İstanbuldan gələn şəxsin baqajında güllə tapıldı

 

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan patronların Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar. 

DGK-dan paralel.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn sərnişinin baqajı rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri görünüb.  

Vətəndaş baqajını götürüb getmək istəyərkən saxlanılıb və təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. 

Yoxlama zamanı ona məxsus çamadanın içərisindəki montun cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron, şifahi və yazılı formada bəyan olunmayan 12 ədəd patron aşkarlanıb. 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırlar. 

Faktla bağlı araşdırma aparılır. 

0.1425039768219