İcra başçısının qəbulunda döşəmə uçdu - yaralılar var

İcra başçısının qəbulunda döşəmə uçdu - yaralılar var
 

Görüş üçün idarə binasına dəvət olunan sakinlər orada gözlədikləri zaman döşəmə uçub...

Gədəbəydə icra başçısı İbrahim Mustafayevin təşkil etdiyi tədbirin keçiriləcəyi binanın döşəməsi uçub, yaralılar var. Məlumata görə, hadisə rayonun Alnabat kəndində baş verib. Başçı ilə görüş üçün idarə binasına dəvət olunan sakinlər orada gözlədikləri zaman döşəmə uçub, qəbula gələnlər döşəmənin altına tökülüblər.

Olay zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alanlarla yanaşı əli-ayağı sınanların olduğu da bildirilir. Döşəmə uçan zaman binada 50 nəfər şəxsin olduğu haqda da xəbərlər var. Döşəmə uçandan sonra başçının qəbulu baş tutmayıb.

Rayondan aldığımız məlumatda qeyd olunur ki, Gədəbəydə dövlətin balansında olan qəzalı  binalar çoxdur. Həmin binaların təmirinə büdcədən hər il pul ayrılır. Əvəzində rayon icra hakimiyyəti son illərdə dəfələrlə təmir edilib. Üstəlik səlahiyyəti kifayət qədər azaldılan bu orqana əlavə bina tikilir. Halbuki binanın tikintisinə ayrılan pullarla rayondakı qəzalı binaların əksəriyyətini yeniləmək, döşəmə və tavanlarını dəyişdirmək olardı. Hazırda icra hakimiyyətinin qarşısından keçən yol kəsilib, ora bahalı daşlarla üzlənilir.

Rayon sakini Fəqani Hüseynovun Facebook sosial şəbəkəsində yazdığına görə, Gədəbəy Rayon İcra Hakimiyyətinə tikilən yeni bina üçün büdcədən 3 milyon 500 min  manat vəsait ayrılıb. Həmin vəsaiti rayonun icra başçısı İbrahim Mustafayevlə Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov mənimsəyirlər. Binanın tikintisində fəhlələrə ayrılan pul bu 2 şəxsin cibinə gedir. Fəhlə kimi DOST (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) Mərkəzinin işçiləri pulsuz işlədilir. Binanın tikintisi isə yerli sahibkarların hesabına başa gəlir.

Gədəbəydə icra başçısı İbrahim Mustafayev ile ilgili görsel sonucu

İbrahim Mustafayev 

Ümumiyyətlə Gədəbəydən gələn məlumatlar rayonun icra başçısı baxımından bəxti gətirməyən rayonlardan olduğunu söyləməyə əsas verir. İbrahim Mustafayev vəzifəyə təyinat alandan sonra 2 icra nümayəndəsi infarkt olub. 5 ay öncə Gədəbəy rayonun Qaradağ kənd icra nümayəndəsi Cahangir Qasımov başçının qəbuluna çağırılıb. Vəzifəsində qalması üçün irəli sürülən tələbləri yerinə yetirə bilməyəcəyini deyən icra nümayəndəsi təhqirlə üzləşib, işdən qovulub.

Bu ilin aprelində baş verən olaydan sonra Cahangir Qasımov dünyasını dəyişib. Onun icra başçısının şəxsi qəbulundan çıxan kimi ürək tutmasından öldüyü xəbəri var. Eyni davranışla Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərovun da qarşılaşdığı bildirilir. 10 min manat pul gətirməsi tələbinə Asif İsgəndərov 2 övladının ali təhsilli və işsiz olduğunu, hər ay 515 manat kredit ödədiyi cavabını verib. Əvəzində ona pulu gətirməsi və ya işdən çıxması tələbi qoyulduğu iddia olunur. Otaqdan qovulan Asif İsgəndərov oktyabrın əvvəlində yüksək təzyiq, infarkta meyllilik diaqnozu ilə Gədəbəy rayon xəstəxanasına müraciət edib. Orada həkimlər nümayəndənin təzyiqini aşağı sala bilməyiblər. Nümayəndə təcili Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Və hələ də xəstəxanada həkim nəzarəti altındadır.

Gədəbəy ile ilgili görsel sonucu

Gələn məlumata görə, Söyüdlü kəndinə icra nümayəndəsi vəzifəsinə başçı artıq namizəd də tapıb. Bu şəxs Nahid Qabil oğlu Allahverdiyevdir. Bu şəxs vaxtilə çalışdığı Gədəbəy rayon peşə liseyindən külli miqdarda korrupsiyaya görə Əmək Məcəlləsinin “C” maddəsi ilə işdən qovulub. Korrupsiyaya görə işdən qovulan bu şəxsi başçı müavini Natiq Nağıyevlə birləşdirən ortaq cəhət də elə bu məqamdır. Natiq Nağıyev də 2000-ci ildə Əmək Məcəlləsinin “C” maddəsi ilə işdən qovulub. Başçının nümayəndə oyunu ilə bağlı məlumatları isə sosial şəbəkələrdə ictimailəşdirən rayon sakini Anar İsgəndərovdur.

Gədəbəydə torpaqlar da təhlükədədir. Bu həmin ərazilərdir ki, mənfur düşmənlərimiz Qarabağ müharibəsi dövründə ələ keçirmək üçün ora can atıblar. Amma bacarmayıblar. İndi isə durum fərqlidir. Düşmənin ələ keçirə bilmədiyi torpaqları maşın-maşın satırlar. Bu işlərə havadarlıq edən şəxs kimi İbrahim Mustafayevin adı çəkilir. Ortada Gədəbəyin Saratovka kəndinin mübahisəli ərazisində torpaqların maşınlara doldurulması əks olunan videolar da var. Videomaterialı sosial şəbəkələrə yollayan şəxs yazıb ki, ərazidəki texnikalar gecə-gündüz işləyir, texnikalar vasitəsilə qara torpaq daşınır.

Yayılan xəbərlərdən belə aydın olur ki, icra başçısı İbrahim Mustafayevin özbaşınalığına aidiyyəti qurumlar göz yumur, Gədəbəyin Saratovka kəndindəki torpaq talanına biganə qalır. Yayılan videonun altındakı şərhlərdə torpaqların hansısa “şahənşahın” bağına daşındığı haqda rəylər də var.

Yazıda yer alan iddialara münasibət öyrənmək üçün Gədəbəy Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Bununla belə qarşı tərəfin də mövqeyin dərc etməyə hazırıq.

0.030972957611084