdəndə bu dəyişikliyi praktiki baxımdan islahat adlandırmaq mümkündür. Ona görə ki, prosesin gedişindən gözləmək olar ki, hökumət oliqarx - biznesmen məmurlarla vidalaşmaq, ölkənin idarəetmə üsulunu oliqarxiyadan menecmentə (muzdlu idarəetmə) dəyişmək fikrindədir. Yəni indiyə qədər rəmzi maaşa "qane olaraq", korrupsiya və rüşvət hesabına əldə etdiyi kapitalla ölkədə və xaricdə öz biznesini quran məmurlar vəzifədən uzaqlaşdırılır, onların yerinə isə heç bir biznesi olmayan, real maaşa razılaşan texnokrat məmurlar vəzifə başına keçirilir. Bu proses sonadək davam etdirilsə, çox ciddi dəyişikliklərə səbəb ola bilər və nəzəri islahatlardan daha çox fayda verər. Məsələn, böyük kapitala malik olan Fazil Məmmədov, Ziya Məmmədov, Ramiz Mehdiyev, Əli Abbasov, Səlim Müslümov və s. vəzifədən azad edilir, onların yerinə heç bir kapitala malik olmayan Mikayıl Cabbarov, Ramin Quluzadə, Sahil Babayev və digərləri gətirilir. Bu iki qrup arasında müqayisələr aparsaq, bəlkə də köhnələr daha qabiliyyətli, daha təcrübəli idi, lakin yeni nazirlərin idarəetmə üstünlüyü ondan idarətdir ki, onların biznesi yoxdur, onlar maaşa oturdulub və müasir idarəetmə tələbləri baxımından texnokratdırlar. Prosesi uğurla sona çatdırmaq üçün mütləq yeni təyin edilən texnokrat nazirlərin və digər yüksək rütbəli məmurların real maaşları leqallaşdırılaraq rəsmiləşdirilməli, heç nədən çəkinmədən cəmiyyətə açıqlanmalıdır. Digər tərəfdən isə yeni menecerlərin (nazir və digər məmurların) rüşvət və korrupsiyaya qurşanmaması üçün gərəkən tədbirlər görülməlidir. Belə olmasa biz hökumət olaraq məmurlara nə qədər yüksək maaş təyin etsək də, bir neçə ildən sonra yeni oliqarxlarla üz-üzə qalacağıq.

Hesab edirik ki, digər oliqarxların da aradan qaldırılmasına ciddi ehtiyac var. Ona görə ki, oliqarx-ölkə iqtisadiyyatında biznesi olan məmur heç vaxt ədalətli idarəetmə həyata keçirə bilməz. O, istər-istəməz öz nüfuzundan və digər təsir imkanlarından istifadə edərək öz biznesini çiçəkləndirməyə çalışacaq ki, bu da onun idarəetmədəki ədalət prinsipini kölgədə qoyacaq. Bu səbəbdən də ölkənin idarə edilməsində təcrübəli oliqarxlardansa, hələ ciddi təcrübəyə malik olmayan, müasir idarəetmənin nəzəri əsaslarını qavrayan menecerlərin xidmətlərindən faydalanmaq daha səmərəli nəticələrə gətirib çıxara bilər.

Yeri gəlmişkən, qeyd edim ki, buna bənzər dəyişikliyi Qazaxıstan bir neçə il əvvəl həyata keçirdi. Qazaxıstanda prezident və onun ailəsinin dar çevrəsindən başqa bütün oliqarxlar vəzifəsindən azad edildi, onların yerinə isə gənc texnokratlar maaş müqabilində təyin edildi. Amma çox təəssüf ki, Qazaxıstan hökuməti menecerlərinin real maaşını leqallaşdırmadı, hələ də nazirlərə və yüksək rütbəli məmurlara rəsmi maaşdan əlavə paket də verilir.

Hesab edirik ki, hökumətin oliqarxlarla tam vidalaşdıqdan sonra geniş maliyyə amnistiyası verməsinə ciddi ehtiyac olacaq. Çünki vəzifədən azad edilən oliqarx, sadəcə biznesmen, sahibkar kimi ölkədə fəaliyyəti təhlükəli hesab edəcək, axı onun kapitalı barədə şəffaf hesabat vermək imkanı yoxdur. Əgər maliyyə amnistiyası verilməsə, onlar kapitalını ölkə xaricinə köçürməkdə maraqlı olacaq ki, bu da respublikadan kapital axınına gətirib çıxaracaq. Ona görə də prosesin sonunda maliyyə amnistiyası zamanın tələbinə çevriləcək. Düzdür, bununla razılaşmayanlar da olacaq ki, onlar xalqın malını oğurlayıb özünə kapital yığıb, bu, doğrudan da belədir. Amma biz ittiham etmək üçün oğru axtarmalı olsaq, ölkəmiz və iqtisadiyyatımız daha çox zərər çəkə bilər. Ən yaxşı variant maliyyə amnistiyası verib, şəffaflıq yaratmaq və iqtisadiyyatda azad rəqabəti təmin etməkdir. Qoy oğurluq günahlarını sahibkar kimi xalqa xidmət etməklə yusun.

Sonda nəticə olaraq onu qeyd edim ki, bu ilin əvvəlindən başladılan proses Azərbaycan hökumətini oliqarxlardan təmizləyə və yeni oliqarxların yaranmasına gedən yolu bağlaya biləcəksə, bu, kimin necə yanaşmasından asılı olmayaraq, böyük tarixi dəyişiklik kimi qiymətləndiriləcək. Proses respublika iqtisadiyyatında və siyasətində ciddi nəticələrə gətirib çıxara bilər. O üzdən də, cəmiyyət bu tendensiyanı qiymətləndirməli və ona dəstək verməlidir.

 Akif Nəsirli

0.13370704650879