Sahil Babayevin rüşvət ittihamı ilə işdən çıxardığı məmur yenidən nazirlikdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxardığı məmurlardan birinə – Elşən Tağıyevə bir ay öncə sözügedən nazirlikdə yeni vəzifə verilib.
 
Bu barədə arqument.az-a verilən məlumatda bildirilir. 
 
"Reytinq” qəzetinin ötən il yaydığı məlumatda isə deyilirdi ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev və Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyevin "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldıqları barədə nazirə məlumat daxil olub. Bundan sonra nazir hər iki məmuru işdən uzaqlaşdırıb. 
 
Deyilənə görə, Elşən Tağıyevi işə qaytaran Əmək və Əhalinin Müdafiə Nazirliyində Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Heydərov olub. 
 
 
Fuad Heydərovun Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin bacısı oğlu olduğu deyilir, həmçinin onun bir aydır ki, bu vəzifəyə təyin olduğu bildirilir. 
 
Məlumatda Tağıyevin işə qaytarılması ilə bağlı nazirə təzyiqlərin olduğu da istisna edilmir: "Elşən Tağıyev Sahil Babayev tərəfindən rüşvət alma adı ilə işdən çıxarılır, bir ay bundan qabaq  isə yenidən işə bərpa olunur. Yeri gəlmişkən, Elşən Tağıyev həm də Sahil Babyevin müavini Anar Kərimovun güclü himayəsi altındadır. Görünür, nazirliyi korrupsiya yuvasından təmizləmək istəyən Sahil Babayev Fuad Heydərovların, Elşən Tağıyevlərin sürprizləri ilə üzləşməli olacaq. Görəsən, "islahatçı nazir"in rüşvət üstündə qovduğu daha hansı adamlar yenidən bu nazirliyə təyinat alacaq”. 
 
"Bir müddət öncə ölkə başçısı etimad göstərdiyi nazirlərin mediada kompromat savaşı ilə üzləşdiyini demişdi. Həmin dövrdə bu mövzularda ən çox Sahil Babayevin adı hallanırdı. Görünür, yenə hakimiyyətdaxili kompromat savaşı və Elçin Babayevi, bacısı oğlu Fuad Heydərovu Prezident Adminstrasiyasından idarə edən dirijor çubuğu Sahil Babayevin imzaladığı əmri geri oxutdurub. Ya da artıq nazir idarəetməyə nəzarəti itirib, hətta onun qovduğu şəxsləri işlə təmin edə bilirlər”, - məlumatda qeyd olunur.
 
BDU-nun rektoru Elçin Babayev 
 
Məlumatı verən mənbə qeyd edib ki, bu məsələlərdə BDU rektoru Elçin Babayevin də xüsusi rolu olub, ancaq onun burada məqsədinin nə olduğu tam açıqlanmır: "Hazırda Elçin Babayev təhsildən başqa hər bir işlə məşğuldur. Xatırlayırsınızsa,  təhsil eksperti Etibar Əliyev bu yaxınlarda rektorun universitetdə dönərxana açdığını demişdi. O bildirib ki, BDU-nun yeni rektoru Elçin Babayev universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb və "Çarx üstü” adlı dönərxanalar rektora məxsusdur”. 
 
"Reyting.az"ın 2018-ci ilin iyun ayında yaydığı məlumatda bildirlir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin iki əməkdaşını rüşvət almaq ittihamı ilə işdən çıxarıb. 
 
İşdən çıxarılan şəxslərin Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev və Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyev olduğu açıqlanıb.
 
Xəbərdə deyilir ki, onların "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldıqları barədə nazirə məlumat daxil olub, bundan sonra Sahil Babayev hər iki əməkdaşı vəzifədən uzaqlaşdırıb.
 
"As İnşaat-N” MMC-nin yüksək vəzifəli şəxslərdən birinə bağlı olduğu və məhz həmin şəxsin xahişi ilə iki məmurun işdən çıxarıldığı iddia edilir. 
 
İşdən çıxarılanlar isə "As İnşaat-N” MMC-nin fəaliyyətinin şəffaf olmadığını deyiblər.
 
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
 
Mənbə arqument.az
0.2352409362793