Sipark İnşaat tikinti şirkətində ölüm işi necə ört-basdır edilib? – Şok təfərrüat

Sipark İnşaat tikinti şirkəti Bakının Təbriz küçəsində pilot layihə olan bina inşasını acı bağırsaq kimi uzadır.

Şirkət kirayələrə köçürdüyü sakinlərə verdiyi vədi tutmur və onların yeni evlərlə təmin edilməsi yubanır.

Reportyor.info-nun verdiyi xəbərə görə, sakinlərin şikayətləri bir neçə dəfə ictimailəşsə də, əvvəlki adı “Evrostoy – S” MMC olan “Sipark İnşaat” onları müxtəlif bəhanələrlə yola verməkdədir.

Ən dəhşətlisi isə şirkətin tikintidə yıxılıb ölən fəhlənin işinin ört-basdır etməsidir. Bu faktı Reaksiya.TV-nin efirində jurnalist Zaur Qəriboğlu səsləndirib.

Onun sözlərinə görə, Ələsgər Əlizadə və Asif Həsənovun Nərimanov rayonunda evləri uçurulub. Onlar çöllərdə qalıblar. Şikayətçi olduqları “Sipark” ittihamlarla bağlı cavab haqqı istəyib.

Şirkət rəsmisi efirdə “Sipark”ı müdafiə edib. Lakin bundan sonra yeni faktlar üzə çıxıb. Onlardan biri də tikintidə fəhlənin düşüb ölməsi və hadisənin ört-basdır edilməsidir. İndiyə qədər məsələ gizli saxlanır.

Nə rəsmi açıqlama verilib, nə ölən fəhlənin kimliyi qeyd olunub. Şirkət Reaksiya.Tv efirində səslənən bu məlumatla bağlı hələ də susur.

Ümumiyyətlə, bu minvalla neçə ildir ki, bir binanın tikintisi ərsəyə gəlmir. Şəhərdə “Sipark İnşaat”dan gec pilot layihələr başladan digər firmalar artıq işlərini başa vurmaqdadırlar.

Həmin şirkətlərin adlarını çəkməsək də, Bakıxanov qəsəbəsində və Şərifzadə prospektində tikilən pilot layihələrin hansı sürətlə inşa edilib hazır olduğu göz qabağındadır.

“Sipark İnşaat” isə sakinləri agah etmir ki, hansı problemlər, sıxıntılar meydana gəlib, nə kimi maliyyə çətinlikləri var, bu dərəcədə həddindən artıq gecikmənin səbəbi nədən ibarətdir.

Ümumiyyətlə, “Sipark İnşaat”ın Bakının başqa ərazilərindəki tikinti layihələri ya yarımçıq dayanıb, ya çox ləng gedir, ya da şirkət heç bir yeni proyekt reallaşdırmır.

Belə çıxır ki, ya ciddi böhran içindədirlər, ya rəhbərlik səviyyəsində bilinməyən gizli məsələlər dövran edir, ya da vətəndaşlar açıq şəkildə aldadılırlar. Onların müraciətlərinə də hər dəfə belə izah verilir ki, iş gedir, tezliklə hazır olacaq. Fəqət, neçə ildir bir binanın ortaya çıxara bilmirlər.

Təsadüfi deyil ki, bu yaxınlarda AMEA ilə “Evrostroy-S” MMC arasında bağlanmış podrat müqaviləsinə və inşaat pasportuna əsasən görülən bir layihənin fırıldağı üzə çıxmışdı.

AMEA-nın keçmiş rəhbərliyi – Akif Əlizadə, mənzil bölgü komissiyasının sədri İbrahim Quliyev, AMEA-nın işlər idarəsinin müdiri, Mənzil bölgü komissiyasının sədr müavini Fətəli Abdullayev, AMEA-nın işlər idarəsinin müdir müavini, Mənzil bölgü komissiyasının katibi Sərdar Əliyev və komissiyanın digər üzvləri, “Evrostroy – S MMC” şirkətinin rəhbəri Seymur İsayev ilə gizli şəkildə sövdələşərək mənzilləri AMEA-ya dəxli olmayanlara satıblar.

“Evrostroy-S” MMC izi itirmək üçün şirkətin adını “Sipark inşaat” adlandırılıb. Bu şirkətin adı bir çox qalmaqallı hadisələrdə tez-tez hallanır.

Göründüyü kimi, təkcə Təbriz küçəsində 54 ailəni yox, AMEA işçilərini də aldadıblar. Bu azmış kimi, TV-yə belə kələk gəliblər. Bu haqda az sonra…

Ümumiyyətlə, son illər “Sipark” tikinti şirkətinin və onun rəhbəri Seymur İsayevin adı müxtəlif qalmaqallarda çəkilir.

Əsasən Akif Çovdarovun adamı kimi tanınan Seymur İsayev bu dəfə televiziyaları, prodakşları aldatmaqla yeniliyə “imza” atıb. “Sipark” şirkəti ilə “Baku Art Lab” şirkəti arasında anlaşma olur.

Bu anlaşmaya əsasən “Sipark” şirkətinin Azad Azərbaycan Televiziyasında (ATV) reklamı getməli idi. İlkin razılaşma olur və reklam 9 həftə davam edir.

Bu barədə məlumatı “Baku Art Lab” şirkətinin rəhbəri də təsdiq edib. Onun sözlərinə görə razılaşma olunduqdan sonra müqaviləni imzalanması üçün müraciət olunub:

“Biz müqavilə üçün müraciət etdik, dəfələrlə “Sipark” şirkətinin əməkdaşları heç bir problemin olmadığını, sadəcə zaman baxımından rəhbərliyin başı qarışıq olduğunu deyirdilər. Reklamın keyfiyyəti, təsiri, təsviri və digərə texniki elementləri ilə bağlı isə heç nə demirdilər.

Sadəcə mütəmadi olaraq hər şey yaxşıdır, əməkdaşlığa davam edirik, müqaviləni də rəhbərliyin başı açılan kimi həll edəcəyik deyirdilər.

Proses bu formada 9 həftə davam etdi. Ondan sonra mən 14000 azn və 1750 azn, bütövlükdə 15750 manat vəsait ödənilməli olduğunu dedim.

Bu zaman oranın əməkdaşları başqa söhbətlər eləməyə başladılar. Müqavilə yoxdur, reklam xoşumuza gəlmədi falan dedilər.

Məhz bundan sonra reklamı televiziyadan mən çıxardım. Biz birinci dəfə idi ki, bu formada biabırçılıqla rastlaşırdıq. Əvvəla əgər razı deyildinsə niyə müqavilənin imzalanmasını uzadırdın?”

Xatıradaq ki, şirkətin rəhbəri Seymur İsayev o şəxsir ki şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə apardıb. General Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.

MTN generalına etdiyi xahişlə R.Qarayevi esktremist vəhhabi ittihamı ilə nazirliyə çağırıb sorğu-sual edib, dindirib, təzyiq göstəriblər. Bu barədə mətbuatdayazılıb.

İndi isə Təbriz küçəsinin sakinləri və AMEA-nın mənzil fırıldağı qurbanları əllərini üzüb oturublar, bəlkə dövlət baba işə qarışa…

0.27318096160889