Bakıda “yiyəsi çıxmayan” qəsəbənin bitməyən su dərdi - VİDEO

Suraxanı rayonu Binə qəsəbəsi, “Südçülük sovxozu” adlanan ərazidə yaşayan minlərlə sakin şirin su və yolsuzluqdan əziyyət çəkir.  

Qəsəbənin uzun illər əvvəl salınmasına baxmayaraq, ərazidə nə su xətti, nə də asvalt yol olub. Sakinlər bildirirlər ki, uşaqlar məktəbə suyun içi ilə gedib-gəlirlər, yaşlı insanlar yolu gedə bilmirlər. Dəfələrlə yıxılıb suyun içində qalanlar olub.  

Sakinlər qeyd edirlər ki, uzun illərdir ya pul verib su alırlar, ya da quyu suyu içirlər. Hətta sudan zəhərlənən uşaqlar da olub.  

Başı bəlalı qəsəbənin dərdi bununla da bitmir. Belə ki, buradakı vətəndaşlar hansı inzibati rayonun tabeçiliyində yaşadıqlarından da xəbərsizdilər. Sakinlər komunal ödənişləri Xəzər rayonuna, digər ödənişləri isə Suraxanı rayonuna ödəyirlər.  

“Suraxanı rayonu atır Xəzər rayonunun üstünə, Xəzər rayonu atır Suraxanı rayonunun üstünə”.  

Mövcud vəziyyətlə bağlı vətəndaşlar hər iki icra orqanına müraciət etsələr də, heç bir nəticəsi olmayıb. 

Suraxanı rayon icra nümayəndələrindən onlara verilən cavab isə belə olub: 

“Gedin, hara şikayət edirsiz, edin, nə vaxt pul ayrılacaq, onda problemləri həll edəcəyik”.  

Məsələ ilə bağlı ilk olaraq Suraxanı rayon icra hakimiyyətinə yollandıq. Burada şifahi açıqlama verən şöbə müdiri Bərduxan Bərduxanov sözügedən ərazinin Suraxanı rayonu ərazisi olmadığını bildirib.  

Xəzər Rayon İcra hakimiyyətində isə ümumiyyətlə, suallarımıza cavab verilmədi. Hətta Baku TV-ni tanımadıqlarını bildirdilər.  

Ərazinin tam olaraq hansı rayonun balansında olduğunu öyrənmək üçün Əmlak məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Buradan bildirdilər ki, inzibati ərazi bölgüsünə görə, südçülük sovxozu adlanan ərazi faktiki olaraq Suraxanı rayonunun inzibati ərazisidir. Aydın olan isə odur ki, məsul icra qrumları nəinki sakinlərin problemləri ilə maraqlanmaq, ümumiyyətlə, rayonun inzibati sərhədlərini də bilmirlər.  

Baku TV olaraq “Südçülük sovxozu” adlanan ərazinin Suraxanı rayonuna aid olduğunu həmin rayonun İcra orqanına bildirməyi də özümüzə borc bildik.  

Sail Ağasəlim  

Elgün Hümbətov 

0.16081404685974