Qəbir yeri rüşvəti kimin cibinə gedir?

Bakıda qəbir yerinin qiyməti 1500-3000 manata satılır

Azərbaycan o ölkələrdəndir ki, bir sıra sahələrdə ya qanun işləmir, ya da işbazlar hökumətin yaratdığı boşluqdan məharətlə faydalanır və milyonlar qazanırlar. Ölkədə belə sahələr çoxdur. Qanunun işləmədiyi, hakimiyyət tərəfindən qəsdən işbazların öhdəsinə buraxılmış, külli miqdarda gəlir gətirən sahələrdən biri də hər kəsin son mənzili olan qəbirstanlıqdır.

Qanunla qəbir yerlərinin pulla satılması qadağan olunsa da, bəzi işbazlar "qəbirstanlıq biznesi" ilə hələ də məşğuldur.

Bakı şəhərində ölməyin insana necə baha başa gəldiyini bilməyən yoxdur. Bu gün ölüsü düşən orta statistik azərbaycanlı ailəsi öz yaxınını itirməyin acısını yaşamaq əvəzinə, qəbir yerinin və yas məclisinin təşkili ilə bağlı məsələlərə köklənir. Səbəb isə məlumdur:  "Axı eldən ayıbdır!”.

Bu "ayıbı" əlimizdə bəhanə edib ödəniş etməməli olduğumuz halda, bir qəbir yeri üçün 2-3 aylıq maaşımızı, hətta bəzən daha çox pul veririk. Kimə? Bu ödəniş vergi olaraq  nəzərdə tutulmayıbsa, qəbir yerlərinin pulları kimin cibinə gedir?

Elə bu məqsədlə yaslı adam obrazına girib,  bir günlük də olsa yas tutaraq, qəbir yeri axtaran ölü sahibi kimi Azərbaycan Nəşriyyatı ilə yanaşı olan Yasamal məzarlığına  baş çəkdik. Burda çox sayda hasarlanmış dəbdəbəli qəbirlər var. Eyni zamanda bir neçə nəfərin dəfn olması üçün də hasarlanmış boş yerlər var. Məzarların ətrafında dolaşan  sir-sifəti əcaib məxluqlara bənzər "mollalar"ın əlindən isə demək olar ki, sərbəst gəzmək olmur. (Başqa bir yazının mövzusu olduğu üçün bu barədə geniş danışmayacam).

Fürsət tapıb, ətrafda məzar ziyarətinə gələn insanlarla söhbət etdik. Dedilər ki, burada  qəbir yerinin qiyməti orta hesabla 1500-3000 manatdır.

Təsəvvür edin, Bakıətrafı ərazilərdə təxminən 150-yə yaxın qəbirstanlıq var. Statistik məlumata görə, hər gün Bakı və ətraf ərazilərdə 800-1000 nəfər insan vəfat edir və bu sayda da qəbir yeri satılır. Təxmini hesablamaya görə, hər gün Bakıda qəbir yerlərinin satılmasından orta hesabla 150-200 min manat pul məmurların cibinə axır. Bu gəlirin  aylıq miqdarı təxminən 4,5-6 milyon manat təşkil edir.

21 noyabr tarixində Ictimai tv-də  mövzumuza uyğun müzakirə xarakterli veriliş yayımlanırdı. Bakı şəhər icra hakimiyyətinin bu sahə ilə məşğul olan xidmət rəhbəri Sabir Həsənov və Xocahəsən bələdiyyəsinin sədri həmin verilişin qonağı idilər. Qonaqlar  Bakı şəhərində qəbir yerinin qiymətinin  63(!) manat, ümumi dəfn xərcinin isə 150-200 manat təşkil etdiyini bldirdilər. Verilişə zəng edən vətəndaşlar söylənilən rəqəmlərə ciddi etiraz etdilər, Bakı şəhərində qəbir yerlərinin qiymətinin 1500 manatdan başladığını, şəhərin mərkəzinə doğru olan yerlərdən asılı olaraq, qiymətin artaraq dəyişdiyini dedilər.

Əziz oxucu! Hər birimizə məlumdur ki, Milli Məclisdə qəbirstanlıq xidmətləri haqqında qanun qəbul  olunub və həmin qanuna uyğun olaraq, Nazirlər Kabineti qərar qəbul edib. Lakin işbazlarla yerli hakimiyyət orqanlarının qurduqları oyun nəticəsində bu qanun hələ də işləmir və hadisələrin gedişindən aydın görünür ki, qüvvədə olan qanun uzun müddət işləməyəcək də.

Sizcə Bakı şəhərində  yerli icra hakimiyyətində işləyən başçılar hər ay 4,5-6 milyon manat havayı pulun əldən  çıxmasına heç  razılaşarlarmı?!

Əlbəttə, icra başçıları bu qədər pulun əldən çıxmasına razılaşmazlar. Onlar necə,  hansı yolla olur-olsun, həmin pulun bir hissəsinin hesabına pul qazanmağa davam edəcəklər!

Bəs ölkədə hər kəsin başına gələn faciədən sui-istifadə edərək, insanlara dar gündə yardım etmək əvəzinə, onu soyan, soyduran hakimiyyəti hansı yolla pis əməldən çəkindirək? Bəlkə yolu birlikdə axtaraq?!

Düşünürəm ki, bu məsələdə ən çox günahkar   elə qəbir yerinə pul verən vətəndaşlarımızın özüdür. Biz millət olaraq o qədər maymaq və qorxağıq ki, öz vətəndaş haqqımızı rüşvətxor, oğru məmurlardan tələb etməyi, hüququmuzu qorumağı belə, bacarmırıq! Bəli, bütün belə məsələlərdə günahı mütləq özümüzdə axtarmalıyıq, çünki günahkar özümüzük!

Şahnaz Salehqızı

0.11015510559082