Sabunçuda yaşıllıqlar belə məhv edilir - video+foto

Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində "2-ci sahə" adlanan ərazidə SSRİ dövründə salınmış meşə zolağının kütləvi şəkildə məhv edilib.
 
Bu barədə demokrat.az saytı məlumat yayıb.
 
Məlumatda deyilir ki, hazırda burada mövcud olmuş meşə zolağındakı ağaclar məqəsdli şəkildə qırılır, onların kökləri yandırılır, əvəzində isə hektarlarla yaşıllıqlardan təmizlənmiş torpaq sahələri qanunsuz satılır.  
Sözügedən ərazi Heydər Əliyev adına Beynəlxalq Hava Limanının təhlükəsizlik zolağına bitişik zonada yerləşir. Burada nəinki yaşayış evlərinin, hətta hər hansı iaşə obyektlərinin tikintisi belə qəti qadağandır. Hətta bu qadağa barədə məlumat Hava Limanının sərhəd zolağında vurulmuş xəbərdarlıq lövhəsində də əks olunub. Ancaq bütün bunlara baxmayaraq, hazırda həmin ərazidəki yaşıllıqların məhv edildiyini görəndə insan təəssüf hissləri keçirməyə bilmir. 
 
Hazırda bu ərazidə ağacların çox hissəsi məhv edilib, digər hissələri isə hasarlanıb. 
"Şübhəsiz ki, yaranmış bu acınacaqlı vəziyyətdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Sabunçu və Xəzər rayon İcra hakimiyyətləri rəhbərlikləri xəbərsiz deyillər. Görünür, həmin qurumların özləri də bilərəkdən ərazidəki yaşıllıqların məhv edilməsində maraqlıdırlar", - xəbərdə bildirilib. 
Sakinlər bildirib ki, ərazilər Balası adlı "makler" tərəfindən satılır. 
 
Onların sözlərinə görə, Balası adlı şəxs onlardan külli miqdarda pul alaraq, torpaqları satan zaman qanunu sənədlərini də verəcəyini söz verib. Ancaq həmin ərazidə ev tikən vətəndaşların əksəriyyətinin sənədlərini hələ də onlara təqdim olunmayıb. 
Sakinlər yaşıllıqlarının məhv edildiyi ərazidə Balası adlı "makler"in özünün də dəbdəbəli villasının olduğunu deyirlər. 
 
Onlar qeyd ediblər ki, yaşıllıq zolağı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansındadır: "razidəki yaşıllıqların məhv edilməsi və torpaqların qanunsuz şəkildə satılmasından Xəzər rayon İcra Hakimiyyətinin Rəşad adlı nümayəndəsinin də xəbəri var". 
"Buradakı yaşıllıqların məhv edilməsində Balası, Dilqəm və Xəzər rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Rəşad adlı şəxs məsuliyyət daşıyırlar. Onların iştirakı ilə bu torpaqlar qanunsuz şəkildə satılır", - deyə sakinlər əlavə edib. 
 
Şikayətçi olan sakinlər sözügedən ərazidə törədilən qanunsuz əməllərlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər. 
Sözügedən ittihamlarda adı hallanan Balası adlı şəxslə əlaqə saxlayıb.
O, demokrat.az-a açıqlamasında həmin ərazilərdə heç bir ağac kəsmədiyini bildirib: "Mən nə ağac kəsməmişəm, nə də meşə zolağını satmamışam. Haqqımda səsləndirilən ittihamlar yalandır. Mənə qarşı bütün bu yalanları uyduran və şikayətçiləri üzərimə qaldıran bir nəfərdir. İndi o adam qaçıb xaricdə gizlənib, bunları da o edir".  















 

0.24070906639099