"Mənəviyyatı pulla satın almaq olmaz..."

Patriarx Kiril: "Azərbaycanın himayədarlığı ilə müasirliyin çətin suallarına birlikdə
cavab tapmaq istiqamətində çoxsaylı dinlər və mədəniyyətlərarası tədbirlər keçirilir"

Noyabr ayının 14-15-də ölkəmizin evsahibliyi ilə baş tutan daha bir beynəlxalq tədbir uğurla başa çatdı. Dünyada dini radikalizmin və separatizmin daha geniş regionları əhatə etmək cəhdlərinin gücləndiyi bir zamanda dünya dini liderlərini bir araya gətirən belə bir tədbirin ölkəmizdə keçirilməsi heç şübhəsiz ki, çox böyük əhəmiyyət daşıyır. Müstəqilliyinin ilk vaxtlarından ölkəmizdə dini və milli birliyə və həmrəyliyə çalışan Azərbaycan dövlətində, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu problemin həll yolu tapıldı. O vaxtdan keçən müddət ərzində dünyanın multikulturalizm mərkəzi kimi yüksək səviyyəyə qalxan Azərbaycanın beynəlxalq aləmdə də nüfuzu xeyli artıb. Bütün bu nailiyyətlərin əldə olunmasında dövlət başçısı İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində apardığı məqsədyönlü daxili və xarici siyasət kursu mühüm yer tutur. Noyabrın 14-15-də paytaxt Bakıda keçirilən Dünya dini liderlərinin II Bakı Zirvə Toplantısında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də ölkəmizdə həyata keçirilən dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd edib. Azərbaycan dövləti qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma - insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini verir. Elə bu məqsədlə keçirilən Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən "Bakı Prosesi"nin məntiqi davamıdır. Bundan əvvəl də prezidentin təşəbbüsü ilə ölkəmizdə "Multikulturalizm" və "İslam Həmrəyliyi" illəri çərçivəsində çoxsaylı beynəlxalq tədbirlər, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammiti keçirilib. Bu tədbirlərlə yanaşı, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə verdiyi töhfələr də, dünyada multikulturalizmin inkişafına xidmət kimi qiymətləndirilir. Bununla belə, son Sammitdə müzakirə olunan mövzuların da əhatə dairəsi çox geniş olub - "Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu", "Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi", "Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə", "Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti". Bütün bu mövzular müasir dünyamızda sülhün və birgəyaşayışın nümunəvi formasının tapılmasına yönəlib və dünyada multikultural dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Öz çıxışında ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, multikulturalizmin və tolerantlığın inkişaf etdirilməsi məsələlərinə toxuna Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir və milli-dini birlik ideyası dövlət siyasəti səviyyəsində həyata keçirilir: "Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan müasir Azərbaycanda Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanin yüksək dövlətçilik təfəkkürü ilə milli-mənəvi dəyərlərə verdiyi önəm sayəsində bəşəri birliyə xidmət edin multikulturalizm, islam həmrəyliyi kimi ideyaların reallaşması istiqamətində uğurlu addımlar atılır və bu addımlar beynəlxalq aləmdə böyük siyasi-mənəvi rezonans yaradır". İki gün davam edən bu möhtəşəm tədbirin əsas məqsədi beynəlxalq sabitliyə və təhlükəsizliyə təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısını almaq üçün birgə fəaliyyətin vacibliyini diqqətə çatdırmaq olub. Bunun üçün isə ilk növbədə siyasi, ictimai və dini liderlərin birgə əməkdaşlıq və qlobal səylərini artırması ən mühüm və vacib şərtlərdəndır. Çünki bu gün informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq, yayılan geniş nifrət çağırışları, artıq böyük ictimai təhlükəyə çevrilməkdədir. Yaddan çıxarmaq olmaz ki, məhz belə nifrət çağırışları sayəsində ölkəmizin Dağlıq Qarabağ bölgəsi və ətarf 7 rayonu erməni hərbi təcavüzünə və soyqırımına məruz qalıb. Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Bir milyondan çox insan öz yurd-yuvarlarından qacqın və məcburi köçkün düşüb. Həmin ərazilərdəki dini və mədəni abidələrimiz vəhşicəsinə dağıdılıb. Bu işğalı, soyqırımı və vandalizmi dünya ictimaiyyəti hələ də susqunluqla qarşılayır. Anlamaq lazımdır ki, bu təkcə Azərbaycanın problemi deyil, bütün bəşəriyyəti təhdid edən bir problemdir və onun həllinə də birgə çalışmaq lazımdır. Nifrət çağırışlarının, təhrik mesajlarının qarşısı alınmalıdır. Azərbaycan heç vaxt söz azadlığının, demokratiyanın əleyhinə olmayıb. Azərbaycan söz azadlığını nifrət çağırışlarına çevirənlərin əleyhinə olan bir dövlətdir və öz siyasətini də bu istiqamətdə həyata keçirir. Dünya dini liderlərinin II Bakı Sammitində iştirak elən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kiril tədbirdə çıxış edərək bildirib ki, son illər Bakıda və bir çox ölkələrdə Azərbaycanın himayədarlığı ilə müasirliyin çətin suallarına birlikdə cavab tapmaq istiqamətində çoxsaylı dinlər və mədəniyyətlərarası tədbirlər keçirilir. Məhz bu səbəbdən Bakı qlobal səviyyəli dinlərarası dialoq meydanına çevrilib. Patriarx Kiril daha sonra qeyd edib ki, son onilliklərdə dünyanın ayrı-ayrı bölgələrində yaranan münaqişələr və terror halları hamını narahat edir:"Terrorçular günahsız dinc insanların qanını axıdır. Şri-Lanka, Yeni Zelandiya, Suriya, İraq, Əfqanıstan, Fransa-bunlar son iki ildə dünyanı sarsıdan terror aktlarının törədildiyi ölkələrin heç də tam siyahısı deyil. Açıq etiraf etməliyik ki, hazırda ənənəvi dinlərə qarşı müharibə gedir". Qloballaşan dünyamızda baş verən bir çox aktual məsələlərə toxunan Moskvanın və Bütün Rusiyanın Patriarxı Kiril çıxışının sonunda tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, tarix boyu xristianlar, müsəlmanlar və yəhudilər bu torpaqlarda birgə yaşayıb və bu gün də onlar sülhün qorunması üçün eyni dərəcədə məsuliyyət daşıyırlar:"Mən bütün xoşməramlı insanları bu problemlərdən kənarda qalmamağa çağırıram. Əminəm ki, dini liderlər dialoq yolu ilə bu gün bəşəriyyətin rastlaşdığı problemlərə ciddi təsir göstərə bilərlər. Bizim səsimiz o vaxt inandırıcı olar ki, birlikdə və həmrəyliklə səslənsin. Əminəm ki, biz birlikdə Tanrı qarşısında cavabdeh olduğumuz sülhyaradıcı vəzifəmizi yerinə yetirə bilirik. Səmimi qəlbdən arzu edirəm ki, bugünkü Sammit bunun təsdiqi olsun". Patriarx Kiril dünada multikulturalizmin, tolerantlığın, bəşəri birgəyaşayışın, sülhün və həmrəyliyin bərqərar olması istiqamətində gördüyü böyük işlərə görə, Azərbaycan Prezidentinə və Birici vitse -prezidentə öz minnətdarlığını bildirib. Rusiya Federasiyasının Federasiya şurasının sədr müavini İlyas Umaxanov Sammitdə çıxış edərək, bir sitat gətirib: "Əsil mənəviyyatı nə milyonlara, nə də milyardlara almaq olmaz, çünki mənəviyyatdan məhrum insanların cəmiyyətdə heç bir dəyəri yoxdur, hətta, onlarda həmin milyonlar və milyardlar olsa belə" - bu sözlər Azərbaycan xalqının böyük oğlu, Ümummilli lideri Heydər Əliyevə məxsusdur". Daha sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub. Sammitin işində iştirak edən Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rüstəm Kasimov Azərbaycanın dünyada multikulturalizmin və tolerantlığın təbliği istiqamətində gördüyü işləri yüksək qimətləndirb. O qeyd edib ki, Azərbaycanda konstruktiv sivilizasiyalararası və dinlərarası dialoqun möhkəmlənməsinə kömək edən beynəlxalq tədbirlərin keçirilməsi gözəl ənənədir. Özbəkistanın Dövlət müşaviri Prezident İlham Əliyevə müraciətlə deyib:"Cənab Prezident, Sizin də qeyd etdiyniz kimi, hazırda - dünya ictimaiyyətinin ziddiyyətlərin, həmçinin dini şüarlar altında ekstremizm və terrorizmin kəskinləşməsi problemlərindən narahatlıq keçirdiyi bir şəraitdə bu kimi tədbirlərin keçirilməsi çox vacibdir. Tolerantlıq günü bizim respublikamızda da geniş qeyd olunur. Müasir qlobal proseslər, təhlükəsizliyə getdikcə artan çağırışlar və təhdidlər səylərin birləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və konfessiyalararası dialoqun inkişafının zəruriliyini şərtləndirir və Azərbaycan bu istiqamətdə çox böyük işlər görür". O, daha sonra qeyd edib ki, bu gün bütün dünya, o cümlədən islam dünyası həyəcanlı çağırışlarla üz-üzədir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.88707304000854