Qarabağ danışıqlarında nə baş verir? – “Rusiya Qarabağa ordu yerləşdirmək istəyir”

Dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici Işlər nazirlərinin növbəti görüşü baş tutub.

Sonuncu dəfə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakanyanla sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində görüşmüşdülər. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Bratislavada keçirilən görüş 3 saat yarımdan çox davam edib. Məlumata görə, tərəflər Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətlərini müzakirə ediblər. Eyni zamanda, nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəliblər. 

Hikmət Hacızadə: “Azərbaycan həmin məsələyə razılıq versə, Rusiyadan daha çox asılı qalacaq”

 

Politoloq Hikmət Hacızadə deyib ki, ictimaiyyətə danışıqların təfərrüatları barədə xəbər verilmədiyinə görə Qarabağ münaqişəsinin həlli barədə proqnoz vermək çətindir: «Düşünürəm ki, bu sülh planının nədən ibarət olduğunu heç Azərbaycan tərəfinin özü belə bilmir».

H.Hacızadə qeyd edib ki, sülh prosesi Rusiyanın rəhbərliyi altında getsə, bu ölkə Azərbaycana öz hərbi qüvvələrini yerləşdirməyi planlaşdıra bilər: «Rusiyanın sülh planı Azərbaycan ərazisinə, Qarabağa öz sülhməramlı qüvvələrini yerləşdirməkdən ibarətdir. Bu, əhəmiyyətli dərəcədə Azərbaycanın və Ermənistanın taleyini dəyişə bilər. Azərbaycan bununla razıdırsa, gözləmək mənası yoxdur və çoxdan sülh yönündə real hərəkətlərə başlamaq olardı. Razı deyilsə, onda torpaqlarımızı qaytarmaq üçün Rusiya Ermənistana təzyiq etməyəcək».

Politoloq vurğulayıb ki, Azərbaycan həmin məsələyə razılıq versə, Rusiyadan daha çox asılı qalacaq: «Azərbaycan Laçından başqa Qarabağ ətrafında yerləşən digər işğal olunmuş rayonları qaytaracaq, müstəqilliyi və Qarabağı isə həmişəlik itirəcək. Necə ki, Gürcüstan Abxaziyanı itirdi».

Aydın Mirzəzadə: “Azərbaycan Ermənistana şans vermişdi” 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, deputat Aydın Mirzəzadə isə «Turan» agentliyinə bildirib ki, Ermənistan Azərbaycanın öz ərazi məsələsində heç vaxt güzəştə getməyəcəyini bilməlidir: «Azərbaycanın bu qətiyyətini, beynəlxalq hüquqa söykənən mövqeyini, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, nəzərə almalıdır. Azərbaycan problemin ərazi bütövlüyü çərçivəsində həll edilməsi hüququnu daima qoruyacaq. Problemin hansı yolla həll edilməsinin əhəmiyyəti yoxdur. Azərbaycan Ermənistana şans vermişdi ki, danışıqlar variantından istifadə etsin».

Deputat vurğulayıb ki, Qarabağın ətrafında son vaxtlar hiss olunan diplomatik canlanma Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ilə bağlıdır: «Əgər əvvəllər sadəcə olaraq buna iki ölkə arasında olan bir problem kimi baxılırdısa, ildən ilə Azərbaycanın artan nüfuzu və təşəbbüskarı, moderatoru olduğu iqtisadi layihələrin həyata keçirilməsi dünyanı bu problemi həll etmək qənaətinə gətirir. Ermənistan isə xaricdə müəyyən dairələrə arxayın olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bu da əlbəttə ki, problemi həll etmir. Ancaq bununla belə, bu gün Rusiya və digər böyük dövlətlər, o cümlədən beynəlxalq təşkilatlar da vaxtaşırı problemi dilə gətirir, problemi həll etmək üçün vasitəçilik etməyə çalışır. Düzdür, bu, Ermənistanın özünün maraqlarına çox böyük zərbə vurur. Ermənistan bundan daha çox ziyan görüb, iqtisadi inkişafı dayanıb. Ancaq bununla belə, Ermənistanda hakimiyyətdə bir-birini əvəzləyən qrupların dar düşüncəsi problemin həllinə mane olur». 

Əvəz Həsənov: “Proses çox da ümidverici deyil” 

Konfliktoloq Əvəz Həsənovun fikrincə isə, son zaman Qarabağ münaqişəsinin həlli yolunda Rusiyanın fəallaşmasına baxmayaraq, münaqişənin tez həllinə ümid azdır: «ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya 2018-ci ildən sonra çox fəal olub. İndi də faktiki olaraq Rusiya bütün təşəbbüsləri ələ götürmək istəyir. Bəlli olur ki, Avropa və Amerika da keçmiş SSRİ ölkələrində həlli mümkün olmayan məsələləri Rusiya ilə birlikdə həll etmək, ya da onun üzərinə atmaq istəyir». Ə.Həsənovun fikrincə, Suriyada baş verən proseslərdən sonra məlum olub ki, Rusiya nəsə edə bilər: «Ona görə Qarabağ məsələsində Rusiya nəyisə etmək istəyəcək, ancaq bu o demək deyil ki, bu təşəbbüs münaqişəni dərhal həll edə biləcək, yaxud da tərəfləri razı sala biləcək». 

Ekspert hesab edir ki, tərəfləri razı salmaq üçün Rusiya onları masa arxasına otuzdurur və onlara barmaq silkələyir: «Barmağını ikimizə də eyni cür silkələyir. Burada nəticəni kim necə çıxardacaq, o olacaq. Ermənistanla Azərbaycanın rəhbərliyi bu münaqişəni həll etmək üçün razılığa gəlmədən Rusiya burada heç nə etməyəcək. İndi bəlli olur ki, N.Paşinyan tamam fərqli mövqedədir, bizimkilər isə tamam fərqli. Bizim bir-birimizlə dil tapa biləcəyimiz nöqtələr yoxdur. Hətta o danışıqlar masasının arxasına oturmaq belə tərəflər üçün bir qələbə sayılır. Ona görə də, proses çox da ümidverici deyil. Ancaq ATƏT-in Minsk qrupu həmsədrlərinin Bratislavada görüşüb bəyanatla çıxış etmək niyyəti yaxşı təşəbbüsdür. Bu, tərəfləri bir növ başlı-başına buraxmaqdan qaçmaqdır. ATƏT-in belə intensiv müdaxiləsi çox vacibdir». 

Ə.Həsənov əlavə edib ki, nazirlərin görüşündə ciddi nəticələrin olacağını gözləmək çətin idi: «Çünki birdən-birə deməklə Ermənistanı razı salmaq mümkün deyil. İndi Rusiya Ermənistana qazın qiymətini artırması ilə təsir göstərir. Bu, müəyyən qədər nəticəni verə bilər. Ancaq Ermənistanın Avropa strategiyası da var və Rusiya bundan ehtiyat edir ki, Ermənistanı çox sıxsa, o, Avropa strategiyasını işə sala bilər. Belə bir çətin vəziyyət alınıb». 

“AzPolitika.info”

0.19862604141235