Həqiqətənmi sənət - insan yaradıcılığı tanrını narahat edən bir əməldir?

 

 

Xalqları “doğulan, yaşayan və ölən” nəhəng bir canlı kimi xarakterizə edən rus alimi Lev Qumilyov Quranın zühurunu tanrıya yox, kitabın özündən əvvəlki ərəb şairlərinə, daha doğrusu, IV-V əsrlərdə ərəb poeziyasındakı intibaha bağlayırdı. 

Qumilyova görə, Quranın və islam mədəniyyətinin əcdadı ərəb poeziyası idi. Ancaq rus aliminin bu fikri, uzağa getmədən, Quranın özündəcə inkar olunur. Biz müsəlmanların müqəddəs kitabı Şüara surəsində buyurur: “Şairlərə gəlincə, onların arxasınca pozğunlar və şorgözlər gedər. Onların hər vadidə divanə kimi dolaşdıqlarını və reallıqda bacarmadıqları şeyləri söylədiklərini görmürsünüzmü? Ancaq imana gəlib yaxşı işlər görənlər, Allahı daha çox yad edənlər və haqsızlığa uğradıldıqlarında özlərini müdafiə edənlər başqadır. Haqsızlıq edənlər nəyə necə çevriləcəklərini yaxında görəcəklər”.

Tarixi reallıq isə Quranı inkar edir, niyə ki, haqsızlığa uğradıldıqları üçün dünyada ən çox mübarizə aparan və bu mübarizə nəticəsində həyatını könüllü şəkildə qurban verənlər arasında say üstünlüyü sənət adamları arasında şairlərin tərəfindədir. 

Bəşəriyyət öz əqidəsi, fikri, sözü, azadlığı uğrunda öldürülən, təqib olunan şairlərin meyvəsidir. İnsanlıq mənəviyyat uğrunda mübarizəni şairlərdən öyrənib. Kimsənin əmri olmadan həqiqət uğrunda ölümə təkbaşına gedən insanlar olub şairlər və s. 

İşimizin adı heç də burada dərisi qara qəpiyə dəyməyən şairləri tərifləmək deyil. Bu yazımızda dini dünyagörüşümüzün sənəti, rəssamlığı, şairliyi, müğənniliyi özünə yaxın buraxmamasının sirrini daha qədimlərdə axtaracağıq; həqiqətənmi sənət – insan yaradıcılığı tanrını narahat edən bir aksiyadır, əməldir? 

Müqəddəs kitabda şairlər haqqında deyilən bu sözlər həqiqətənmi tanrıya aiddir, yoxsa daha əvvəlki bir mədəniyyətdən, daha qədim bir kitabdanmı gəlir? Daha ziddiyyətli bir məqam: əgər tanrı bizi sənətdən və sənət adamlarından yayındırmağa çalışırsa, o zaman biz hansı cəsarətlə yaradıcı istedada tanrı vergisi deyirik? Tanrı öz verdiyini nə üçün sonradan dəbbələyir? 

Gəlin, addım-addım geriyə gedək. Xristianlığın kitabı İncildə sənət, insan yaradıcılığı haqqında, demək olar ki, danışılmır. Çox güman Roma bütpərəstliyi İsanı məcbur edib ki, daşdan, ağacdan özünə allah düzəldən, Müqəddəs Məbədi bazara, “MəbədMall”a çevirən insanlara “mənim evimə dua evi deyiləcək. Amma siz buranı quldur hininə çevirdiniz” deyib onları qovsun. İsa gözəlliyi zahiri effektlərdə deyil, xeyirxah əməllərdə axtarırdı (ümumiyyətlə, bütün dinlərdə gözəllik anlayışı yaradıcılığı deyil, xeyirxahlığı ifadə edir). 

Bir az da geriyə addımlayaq. Tövratda tanrının inşaata önəm verdiyi açıq-aşkar hiss olunur. Tanrı Musaya deyir: “Və aralarında oturum deyə mənim üçün müqəddəs bir məskən tiksinlər”, Sonra müqəddəs məskənin dizaynını söyləyir, “Və məskəni on pərdədən tikəcəksən, bükülmüş incə kətan və lacivərd, bənövşəyi və qırmızıdan usta işi olan xeruvimlərlə (göyərçinə oxşayan mələk) onları bəzəyəcəksən”. Tövratda memarlıq sənətinə önəm verən tanrı, heykəltaraşlığı, xüsusilə surət yonmağı və ona sitayiş etməyi qadağan edir. 

Biz tanrının digər kitablarında “pozğun və şorgöz şairlərin” izinə düşə bilmədik. Odur ki, axtarışlarımızı islamın bəhrələndiyi ellinizmdə davam etdirək. Burada bizi insanın emosional, duyğusal təbiətinə “gölgələr aləmi” adı qoymuş bir filosof qarşılayacaq. Platon! Və o, bizim bu soxasoxda qədim Yunanıstana nə üçün gəldiyimizi bildikdən sonra deyəcək: “Birincisi, sənət yoxdan var olandır, odur ki, bilgiyə deyil, bilgisizliyə dayanır, ikincisi, şair ilhama gəlmədən şeir yaza bilməz, ilham anlayışı isə absurddur, deməli, sənət insanda ağıllı olmayanı cəsarətləndirir, üçüncüsü isə, həqiqətdən qidalanmadığı üçün sənətdən insana xeyir gəlməz. Mən hər dəfə başımı qaldıranda şairləri yunan allahlarının yan-yörəsində avaralanan görürəm. 

Aha, biz, deyəsən, Şüara surəsində şairlər haqqında deyilənlərin izinə düşə bildik. Mən iddia etmirəm ki, bu surədəki fikirlərin müəllifi tanrı yox, Platondur, mən, sadəcə, Platonun öz dövrünün şairlərini necə aşağıladığını göstərmək istəyirəm. Platon yazır ki, həqiqətən var olan qəti olaraq bilinəndir, bilinəndən uzaqlaşdıqca insan qaranlıq bir aləmə düşər. Bilinənin “aletheia”, gizlilik yanı yoxdur. Sənət isə gizlindən, yəni qaranlıqdan, bilinməyəndən gələndir.

Şair cəhalətin, mövhumatın, “aletheia” olanın elçisidir. Odur ki, onlara yox, filosoflara inanın.

İnsan sənətə yox, fəlsəfəyə güvənmələdir. 

Platonun sənəti bu cür aşağılaması, şairləri mövhumat aşiqləri adlandırması Nitsşeni o qədər əsəbləşdirmişdi ki, Nitsşe Platonun bu “ağıl dəllallığı”nın özünü belə özündən yaşca böyük olan və “rasionallığı ilk dəfə yunan səhnəsinə gətirmiş” Afina şairi Evripiddən əkişdirdiyini söyləyirdi.

Yəni Nitsşeyə görə, Platon şairlərə düşmən olmağı şairlərin özündən öyrənmişdi. Günümüzün siyasi-ictimai bənzətməsi ilə desək, öz akademiyasının üzərinə “Geometriyanı bilməyənlərin girməsi qadağandır” yazan Platon sənəti bu şəkildə aşağılamaqla yediyi qaba tüpürmüşdü. 

Sənətin reallıqdan “on çəpər” uzaq olduğunu deyən bu qədim yunan həqiqətlə yaxından-uzaqdan əlaqəsi olmadığı üçün sənətin əxlaqi və siyasi məsuliyyətdən də uzaq ola biləcəyindən şübhələnirdi. Platona görə, şairi siyasətə və ictimai əxlaqa yaxın buraxmaq olmaz.

O burada ancaq pis nümunələrlə yadda qalacaq. Platonun dediklərini, haradasa, sovet şairlərinin həyat və yaradıcılığında görmək olar. Amma siyasətin və əxlaqın bu gün son anda sığınacağı bir yer varsa, o da sənətdir. 

Amma şairləri həmişə “yunan allahlarının yan-yörəsində avaralandıqları yerdə” görən Platon onları libaslarını dəyişmiş din xadimləri, ruhanilər olaraq göstərirdi. Yunan allahlarını və onların həyatını təqlid edən bu adamları həzzdən başqa bir şey maraqlandıra bilməzdi, həzzin mənbəyi isə pis vərdişlər idi. Deməli, sənət cəmiyyətə özü ilə bərabər pis vərdişlər gətirəcəkdi.

Odur ki, Platon şairləri özünün “İdeal dövlət”ndən mədəni şəkildə qovurdu:  “Hər cür qılığa girməyi və hər şeyi ustalıqla təqlid etməyi bacaran bir adam bizim cəmiyyətə gəlib şeirlərini xalqın qənşərində söyləmək istədikdə, biz bu müqəddəs, bu əvəzsiz, bu ağzından bal daman şairin qabağında hörmətlə əyilərik və deyərik: bizim ölkəmizdə sənin cinsindən insanlar yoxdur, olması da qadağandır. Beləcə, saçına ətirlər səpər, çələnglər qoyar və onu başqa bir ölkəyə göndərərik. Bizə daha ağırbaşlı şairlər lazımdır, sözləri əsgərlərimizin təliminə uyğun olanlar”. 

Platon “Dövlət” əsərində yazdığı bu sözlərlə sənəti müharibənin müxalifəti kimi görür. Bizə şair yox, əsgər lazımdır, deyirdi. 

0.31378793716431