Füzulidə Alı Alıyevin tender maxinasiyaları

Füzuli Rayon İcra Hakimiyyəti Horadizdə yerləşən Bayraq meydanının təmiri məqsədilə tender keçirib. 

Həmin tenderi görüləcək işlərə görə xərcləri 196.000 manat məbləğində qiymətləndirmiş “CAUCASUS Trade” MMC adlı bir şirkət qazanıb. Bilirik ki, Horadiz böyük strateji əhəmiyyət kəsb edən şəhərlərimizdəndir.

Belə ki, cəbhə xəttindən cəmi bir neçə kilometr aralıda yerləşən Horadizdə dislokasiya olunmuş Azərbaycan ordusunun bölmələri həm cəbhə xəttini, həm də İranla olan dövlət sərhədini qoruyurlar.

Eyni zamanda beynəlxalq qurum və təşkilatların nümayəndələri cəbhə xəttində monitorinq keçirmək üçün ilk növbədə məhz buraya gəlirlər. Həmçinin xarici ölkə səfirliklərinin təmsilçiləri və qonaqlar da Horadizə tez-tez səfər edirlər. Bütün bunlar isə burada yerləşən Bayraq meydanının da əhəmiyyətini birə-beş artırır. Yəni məhz burada, cəbhə xəttinin yaxınlığında müqəddəs Bayrağımız daha möhtəşəm görünməlidir ki, həm qonaqlar, həm də onu görə bilən düşmənlər dövlət rəmzimizin qüdrətini görsünlər.

Bu məqsədlə “CAUCASUS Trade” MMC barədə özümüzün internet üzərindən apardığımız araşdırmalar bir nəticə vermədi. Şirkətin gördüyü hansısa işlərə dair heç bir məlumat tapılmadı. Böyük ehtimalla, dəbdəbəli adına rəğmən bu MMC də nizamnamə kapitalı 10 manatdan, bütün maddi-texniki bazası bir möhürdən və işçi kollektivi də bir nəfər müdirdən ibarət olan ilğım-şirkətlərdəndir.

Aktualxeber.az-a daxil olan məlumata görə bu MMC icra başçısı Alı Alıyevə məxsusdur və ona görə də tenderdə qalib elan edilibdir. İcra başçısının əli ilə Füzulidə çoxlu maxinasiyalar etmək məqsədilə yaradılmış “CAUCASUS Trade” MMC vasitəsilə dövlətin vəsaitləri mənimsənilir.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Mənbə aktualxeber.az

0.15119099617004