Şəhərin rahat həyatını qoyub ucqar kəndə üz tutan gənc müəllimlər: Onları siz də tanıyın!

 

 

Son illər ölkəmizdə müəllim nüfuzunun artmasının mühüm göstəricilərindən biri də regionlarda və ucqar yaşayış məntəqələrində məktəblərin yenilənməsi və gənc müəllimlərin kənd məktəblərinə üz tutması ilə bağlıdır. 

Növbəti təqdimat müəllimlərin işə qəbul imtahanlarında yüksək bal toplayaraq kənd məktəblərini seçən gənc müəllimlər barədədir. 

“Ucqar kənd məktəbini seçməyim öz arzum olub”. 

Xatın Həsənova 28 dekabr 1995-ci il tarixində Ağcabədidə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. Son 6 ilə yaxın Bakı şəhərində yaşayıb. Bu il Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 56 bal toplayıb və müəllim kimi iş yeri olaraq Quba rayonunun Əlik kəndini seçib. 

Hazırda Rəhman Mançarov adına Əlik kənd məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 

- Müəlimlərin işə qəbul imtahanı mənim üçün çox asan keçdi. İmtahanlara necə hazırlaşmağıma gəlincə, düşünürəm ki, heç bir kursa ehtiyac yoxdur. Həm ixtisas, həm də metodika və məntiqdən evdə məsuliyyətlə hazırlaşmaqla yüksək bal yığmaq mümkündür. Gənclərə və müəllim olmaq istəyənlərə tövsiyəm odur ki, onlar da yüksək bal toplamaq istəyirlərsə, indidən hazırlaşmağa başlasınlar. 

Bir gənc müəllim olaraq ucqar kənd məktəbini seçməyim isə öz arzum olub. 

Aran ərazidə böyüdüyüm üçün dağ həyatı, insanları və orada təhsil alan uşaqların təhsili məni daim maraqlandırırdı. Şəhər və adi kənd məktəblərində uşaqların təhsili üçün hər bir imkanlar olsa da, dağ məktəblərində belə deyil. Müsabiqənin nəticəsi olaraq seçdiyim kəndə yolandım. Kənd əhalisi, həm də müəllim kollektivi məni hörmətlə qarşıladı. Olduqca mehriban insanlardır. Mənə yüksək diqqət və qayğı göstərdilər. Müəllim şagirdlərinin ikinci valideynidir. Hər dəfə sinfə daxil olanda şagirdlərimin sevinc dolu baxışlarını görmək mənə böyük stimul verir. Onları çox sevirəm. Dərsdən əlavə vaxtlarda da daim onların yanında olmaq istəyirəm. Elə hesab edirəm ki, biz müəllimlər şagirdlərimizlə ünsiyyət saxlamalı, onlar üçün nümunə olmalıyıq. Şagirdlərin tərbiyəli, savadlı böyüməsində müəllimlərin rolu böyükdür. 

“Ən böyük mükafatım şagirdlərimin təbəssümlə mənə baxan işıqlı gözləridir”. 

Şahid Muradlı 14 yanvar 1990-cı ildə Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə Bakı Mühəndislik Universitetində təhsil aldıqdan sonra müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak edib və 51 bal toplayaraq Bakı şəhərindən İsmayıllı rayonu İstisu kənd tam orta məktəbinə yollanıb. Artıq 5 ildir ki, həmin kənddə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.

Şagirdlərinə və işinə olan həvəsi, məktəb rəhbərliyinin dəstəyi ilə həyata keçirdiyi tədbirlər Təhsil Nazirliyi, Milli Məclisin Gənclər və İdman Komitəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi, AzEdu təhsil portalı, Çinar yayımları tərəfindən qiymətləndirilib. 

- Düşünürəm ki, evimdən uzaqda olsa belə, ucqarlarda təhsil alan uşaqlara bilik vermək üçün bu məsafəni qət etməyə dəyər. Şərəfli müəllim adı və bu peşənin məsuliyyəti mənə çətinlikləri dəf etməyə imkan verir. 

Ucqar kənd məktəbində şagirdlərimlə hər görüş mənə müəllimlik peşəsini daha da sevdirir. Ən böyük uğurum şagirdlərimi layiqli vətəndaş kimi yetişdirmək, ən böyük mükafatım isə onların təbəssümlə mənə baxan işıqlı gözləridir. Bu anlar mənim üçün çox qiymətlidir. Son illər müəllimlərin işə qəbul imtahanlarının yüksək səviyyədə təşkil olunduğunu deyə bilərəm. MİQ imtahanlarının keçirilmə prosesində edilən dəyişikliklər son illərdə Təhsil Nazirliyi tərəfindən atılan ən uğurlu addımlardan biridir. Belə ki, istər test, istər müsahibə mərhələsinin şəffaflığı hər bir gənc müəllim namizədində inam yaradır. Hazırda pedaqoji təhsil alan gənclər heç nədən çəkinmədən imtahan prosesində iştirak edə bilər. MİQ imtahanları neçə-neçə gənc müəllimə öz bilik və qabiliyyətinin qiymətləndirməyə imkan verdi. Onları məktəb həyatı ilə bağladı.

İlhamə Əbülfət

 

0.16972899436951