"Bakı prosesi" İslam dünyası ilə Avropanı barışdırdı

İlham Əliyev: "Mən əminəm ki, Bakıdan səslənən mesajlar lazımi ünvanlara çatacaq"

Müstəqilliyin ilk günündən Azərbaycan dövləti ölkədə etno-mədəni və dini durumun tənzimlənməsi istiqamətində ciddi işlər həyata keçirib. Tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və qarşılıqlı etimad şəraitində yaşadığı Azərbaycanda multikulturalizm dövlət siyasəti səviyyəsində inkişaf etdirilir. Multikulturalizm Azərbaycanın daxili siyasətinin tərkib hissəsi olaraq ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsinə, azsaylı xalqların və etnik qrupların etnik-mədəni dəyərlərinin qorunmasına xidmət edir. Müasir dünyada multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldıran ölkələrin sayı çox deyil. Həmin ölkələr arasında bu siyasəti uğurla həyata keçirənlərin sayı kifayət qədər azdır. Azərbaycan multikulturalizm siyasətini müvəffəqiyyətlə həyata keçirən həmin azsaylı ölkələrdən biridir. Ölkəmizdə etnik-mədəni müxtəliflik multikulturalizm siyasəti vasitəsilə tənzimlənir. Məhz buna görə də respublikamızda etnik və dini zəmində heç bir qarşıdurma halları müşahidə olunmur. Bu xüsusiyyətlərinə görə beynəlxalq ictimaiyyət Azərbaycanı dünyanın əsas multikulturalizm mərkəzlərindən biri kimi qəbul edir. Müasir Azərbaycan dövlətində multikulturalizm siyasətinin təməlini ümummilli lider Heydər Əliyev qoyub. Ümummilli liderin siyasi varisi olan Prezident İlham Əliyev isə həmin siyasəti uğurla davam etdirərək, yüksək səviyyəyə qaldırıb. Dünya miqyasında mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqinə dəstək vermək Prezident İlham Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biridir. Son illər ölkəmiz bu sahədə də böyük nailiyyətlər əldə edib. Bu uğurlar arasında artıq dünya siyasətində mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun platforması kimi geniş müzakirə olunan "Bakı prosesi" təşəbbüsu xüsusi önəm daşıyır. Prezident İlham Əliyev tərəfindən mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan bu təşəbbüs, artıq qlobal çağırışa çevrilib. Prezidentin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilən "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən beynəlxalq konfransda irəli sürdüyü bu təşəbbüsün çox uğurlu davamı oldu. Azərbaycan Prezidenti 2015-ci ilin may ayında Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışında "Bakı prosesi"nin əhəmiyyəti haqqında danışarkən deyib: "2008-ci ildə də "Bakı prosesi" bizim təşəbbüsümüzlə başladı. Bizim təşəbbüsümüz idi ki, Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına İslam Əməkdaşlıq Təşkilatının nazirləri də dəvət olunsunlar. Çünki Azərbaycan hər iki təşkilata üzv olan azsaylı ölkələrdəndir. Daha sonra - 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin iclasına Avropa Şurası mədəniyyət nazirlərini dəvət etdik. Bunlar bizim təşəbbüslərimiz idi və artıq buna "Bakı prosesi" adı verilib. Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid bütün məsələlər "Bakı prosesi"nə daxil edilib". Maraqlıdır ki, regional təşəbbüs kimi yaranan "Bakı prosesi" 2010-cu ildən qlobal hərəkata çevrilməyə başladı. Belə ki, Prezident İlham Əliyev 2010-cu ildə BMT-nin Baş Məclisinin 65-ci sessiyasında çıxış edərkən, növbəti ildə (2011) Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi barədə məlumat verərək deyib: "Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar və fəlsəfələr arasında birgəyaşama və dözümlülük məkanı olub. Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun fəal üzvü kimi Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq naminə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış edir". Prezident İlham Əliyev 27 may 2011-ci il tarixində "Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə" Fərman imzalayıb. Bu Fərmana görə, Azərbaycan Respublikasında 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulub. 2011-ci ildən indiyə qədər Bakıda 5 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (2011, 2013, 2015, 2017 və 2019-cu illər) keçirilib. Bununla yanaşı, "Bakı prosesi" çərçivəsində digər mühüm beynəlxalq tədbirlər də həyata keçirilib, onların arasında Dünya dini liderlərinin I Bakı sammiti (26-27 aprel 2010-cu il) xüsusi yer tutur. Dünyanın bütün mütərəqqi dairələri etiraf edirlər ki, Dünya dini liderlərinin I Bakı sammiti sivilizasiyalararası dialoqun inkişafı, müxtəlif dinlər və konfessiyalar arasında əməkdaşlığın genişlənməsi, qarşılıqlı etimad mühitinin yaradılması işinə böyük töhfə verib. Bu tədbirlərin qlobal əhəmiyyətini daha dərindən dərk etmək üçün dinin istər keçmişdə, istərsə də müasir dövrdə insanlığın taleyində oynadığı rolu təhlil etmək vacibdir. Çünki bəşəriyyət tarixini dinsiz təsəvvür etmək mümkün deyil. Din dünya mədəniyyətinin inkişafına, xalqların dünyagörüşü və əxlaqi normalarının formalaşmasına, ümumbəşəri dəyərlərin, universal etik prinsiplərin təşəkkülünə ciddi təsir göstərən amillərdən biridir. Eyni zamanda, bütün dinlər və müqəddəs kitablar da insanları daim humanizmə, sülhə, xeyirxahlığa, bir sözlə, mənəvi kamilliyə çağırır. Lakin onu da inkar etmək olmaz ki, əsrlər boyu dindən öz siyasi məqsədləri, şəxsi ambisiyaları naminə istifadə etməyə çalışan qüvvələr olub. Onların fəaliyyəti nəticəsində dinlərarası və məzhəblərarası müharibələr baş verib, dini şüarlar altında günahsız insanların qanı tökülüb, böyük faciələr yaşanıb. Çox təəssüflər olsun ki, bu gün də dünyanın qaynar nöqtələrində, xüsusən də Yaxın Şərqdə dini radikalizm və ekstremizmin geniş vüsət alıb, din pərdəsi altında gizlənən terrorçu qruplaşmaların kütləvi qətliamlar törətdiyinin şahidi oluruq. Qeyd etmək lazımdır ki, dinin siyasiləşdirilməsi və radikal qruplaşmalar tərəfindən məkrli məqsədlər üçün istifadə edilməsi hər hansı regionun lokal problemi deyil - bütün bəşəriyyəti ciddi narahat edən qlobal problemdir. Bu baxımdan, həmin problemlərin həllində nüfuzlu din xadimləri böyük töhfə verə bilər. Bu səbəbdən də Prezident İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə bu ilin 14-15 noyabr tarixlərində Dünya dini liderlərinin II Bakı sammitinin keçirilməsi barədə qərar verdi. İki gün əvvəl (14-15 noyabr) isə Bakıda "Bakı prosesi" çərçivəsində növbəti tədbir - Dünya dini liderlərinin II Bakı sammiti öz işinə başladı. Hələ 2010-cu ildə keçirilən Dünya dini liderlərinin I Bakı sammiti açıq şəkildə göstərdi ki, yer üzündə sülhün və əmin-amanlığın bərqərar olması naminə belə beynəlxalq platformaların təşkilinə ciddi ehtiyac var. Dinil liderlərin II Bakı Sammitinə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqət təmsilçilərinin, həmçinin 10-dan çox nüfuzlu beynəlxalq təşkilatın 500-ə qədər yüksək səviyyəli nümayəndəsinin qatılması tədbirin əhəmiyyətindən xəbər verir. İki gün davam edən tədbirin sonunda, sammitin yekunlarına dair Bakı bəyannaməsi qəbul olunub.

Dünya dini liderlərinin II Bakı sammitinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bu qlobal təşəbbüsün əhəmiyyətindən danışaraq deyib: "Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaq. Azərbaycan çoxkonfessiyalı, çox millətli bir ölkədir və bu bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılan bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır". Çıxışının sonunda Prezident İlham Əliyev bu zirvə toplantısının əhəmiyyətini bir daha qeyd edərək deyib: "Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvanlara çatacaq. Hesab edirəm ki, burada əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamafobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılan növbəti addım olacaq." Bakıda iki gün davam edən Dünya dini liderlərinin II Bakı sammiti kimi mötəbər tədbirlərin əhəmiyyəti həm də ondan ibarətdir ki, ölkəmizin nümunəvi multikulturalizm modelinin dünyaya təqdim olunması üçün daha geniş imkanlar açılır. Bununla yanaşı, bu tədbirlər xalqımızın yüksək tolerantlıq ənənələrinin, eləcə də Azərbaycan dövlətinin etnik, dini, mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində əldə etdiyi uğurların təbliği işinə öz mühüm töhfəsini verir. Eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən xaricdəki bəzi dairələrin əsassız iddialarının ifşa olunması üçün əlverişli imkan yaranır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında tədbirlərdə iştirak edən qonaqlar da xüsusi fəallıq göstərirlər. Hazırda dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlər keçirilir. "Bakı prosesi" çərçivəsində keçrilən Dünya dini liderlərinin II Bakı sammiti də belə tədbirlərdən biridir. Bu tədbirlər dövlətimizin beynəlxalq arenada sülhün tərəfdarı, tolerant və multikultural ənənələrin, ümumbəşəri dəyərlərin və mütərəqqi ideyaların müdafiəçisi olduğunu bir daha təsdiq edir. Eyni zamanda, ölkəmizin haqq səsinin və ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynayır.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.11736822128296