Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib - foto

 

 

Dekabrın 12-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Baş Nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Toplantıda GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin perspektivləri, quruma üzv ölkələrdə münaqişələrin həlli istiqamətində yeni fəaliyyət proqramının hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın GUAM-a üzv dövlətlərlə hərtərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini bildirən Baş Nazirin müavini Əli Əhmədov son illər ölkəmizin iştirakı ilə bölgədə həyata keçirilən beynəlxalq infrastruktur layihələrinin səmərəli nəticələrindən bəhs edib. Bildirib ki, GUAM ölkələr arasında iqtisadi, ticari əlaqələrin inkişafı üçün əlverişli platformadır. Azərbaycanın həyata keçirdiyi iri nəqliyyat, enerji layihələri GUAM-a üzv ölkələr arasında iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsinə əsaslı zəmin yaradır.

Əli Əhmədov 2020-ci ildə Azərbaycanın GUAM-a sədrliyi dövründə əsasən infrastruktur, enerji, ticarət layihələrinin qəbul edilməsi üzərində işlərin davam etdiriləcəyini vurğulayıb.

Görüşün iştirakçıları GUAM-a üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində həmrəy olduqlarını bildiriblər.

Toplantıda çıxış edən Ukraynanın Baş Naziri Aleksey Qonçaruk, Moldovanın Baş Naziri İon Kiku və Gürcüstanın Baş Naziri Georgi Qaxariya təşkilatın fəaliyyət göstərdiyi illərdə beynəlxalq arenada qazandığı nailiyyətlərdən, qurumun qarşısında duran vəzifələrdən bəhs ediblər. GUAM ölkələri arasında azad iqtisadi zonanın yaradılması, sabit inkişafın təmin edilməsi, nəqliyyat, energetika, turizm, elm və mədəniyyət sahələrində mövcud olan əlaqələrin intensivləşdirilməsi və inteqrasiya proseslərinin gücləndirilməsi məsələlərinin müzakirəsinin vacibliyini vurğulayıblar.

İclasın yekununa dair protokol və quruma üzv ölkələrin gömrük idarələri arasında birgə əməkdaşlıq haqqında protokol imzalanıb.

Sonda GUAM ölkələrinin hökumət başçıları qurumun gələcək strategiyası ilə bağlı mətbuat konfransı keçiriblər.

 

0.220782995224