ABŞ-ın saxta "erməni soyqırımı"nı tanıması ədalətsizdir

ABŞ-ın saxta
 

Tapdıq ABBAS


Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 Bu qətnamə Türkiyəyə təzyiqdir

 ABŞ Senatının 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi dəyərləndirərək, qanun layihəsini qəbul etməsi ilk növbədə Türkiyə dövlətinin müstəqil siyasət yeritməsilə bağlıdır və ABŞ-ın NATO müttəfiqinə qarşı atdığı bu addım haqlı olaraq dünyada qınanır. ABŞ Senatının bu qərarı təbii olaraq, türk-islam dünyası, o cümlədən Azərbaycan tərəfindən də qınaqla qarşılandı.

Azərbaycan XİN-nin verdiyi bəyanatda ölkəmizin məsələyə münasibəti əks olunub. ABŞ Nümayəndələr Palatasında səs çoxluğu ilə qəbul olunan bu qanun layihəsinin Senatda dəstəklənəcəyi güman olunmurdu. Lakin bu, baş verdi və Senat tarixdə baş verən hadisələri siyasiləşdirdi. Beləliklə ABŞ da, tarixi hadisədən siyasi təzyiq vasitəsi kimi istifadə etdi. Gözləntilərin əksinə olaraq, Senatın belə bir qanunu imzalaması onu göstərdi ki, ABŞ qondarma "erməni soyqırımı" məsələsini uzun illər olduğu kimi, Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi olaraq ehtiyatda saxlayırmış.

Əslində, son illər ABŞ-ın Türkiyəyə qarşı yeritdiyi arzuolunmaz siyasətin məqsədi hər kəsə bəllidir. Senatda qəbul olunan qətnamə imzalanmaq üçün ABŞ Prezidenti Donald Trampa göndərilib. O da heç şübəsiz ki, bu məqamdan istifadə edərək, Türkiyəyə qarşı basqı yapmağa və Türkiyəni ABŞ-ın regiondakı maraqlarını nəzərə aldırmağa cəhd edəcək. Maraqlıdır ki, qətnamədə ABŞ hakimiyyətinə "erməni soyqırımı" və ya digər soyqırımlarla bağlı inkar etməmək və belə cəhdlərə yol verməmək kimi tövsiyələr də yer alır. Xatırlayırıq ki, bir neçə il əvvəl Fransa Senatında da "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsi müzakirəyə çıxarılmışdı.

Hesab edirəm ki, ABŞ və Fransanın Türkiyəyə təzyiq üçün qəbul etdikləri əsassız və tam saxta qanunları vaxtaşırı gündəmə gətirmələri, yalnız Türkiyənin deyil, həm də Avropaya inteqrasiya edən Azərbaycanın ABŞ-ın və Fransanın dünyəvi demokratik dəyərlərə göstərdikləri zidd hərəkət kimi, qəbul edilir. ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunun üzvü olduqlarını nəzərə alsaq, hər iki dövlətdə belə bir qanun layihəsinin müzakirəyə çıxarılması və qəbul olunması uzun illər ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq vasitəçilər olaraq, atdıqları bütün addımların mahiyyətinə kölgə salır. ABŞ-ın qondarma "erməni soyqırımı" haqqında qanun qəbul etməsi Cənubi Qafqaz regionunda Ermənistanla Azərbaycan arasında olan konfliktin ədalətli həllinə ciddi şübhə yaradır. Çünki, ABŞ və Fransa Senatında məntiqə sığmayan bu cür yanlış, əsassız qanunların qəbul olunması Azərbaycan ictimaiyyətində  ABŞ və Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk Qrupunda fəaliyyət göstərdiyi dönəmdə öz fəaliyyətlərində bitərəf və səmimi olmadıqları fikrini qətiləşdirir. Münaqişənin həll olunmasında və Ermənistan ordusunun işğal altında saxladığı Azərbaycan torpaqlarından geri çəkilməsi üçün lazımı addımlar atılmasında maraqlı olmadıqları, münaqişənin bu günə qədər həll olunmasına cəhd etmədikləri və Ermənistanın tərəfini tutduqları fikrini möhkəmlədir.

Başqa sözlə desək, hər iki dövlətin Senatında saxta "erməni soyqırımı" haqqında qanunun qəbul olunması ABŞ və Fransanın Qarabağ münaqişəsinin həll olunmamasının əsas günahkarlarından olduqları iddiasını təsdiq edir. ABŞ Senatının qəbul etdiyi saxta, absurd qanun layihəsi bir daha göstərir ki, bu ölkənin siyasi hakimiyyəti "erməni məsələsi"ndə özünü açıq-aydın tərəf kimi göstərir və "ermənilərə bəslədikləri simpatiya"nı gizlətməkdən çəkinmir. Bu halda, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın və Fransanın ATƏT-in Minsk Qrupu çərçivəsində göstərdiyi vasitəçiliyi bundan sonra davam etdirmələri və ədalətli mövqe nümayiş etdirəcəkləri tam şübhə doğurur. Hesab edirəm ki, bu gün özlərini "dünya demokratiyasının və insan haqlarının qorunan beşiyi" kimi tanıdan ABŞ və Fransa erməni lobbisinin təsiri altında heç zaman ədalətli addım atmayacaq.

Fikir verin, ABŞ Senatı belə ədalətlidirsə, bəs nə üçün 1992-ci ilin fevralında daşnak erməni millətçiləri tərəfindən törədilən qanlı Xocalı soyqırımına eyni həssaslıqla yanaşmır və Xocalıda törədilən soyqırıma hüquqi, siyasi qiymət verməkdən yayınır?! Amma 1915-ci ildə I dünya müharibəsi zamanı baş verən tarixi hadisələrə, heç bir tarixi araşdırma aparmadan, tez-tələsik siyasi qiymət verirlər. Odur ki, ABŞ Senatında qəbul olunan bu mənfur qanun layihəsini hiddətlə pisləyirik, saxta və qondarma "erməni soyqırımı" haqqında qanun layihəsinin ABŞ prezidenti, haqqında impiçment qərarı çıxarılan Donald Tramp tərəfindən imzalanmamasını tələb edirik! Ümidvaram ki, Amerika xalqının fikrini əks etdirməyən, yalnız erməni lobbisinin təsiri altında olan bir qrup siyasətçilər tərəfindən qəbul olunan bu qanun layihəsi imzalanmayacaq, ABŞ prezidenti Donald Tramp heç bir tarixi reallığa söykənməyən hadisələri siyasi oyunlara alət etməyəcək! Əgər belə yanlış bir qanun layihəsi imzalanarsa, o zaman ölkələrimiz arasındakı münasibətlərə yenidən baxılmasına ciddi zərurət yaranacağına şübhə etmirəm.

0.030757904052734