Professor oğlunun cinayəti: yalanı ifşa edən xüsusi aparat, rüşvət... - TƏFƏRRÜAT

Bakı Dövlət Universitetinin mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri, professor Alış Qasımovun oğlu Azər Qasımov hakim qarşısına çıxarılıb. O, dələduzluqda və rüşvət verməyə təhrik etməkdə ittiham edilir. Musavat.com xəbər verir ki, Azər Qasımovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, Azər həbs edilən zaman Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə müvəkkili olub.
Onun əməlləri barədə DİN rəhbərliyinə məlumat verilib və o, işdən azad edilib. Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Azər Qasımov media nümayəndələrinin prosesdə iştirak etməsini istəməyib.
O, deyib ki, bu işdə atasının adınının çəkilməsinə etiraz edir. Hakimlər müşavirədən sonra prosesin qapalı keçirilməsi üçün heç bir əsas olmadığı qənaətinə gəliblər.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Azər Qasımov İsmayılovlar ailəsinə qarşı dələduzluq edib. İttihamda yazılır ki, Azər Qasımov Fatimə İsmayılovanın həbsdə olan oğlu Vüqarın işini həll etməyi, onu azadlığa çıxarmağı vəd edib. Bu məqsədlə ondan ayrı-ayrı vaxtlarda, müxtəlif məbləğlərdə pul alıb.
Məhkəmə prosesində məlum olub ki, Fatimə İsmayılovanın oğlu azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilib. Ana oğlunun şərləndiyini və onun günahsız olduğunu deyib. O, bildirib ki, oğlunu azadlığa çıxarmaq üçün Azərin dedikləri ilə razılaşıb.
İşin maraqlı tərəfi odur ki, Azər Fatimə İsmayılovanı inandırıb ki, oğlunu şərləyənləri ifşa edəcək. Belə ki, Azər Fatimə İsmayılovanın oğlu Vüqarın işindəki zərərçəkmiş qızın yalan danışdığını ekspertizada xüsusi cihaz vasitəsi ilə sübut edəcəkmiş. İsmayılova deyir ki, Vüqara 12 il həbs cəzası veriləndən sonra aldadıldıqlarını başa düşüblər. Bundan sonra Azər Qasımovdan hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Elan olunmuş ittihamla Azər Qasımov dələduzluqda özünü təqsirli bilib. Amma rüşvət verməyə təhrik ittihamını qəbul etmir. Qasımov deyib ki, heç kimi heç nəyə təhrik etməyib. Ona ifadə vermək təklif olunsa da, indi danışmaq istəməyib. Deyib ki, şahidlər dindiriləndən sonra danışacaq.
Məhkəmədə ilk olaraq Fatimə İsmayılova sərbəst ifadə verib. Onun sözlərinə görə, A.Qasımova oğlunun həbsdən buraxılmasından ötrü bir neçə dəfəyə ümumilikdə 25 min manat pul verib: "Azər müəllim qaynımın qonşusudur. Deyirdi ki, lazım olan yerlərdə tanışları var, bizə kömək edəcək. Bir oğlum var, onu şərləmişdilər, nə desəydi, razılaşırdım. Konkret nə vaxt, nədən ötrü və nə qədər pul verdiyimi xatırlamıram". Amma hakim xatırladıb ki, Fatimə İsmayılova istintaqda bu haqda kifayət qədər ətraflı danışıb. F.İsmayılova istintaqda bunları deyib:
"Azər birinci dəfə Vüqar yeni həbs olunan vaxtda polis idarəsinə onu çəkmək üçün telekanalların gəldiyini dedi. Bunun qarşısını almaqdan ötrü müstəntiqə 1000 manat verilməli olduğunu bildirdi. Mən ona 600 manat verdim. Sonra Maştağadakı psixiatriya klinikasından rəy almaq üçün 2300, ekspertizanın onun xeyrinə rəy verməsindən ötrü 5000 manat pul aldı. Bir müddət sonra təkrar ekspertiza adıyla 4500 manat da verdim. Sonra dedi ki, artıq istintaqı Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır. Bu idarənin müstəntiqinə 10 min manat vermək lazımdır. Mən çətinliklə 9600 manat düzəltdim. Dedi ki, 9500-nü verdim, üstündən 100 manat özüm borc götürdüm. 500 manat idarəyə borclu qaldıq. Sonradan bildik ki, iş heç vaxt o idarəyə getməyib. Az sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə gəldi. Onda da dedi ki, məhkəmənin təkrar ekspertiza təyin etməsi üçün 5000 manat lazımdı. O qədər düzəldə bilmədik, 3800 manat verdik".
Suallara cavab verən F.İsmayılova deyib ki, bu məbləğləri banklardan götürülən kreditlərlə, qohumlarının qızıllarını girov qoymaqla lombarddan götürülən pullar hesabına düzəlib. Fatimə İsmayılovanın dediyindən məlum olub ki, Azər Qasımov onları aldatmaq, yalanlara inandırmaq üçün müxtəlif üsullardan istifadə edib. Belə ki, Azər müxtəlif dövlət orqanlarının, ekspertiza idarələrinin binalarına gedərkən özü ilə İsmayılovları da aparıb. Orada onları gözlədərək həmin idarələrə daxil olub və inandırmağa çalışıb ki, vəzifəli şəxslərlə əlaqələri var.
Qeyd edək ki, A.Qasımov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 32.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə ittiham edilir.
1.7282919883728