Azərbaycanın Qoşulmama Hərkətına sədr seçilməsi beynəlxalq etimadın nəticəsidir

Bakıda Qoşulmama Hərəkatının (QH) 18-ci Zirvə Görüşü uğurla başa çatdı. Görüşdə təşkilata sədrlik ölkəmizə keçdi. Bu, Azərbaycan dövlətinin nüfuzunun göstəricisidir. Son illər qlobal tərəfdaşlığın və sivilizasiyalararası əməkdaşlığın ən mötəbər platformasına çevrilən respublikamız dünyada sülhün, əmin-amanlığın təmsilçisinə çevrilib.

Ölkəmizin müstəqillik tarixində ən böyük beynəlxalq siyasi birlik kimi BMT-dən sonra ikinci təşkilat olan Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısına ev sahibliyi etməsi, heç şübhəsiz, beynəlxalq təşkilatların ölkəmizə göstərdiyi güclü etimaddan irəli gəlir. Eyni zamanda, dünyada multikulturalizm və tolerantlığın inkişaf etdirilməsi sahəsində uğura imza atan Azərbaycan dövləti əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatların tədbirlərində fəal iştirak etməklə, etibarlı tərəfdaş olduğunu təsdiq edib. Ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədr secilməsi, yalnız bu beynəlxalq təşkilata üzv dövlətlər tərəfindən deyil, həmçinin dünyada qlobal təhlükəsizliyin  möhkəmləndirilməsinə cəhd edən beynəlxalq qüvvələr və dövlətlər tərəfindən də dəstəklənməsi, təbii olaraq, ölkəmizə göstərilən dərin etimaddan doğur.

Bəzi Qərb dövlətlərinin multikulturalizmin iflasa uğraması iddiaları qarşısında ölkəmizə göstərilən bu etimad, məhz dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasına xidmət edir. Çünki dövlətlərarası münasibətlərin tənzimlənməsi modeli vasitəsilə əməkdaşlığın genişləndirilməsi, sabitliyin dayanıqlığının formalaşması bu gün həmişəkindən daha böyük aktuallıq kəsb edir.

Ölkəmizin Qoşulmama Hərəkatına sədr seçilməsi, həm də cavan ölkənin Cənubi Qafqazın iqtisadi liderinə çevrilməsilə yanaşı, eyni zamanda, dünyada svilizasiyalararası mədəniyyətləri yaxınlaşdırması və dialoq mərkəzi rolunu yüksək səviyyədə ifa etməsilə sıx bağlıdır . Bu, həm də ölkəmizin iri infrastruktur neft-qaz, nəqliyyat-kommunikasiya layihələri vasitəsilə beynəlxalq əməkdaşlığa bacardığı töhfəni verməsi ilə bağlıdır.

Qeyd edək ki, ölkəmizin QH-a sədrliyini dəstəkləyən dünyanın müxtəlif qitələrində yerləşən dövlətlər Prezident İlham Əliyevin təkcə öz ölkəsi üçün deyil, həm də Avrasiyanın böyük kommunikasiya və sərhəd regionunun sosial-iqtisadi simasını nəzərəçarpacaq dərəcədə dəyişən innovasiya konsepsiyasına dəstək verdilər. Onlar da artıq anlayırlar ki, Azərbaycanın həyata keçirdiyi siyasət modeli təkcə olkənin daxilində deyil, həm də ölkənin hüdudlarından kənarda sülhün, əməkdaşlığın, multikulturalizmin və  bəşəri birgəyaşayışın təmin olunmasına xidmət edən unikal və universal bir modeldir.

Azərbaycan bu modelə əsaslanaraq, qonşu dövlətlər və tərəfdaş ölkələrlə QH-nın əsas prinsipləri ilə uzlaşan işlək və perspektivli fikir və ideyaları birgə həyata keçirmək uğrunda mübarizə aparır. Məlumdur ki, Bandunq prinsipləri kimi tanınan bu prinsiplər bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə sözsüz hörmət edilməsini tələb edir. Bu prinsiplər həm də dövlətlərin daxili işlərinə müdaxiləni rədd edir, qarşılıqlı maraqların qorunmasını və əməkdaşlığı təşviq etməyə üstünlük verir. Bu baxımdan həmin prinsiplər Azərbaycanın daxili və xarici siyasətinin prioritetləri ilə tam üst-üstə düşür. Bu niyyətləri, eləcə də həyata keçirilən təşəbbüslərin vəhdətini əyani görərək, inkişaf etməkdə olan dünya ölkələri yekdilliklə rəsmi Bakının olduqca praqmatik və ağlabatan birgə fəaliyyət planına üstünlük verirlər. Bu üstünlüyü şərtləndirən əsas səbəblərdən biri də, Prezident İlham Əliyevin dünya ictimaiyyəti tərəfindən dəstəklənən mühüm qlobal təşəbbüsü olan "Bakı Prosesi"nin uğurla həyata keçirilməsidir. Dünyada qeyri-sabit regionların sayının durmadan artdığı zamanda digər çağırışlardan fərqli olaraq, Bakı intensiv dialoq və qarşılıqlı fəaliyyət modeli təklif edir. Bununla da Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının Zirvə Görüşünün iştirakçılarına və cəmiyyətə müraciət edərək, ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrinin inkişaf etdirilməsinin taleyüklü əhəmiyyət daşıdığını bir daha diqqətə çatdırıb. O qeyd edib ki, multikulturalizm xalqın və onun milli elitasının şüurlu seçimi olaraq zorakılığın və qarşıdurmaların bütün formalarını rədd edir, etnik-dini bərabərliyi həyat normaları səviyyəsinə gətirir. Çünki sabitlik və sakit mühit olmadan, irəliyə doğru inkişaf etmək mümkün deyil. Bu gün mənfur qonşumuz Ermənistanın həyata keçirdiyi siyasi kursun riskləri və təhlükələri də bunu təsdiq edir.

Məhz buna görə də, Prezident İlham Əliyev yüksək auditoriya və cəmiyyətə müraciətində Qarabağ müharibəsinin məhvedici nəticələrini xüsusi vurğulayaraq, İrəvanın əsassız ərazi iddialarının mürəkkəb və dağıdıcı nəticələr doğurduğunu diqqətə çatdırıb. Məlumdur ki, Ermənistan münaqişə zonasında etnik təmizləmə siyasəti həyata keçirib. Eyni zamanda Azərbaycana silahlı basqın etməklə, bir milyondan çox Azərbaycan vətəndaşını qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Xocalı soyqırımı kimi dəhşətli bir faciəni törədib. Artıq dünyanın 10-dan çox ölkəsi bu faciəni soyqırım kimi tanıyıb. Bununla belə, dünyanın bir sıra dövlətlərinin ikili standartlara meyl etməsi nəticəsində Ermənistan dağıdıcı, çoxsaylı insan tələfatı ilə nəticələnmiş çox təhlükəli siyasətinə görə, heç bir cəza almayıb və ciddi beynəlxalq qınaqla üzləşməyib. Azərbaycan təklənmiş vəziyyətdə qalıb.

Bütün bu məsələlərə münasibət bildirən Prezident İlham Əliyev deyib: "Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilib. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışaraq, bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur".

Azərbaycan dövləti isə özünün multikultural və tolerant mövqeyinə uyğun şəkildə bu cinayətkar fəaliyyətin qarşısını qətiyyətlə almağa çalışır. Azərbaycan xalqı əmindir ki, erməni vandalizminin ağır nəticələri aradan qardırılacaq və həqiqət zəfər çalacaq. Azərbaycan həyata keçirdiyi sülhsevər siyasəti ilə bir daha özünün və Qərb qonşusunun nümunəsi üzərində nöqsanlı monomilli dövlət quruculuğu mədəniyyətinin nəyə gətirdiyini və multikulturalizm siyasətinə etinasız yanaşmanın nə ilə nəticələndiyini açıq şəkildə ortaya qoyur.

Ölkəmizin dünyada sülhü və əməkdaşlığı əzmlə qoruyaraq, inkişaf etdirmək istiqamətdə fəaliyyət göstərməsinin nəticəsidir ki, Azərbaycan Qoşulmama Hərəkatına səkkiz illik üzvlükdən sonra bu təşkilata sədr seçilib. Bu, həm də Ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin son illər həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə verilən yuksək qiymətdir. Zirvə toplantısında Prezident İlham Əliyevin sülhün möhkəmləndirilməsi, əmin-amanlıq və həqiqi inkişaf yolunda səyləri gücləndirmək təklifi iştirakçılar tərəfindən anlayış və razılıqla qarşılanaraq, dəstəklənib.

Dövlət başçımızın diqqət ayırdığı sahələrdən biri də, ölkəmizdə yetişməkdə olan gənc nəslin təhsil və təlimi, həmçinin onları dövlət idarəçilik sistemində səmərəli fəaliyyətə cəlb olunmasıdır. Gənclər həm də dövlətimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində böyük işlər görə bilər. Qoşulmama Hərəkatının Zirvə Toplantısında da, dünyada gedən proseslərə gənclərin cəlb olunması məsələsi xususi qeyd olunub. Çünki son illər dünyanın müxtəlif bölgələrində dini və milli zəmində qarşıdurmaların, müharibələrin, dözümsüzlük meyillərinin artdığı müşahidə olunur. Buna görə də, dinlər və mədəniyyətlərarası münasibətlərin sağlam təməl üzərində qurulması bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biridir. Bunun üçün isə gənclər arasında mübadilələrin, eyni zamanda, dünyada sivilizasiyalararası   dialoqun aparılması yolu ilə bir çox məsələlərin həllinə çalışmaq lazımdır. Burada  gənclərin üzərinə böyük iş və məsuliyyət düşür. Yəni gənclər müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr qurmaqla, gənclər arasında ünsiyyətin yaranmasına və dialoqun inkişaf etdirilməsinə nail ola bilirlər. Bu da onların fəaliyyətinin səmərəsini daha da artırmağa imkan verər.

Bu yolla həm də müxtəlif dinlər arasında harmoniyaya nail olmaq mümkündür. Məlumdur ki, belə bir harmoniya, qarşılıqlı anlaşma mühiti bir çox ölkələrdə mövcuddur. Lakin Azərbaycanı fərqləndirən cəhət budur ki, tarixən formalaşan bu mühit xalqın həyat tərzinə və artıq ölkəmizin dövlət siyasətinə çevrilib. Məhz bu səbəbdən də, Azərbaycanda formalaşan multikulturalizm modelinə maraq daha çoxdur. Artıq dünya birliyinə daxil olan bir çox dövlətlər də anlayırlar ki, nə qədər güclü iqtisadiyyata, hərbi potensiala malik olsalar da, mənəvi dəyərlər sistemi pozularsa, dünyada sülhə, birliyə, həmrəyliyə nail olmaq mümkün deyil.

Bu baxımdan Azərbaycan mədəniyyətlərarası, sivilizasiyalararası siyasətin uğurla təşkil olunmasında mədəni körpü rolunu oynayır. Eyni zamanda qloballaşan dünyamızda dəyərlərin qorunmasında dinlərin də rolunu inkar etmək düzgün olmaz. Ölkəmizdə mövcud olan dinlər də bizim ümumi mədəniyyətimizin formalaşmasında böyük rol oynayır. Azərbaycanda İslamdan əvvəl də müxtəlif dinlər olub. Azərbaycanın beynəlxalq aləmdə tanıdılması baxımından da ölkəmizdəki dini konfessiyalar mühüm işlər görürlər.  Azərbaycanın zəngin tolerantlıq, multikulturalizm ənənələrinə malik olmasına heç kim şubhə etmir. İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin iştirakı ilə həyata keçirilən "Bakı Prosesi" təşəbbüsü BMT tərəfindən də dəstəklənir. "Bakı Prosesi"nin məntiqi davamı olaraq təsis edilən və iki ildən bir ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumu da, artıq BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviq olunması üçün əsas qlobal platforma kimi tanınıb.

Qeyd etdiyimiz uğurları Azərbaycan multikulturalizm modelinin dünyada təbliği və təşviqi istiqamətində apardığı böyük işlərin məntiqi nəticəsi də hesab etmək olar.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.40894198417664