Öyünən var-dövlət və oğul-uşaqla yox, Rəbb ilə öyünsün!

(KƏVSƏR SURƏSI VƏ ONUN TƏFSIRI)

 (əvvəli 13.11.2019 sayımızda)

 "Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs" (fəsalli birabbikə vənhar). Ayə, Kəsvər bəxş edilən insanın (həzrət Məhəmmədin) bu əmri ən mükəmməl şəkildə yerinə yetirməsinə çağırışdır. "Birabbikə", yəni bu ibadəti yalnız Rəbbin üçün et. Buradakı ibadət isə ixləs və təhvid nüri ilə namaz qılıb, qurban kəsməkdir. Zira Allah üçün qılınmayan namaz, namaz sayılmadığı kimi, Allahdan başqasının adına kəsilən qurban da, qurban deyil. "De ki: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (Ənam, 162).

Bəziləri ayədəki "fəsalli" əmrini beş vaxtı namaz, digərləri isə Qurban bayramı namazı kimi şərh ediblər. Başqaları isə bu əmri Qurban Bayramı namazını qıldıqdan sonra qurban kəsmək kimi təfsir ediblər. Lakin kəlamın deyilmə tərzinə diqqət çəkilsə, aydın olar ki, ayənin anlamı belədir: Ey Peyğəmbər! Rəbbin sənə o qədər yaxşılıq və nemət verdi ki, sən də yalnız Onun üçün namaz qıl və qurban kəs. Məlumdur ki, o zaman Ərəbistandakı bütün müşriklər sitayiş etdikləri tanrılara qurban kəsirdilər. Həmin səbəbdən bu ayəni nazil edən Rəbb bəyan etdi ki, müşriklərin ibadət etdiyi bütlər onlara bir şey vermədikləri halda, Rəbbin sənə Kəvsəri verdi və sən də müşriklərin əksinə olaraq, yalnız Kəvsəri sənə verən Rəbbin üçün namaz qıl və qurban kəs.

İslamda Qurban bayramı namazı (Zilhiccə ayının 10,11,12-si günləri) və qurban kəsmək Mədinədə, Hicrətin ikinci ilində (624-ci il) məşru (şəriətdə vacib) sayılıb. Ayədə isə, "Qılın və kəsin" yox, "namaz qıl və qurban kəs" deyilir. Yəni bu namazı qılmaq və bu qurbanı kəsmək işi sırf Peyğəmbər (ə)-yə əmr edilir. Doğrudur, bəzi məzhəblər bu əmri həm də müsəlmanlara şamil edirlər. Lakin ayədən göründüyü kimi, həmin xitab ancaq həzrət Məhəmmədə aiddir. Ə.Həmbəlidən gələn hədisə görə, Peyğəmbər (ə) buyurub: "Üç şey sizin üçün fərz olmadığı halda, mənim üçün fərz sayıldı: Züha namazı (Günəş çıxandan sonra qılınan namaz), Udhiyyə qurbanı (imkanlı şəxslərə vacib olan qurban), Vitr namazı (axşam, yatsı namazından sonra qılınan namaz)". Lakin Peyğəmbər (ə) həm də buyurub ki, "imkanı olub qurban kəsməyənlər bizim məscidlərə yaxınlaşmasınlar"; "Udhiyə qurbanı kəsin. Çünki o, babanız İbrahim (ə)-nin sünnətidir". Göründüyü kimi, Qurban bayramı namazından sonra qurban kəsmək Quranla yox, Peyğəmbər (ə)-nin göstərişilə gündəmə gətirilib. Və bu qurban onun ümmətinə yox, ona fərz bilinib. Lakin Məhəmmədin "Bizim məscidlərə yaxınlaşmasınlar" kəlamı, imkanlı şəxslərə də aiddir və kəlam, həmin şəxslərin qurban kəsmələrini vacib sayır.

Məlumdur ki, Quranda namaz qılmağı əmr edən əksər ayələr zəkatla bir yerdə, yəni "namaz qılın, zəkat verin" şəklində təsbit olunub. Bu ayədə isə, kasıblara əl tutmağı və yardımlaşmanı təmin edən zəkat barədə əmr yoxdur. Və ayə "namaz qıl və qurban kəs" şəklində ifadə olunub. Lakin ayəyə Quran hikməti prizmasından baxılarsa, aydın olar ki, elə qurban kəsib onu kasıblara paylamaq da, zəkat kimi bir şeydir. Beləliklə, surənin 1 və 2-ci ayələrinin qayəsi budur: Sənə o Kəvsəri verən Rəbbin üçün sən də qəlb və dilinlə, bədən və malınla, dərəcənə məxsus bir səmimiyyətlə namaz qıl və qurban kəs. Onun nemətini daim an və bil ki, Rəbbinin sənə lütf etdiyi bu ənamın səndən alınmaq ehtimalı da yoxdur. Kəvsər əbədi sənindir.

3."Düşməninin özü əbtərdir" (İnnə şəniəkə hüvəl-əbtər).

Orjinaldakı "Şəni-əkə" (sənə nifrət edən, kin bəsləyən) sözü, nifrət və kinini ömrü boyu davam etdirən mənasını verir. Ayənin anlamı belədir: Sənə nifrət və kin bəsləyən kim olursa-olsun əbtər odur. Quyruqsuz, eybəcər və qısır olan, nəsil və nəcabəti, yaxşı ad və sanı davam etməyən, bütün xeyirlərdən məhrum olacaq adam əsla sən deyilsən, ya Mühəmməd (ə), odur! Əksinə, sənin ardınca gələn xeyirli nəslin də, övladların kimi qəbul edilən səhabən, tabiin (səhabədən sonrakı nəsil) və ümmətin də çoxalacaq. Dinin, kitabın, gözəl adın, feyz və lütfün həmişə yaşayacaqdır. Axirətdə də tükənməz əcrə sahib olan və heç kimə verilməyən o Kəvsər yalnız sənindir.

"Allahın ismi ilə başlanmayan hər bir işin sonu xeyirsizdir, əbtərdir" Peyğəmbər (ə) kəlamııdır. Əbtər sözünün əsas mənası "kəsik" olsa da, ərəb xalq leksikonunda bu termin "kəsilən quyruq" kimi daha məşhurdur. Quyruq arxada, bədənin sonunda olduğundan (heyvanlarda) onun kəsilməsi, arxası, sonu, nəsli davam etməyən və ya gələcək nəslinin xeyirli olmayacağını ifadə edir. "Düşməninin özü əbtərdir" deyən Rəbb , həm As ibn-Vaili, həm də Uqbə ibn-əbu Muaytı cəzalandıracağı barədə Quranda xəbər verir. Belə ki, öz vədini "sonraya" saxlamayan Rəbb, hələ Peyğəmbər sağ ikən onları məhv etdi.

Həzrət Məhəmmədə əbtər deyənlər onun oğullarının vəfatına işarə edirdilər. Halbuki, onun Fətimədən olan nəsli bu gün də yaşayır və inşəəlləh, Peyğəmbər (ə) cəddi qiyamətə qədər də yaşayacaqdır. Onun üç oğlunun hələ körpə ikən vəfat etməsinin hikməti isə, bəlkə də budur: Əvvəla, Allah seçdiyi peyğəmbərinə həm oğul, həm də qız sevincini bəxş edib. Həzrət Məhəmmədi bəşərin sonuncu peyğəmbəri seçən Rəbb, çox güman ki, həzrət Adəm, İbrahim, İshaq, Yəqub, Davud, Zəkəriyyə və digər peyğəmbərlər kimi, onun oğullarından birini saxlayıb peyğəmbər seçsəydi, bu ilahi hikmətə zidd olardı. Zira Rəbb buyurub: "Ya Məhəmməd, sən peyğəmbərlərin sonuncususan".

İkincisi, əgər Allah həzrət Peyğəmbərin oğullarını yaşadıb, onlara peyğəmbərlik verməsəydi, bu halda, həmin dövrün adamları onların xeyirli övlad olmalarına şübhə ilə yanaşardılar. Həmin səbəbdən İlahi hikmət, onların məsum kimi vəfat etmələrini həm onlar, həm də həzrət Məhəmməd üçün daha xeyirli və qüdsi bilib.

Üçüncüsü, görəsən, Allah Peyğəmbər (ə)-nin oğullarını yaşadıb, onlara peyğəmbərlik yox, imamət statusu versəydi nə olardı?

Çox güman ki, o zaman həmin imamət, nəsəb və soy vərəsəliyinə imkan yaradardı. Bu isə Quran hikmətinə və "müsəlmanları doğru yola yönəldən adam kəsik burunlu bir zənci də olsa, ona itaət edin" Peyğəmbər kəlamına zidd olardı. Yəni bu zaman dövlət başçısı seçim ilə yox, avtomatik olaraq nəslə və varisliyə görə təyin olunardı. Peyğəmbər (ə) və onun əhli beytini seçib sevən Rəbb, imaməti həzrət Məhəmmədin oğullarından yox, həzrət Əli və həzrət Fətimədən törənən nəsillər içərisindən seçdi. Dini və dünyəvi elmlərdə kamil olan bu imamlar isə, məzhəb və təriqətdən asılı olmayaraq, bütün müsəlmanların sevimli öndərləridir. İmam Rəbbanı demişkən: "Əhli-beyt sevgisi, əhli-sünnətin sərmayəsidir. Axirət qazancını həm də bu sərmayə gətirəcək".

Bəli, kafirlər həzrət Peyğəmbərin nəslinin kəsiləcəyini, adının unudulacağını güman edirdilər. Amma bu gün 1 milyard 400 milyon müsəlman gündə beş dəfə "lə iləhə illəlləh, Muhəmmədun Rəsululləh" deməklə onun nəslinin, təbliğinin, dininin qiyamətə qədər yaşayacağına şahidlik edir. Lakin 1400 il bundan öncə baş verən bu hadisənin hikmətli çağdaş günümüzdə də xüsusi əhəmiyyət kəsb edir. Çünki bu gün bizim, VII əsrin düşüncə və həyat tərzini formaca XXI əsrə dəyişən, fəqət mahiyyətcə VII əsrdə qalan As və Üqbələrimiz kifayət qədərdir. Onları Peyğəmbər (ə)-ni təhqir edən kafir As və Üqbədən fərqləndirən cəhətlər təkcə zaman faktoru və zahiri müsəlmanlıq deyil. Belə ki, müasir As və Üqbələrin minikləri dəvə və atlar yox, haram pullarla qazanılan "Mersedes"lər, xalqın göz yaşları ilə tikdirib yaşadıqları və yaşamadıqları mülklər isə əsla As və Üqbələrin daxmalarına bənzəmir. Özlərini zahirən müsəlman kimi qələmə verən bu kafir qəlbli insanlar həm haram pul və malları, həm də din və milli dəyərlərimizə düşmən kəsilən oğul və qızları ilə öyünənlərdir. Kəvsəri yalnız Həzrət Məhəmmədə verən Rəbb isə zaman və məkandan asılı olmayaraq, belə insanlara xatırladır ki, "Sizi Bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır" (Səba, 37), "Mal-dövlət, oğul-uşaq bu dünyanın bəzəyidir. Əbədi qalan isə Rəbbin yanındakı əməllərdir" (Kəhf, 46).

Elə isə, öyünən var-dövlət və oğul-uşaqla yox, qoy Rəbb ilə öyünsün.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru

0.52006793022156