TORPAQ, UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR!

TORPAQ, UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR!
 

(Əvvəli ötən sayımızda)

"Donmuş təbəssüm" poeması Fəridə Ləmanın yaradıcılığında çox mühüm yer tutur. Ümumiyyətlə, vətənpərvərlik mövzusu Fəridə xanımın ədəbiyyat yolundan qırmızı xətlə keçir.

 Poemada Elvinli xatirələr bölümü də yer alıb. Həmin hissədən bir neçə misranı oxuculara xatırlatmağı özü-mə borc bilirəm. Bəli, şəhid Elvin həmişə kövrək xatirələrlə və ürək yanğısı ilə xatırlanır.

Elvinlə bağlı xatirələr həyat yoldaşı Nuranənin diliylə səslənir əsərdə:

Elvinli xatirələr,

Tükənməyir, bitməyir.

Cismən sağ olmasa da,

Heç  gözümdən  getməyir.

Yaxud;

Gələcəyin generalı

Deyirdim mən Elvinə.

Arzusu böyük idi,

Özü də bacarıqlı.

Amma qədər nə yazıb,

Bilən bir Allah imiş.

Onsuz qəlbimdə qalan

Kədər dolu ah imiş.

İsti  bir bahar günü,

Elvin o gedən getdi,

Bir də geri dönmədi.

Son zəngində nitqi də,

Kədərli, qəmli idi.

Mən isə ağlayırdım,

Deyirdi ki, ağlama,

Narahat oluram mən.

Səbr et, 5 günə, 10 günə,

Qayıdıb gələcəyəm...

Amma o, gəlmədi,

Tale üzümə gülmədi.

Bu misralara göz gəzdirdikcə ürəyim elə yaman kövrəldi ki. Bu tale şəhid Elvin Namazovun qismətinə yazılıb, deməli. Nə etmək olar ki...

Yəqin ki, bu bir qismət, bir tale yazısı imiş.

Gənc nəsildə vətənpərvərlik ruhunu təbliğ edən bu əsərin sonundakı bəzi misralarda Fəridə xanım belə söyləyir öz ürək yanğısını:

Söz ağlar,

Qələm ağlar, söz ağlar.

Nur içində uyu SƏN,

Kəlmə, misra, söz ağlar,

Bir çiçəkli yaz ağlar.

Vətən mənimdir,

Qurbanı mənəm.

Neçə yarası var,

Uzmanı mənəm...        

Şəhid Elvin Namazov Ana dediyi VƏTƏN uğrunda şərəflə ölməyi bacardı və Cənnətini qazandı!

O Böyük Yaradan SƏNə qəni-qəni rəhmət eləsin, şəhidim! Nur içində yat...  Məzarın nura qərq olsun...

Çünki SƏN Ana Vətənin uğrunda canını qurban verdiyin Vətən torpağına qovuşmusan!

Fəridə xanımın vətənpərvərlik mövzusunda araya-ərsəyə gətirdiyi "Donmuş təbəssüm" əsəri Azərbaycanın hər bir vətəndaşının evində masaüstü kitab olaraq, oxunub seviləcək. Şəhid Elvinə həsr edilən bu dəyərli əsər dünya var olduqca yaşayacaq və yurdumuzun gələcək nəsillərinə böyük nümunə, örnək olacaq.

Bu əsər doğrudan da təqdirəlayiq əsərdir. Fəridə Ləmanın Vətənin şəhid oğlu Elvinin xatirəsinə həsr etdiyi "Donmuş təbəssüm" adlı poemasına yazdığım rəyi Səmavi Kitabda yazılan çox dəyərli bir fikirlə davam etdirirəm.

ŞƏHİDLƏRİN MƏKANI CƏNNƏTDİR!

ŞƏHİDLƏR HEÇ  ZAMAN ÖLMÜR!

 ŞƏHİDLƏRİN ADI ÜRƏ-YİMİZƏ YAZILIB!

Çiçək qoxulu yaz günündə-2016-cı ilin aprelində Vətən uğrunda canını qurban etmiş şəhid oğulların ruhu o zaman şad olacaq ki, uğrunda can verdikləri ana Vətənin torpaqları, elləri, obaları düşmən işğalından, yağı tapdağından azad olunacaq. Çünki Vətəni düşməndən qoruyan igid oğulların ən böyük arzusu Qarabağın işğaldan azad olunacağı günü görmək idi.

Vətənimiz Azərbaycanın bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda qurban gedərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsinə ithaf etdiyim şeirimlə bu yazımı bir qədər də zənginləşdirmək istəyirəm...

Ana Vətənimin şəhid oğlu Elvin... Sənin yaşadığın qısa, lakin şərəfli ömür yolunla bağlı yazmaq istədiyim bu məqaləni yazmağa başlayanda 8 avqust, gündüz saat 3 tamam idi. Yazını isə hələ bir qədər sonra tamamlamaq istəyirəm. Artıq hava işıqlanıb, səhər açılıb, 9 avqust günüdür, saat 8:37-ni göstərir. Bu yazını yaza-yaza səhəri diri gözlü açdım. Vətənimin şəhidləri haqda nə qədər əsər, məqalə və şeirlər yazsam, yenə də azdır. Anam qədər canımdan çox sevdiyim Vətənimə canım fədadır!

Kövrək notlar üzərində qələmə aldığım yazını yazdıqca, yana-yana göynəyən, göynədikcə sızlayan ürəyimin ağrısı, göz yaşlarımla kompüterin klaviaturasına damla-damla süzülürdü. Çünki şəhidlə bağlı yazı yazanda həqiqətən insanın ürəyi ağrı-acılara tab gətirmir. Ürək yanaraq külə dönür. Necə ki, bu yazını yazdıqca mənim də kövrək ürəyim yanıb kül oldu.

Yurdun şəhid oğlu, bilirəm ki, QARABAĞ həsrətilə, yurd nisgiliylə ruhun dolaşır Vətən Göylərini. Yoxluğuna hələ də inanmayan, gözləri getdiyin yollarda qalan həyat yoldaşın Nuranədən də çox nigaran qalıb ruhun. Sən özün seçdin bu əbədiyyət yolunu. Adın hər zaman bu Millətin, bu Xalqın ürəyində yaşayacaq, igidim. Ana VƏTƏN onun uğrunda

öz şirin canını qurban eləyən şəhid övladlarını heç vaxt, heç zaman unutmur.

Şəhidim, mənə elə gəlirdi ki, bu geniş həcmli məqaləni yazıb bitirənə kimi ruhun başımın üstündə idi. Elə bil, hiss edirdim ki, ruhun mənimlə bir yerdədir və gözləyirsən ki,  haqqında yazdığım bu yazını nə vaxt yazıb başa çatdıracağam. Bəlkə də buna görə istəmirdim ki, bu məqaləni sona yetirib nöqtəsini qoyum. Ana Vətənimin Şəhid oğlu, düşünürdüm ki, yazı tamamlanan kimi SƏN, bu sakit və səssiz otağımı astaca  tərk edəcəksən.

Çox təəssüflər olsun ki, 2016-cı ilin yazı, çiçəkli və günəşli yaz əvəzinə, ürəklərimizi göynədən ağrı-acı, qəm-qüssə gətirdi yurdumuza. İgid Elvinimizi aldı əlimizdən 2016-cı ilin kədər dolu baharı... Ana Vətənin şücaətli, dəyanətli oğlu Elvin, SƏN ölməmisən, çünki şəhidlər ölmür. Sən əbədiyyət yuxusunda uyuyursan. Axı, şəhidlərin məkanı cənnət olur. Sən də öz cənnətində rahat uyu, rahat yat şəhidim! Şəhidlərin adı  VƏTƏN nisgilli, yurd həsrətli kövrək ürəyimə yazılıb. Əksin həmişə gözlərimin önündədir şəhid qardaşımız Elvin.

Vətənim,  uğrunda canından keçən şəhidlərlə bağlı yazacağım çox yazılar var hələ. Şəhidlər torpaq uğrunda, Vətən uğrunda canını qurban verib. Vətənimin bütün şəhidləri mənə çox əziz və çox doğmadır, elə sənin kimi, Şəhidim. Məzarın nurla dolsun.

Məzarını xoş ətirli tər güllər bəzəyir. Sən axı, günəşli yazı və xoş ətirli çiçəkləri çox xoşlayırdın. Şəhidim, güllərlə bəzənən məzarından hər zaman xoş ətir duyulur.

Şəhidim,  sentyabrın 7-si ad günündüz. Cənnətdəki ad günün mübarək olsun Şəhid qardaşım! Vətənin şəhid oğlu, qisasın məkrli, amanısız, zalım yağılardan alınacaq. Şəhidlərin qanı yerdə qalmayacaq... Gənc yaşında qovuşduğun əbədiyyət yuxun şirin olsun deyirəm, Vətənin Şəhid oğlu... 

Belə  bir fikir də var: ŞƏHİDLƏR ÖLMƏZ!  VƏ-TƏN BÖLÜNMƏZ!

Xatirə  Əziz ( Rəhimli) Şair- jurnalist

0.067625045776367