Milli kimliyimiz müzakirə mövzusu ola bilməz

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

Bu mövzuda şübhəli müzakirə açmaq millət vəkilinə yaraşmır

Son zamanlar ölkəmizin daxilində milli mənsubiyyətlə bağlı müzakirələrə cəhd edilir və bu müzakirələrdə mənfi meyllər hiss olunur. Belə meyllər, əsasən həm də milli kimliyimiz ətrafında aparılan yanlış təbliğatdır. Milli kimliyimiz barədə xoşagəlməz meyllərin zamanla ölkəmizdə gündəmə gətirilməsi çoxluq tərəfindən müdafiə olunmasa da, bu,  deputat mandatı gəzdirən bir neçə şəxs tərəfindən tez-tez qabardılır. Bu hal mediada və sosial şəbəkələrdə müzakirə olunur, MM üzvü Arif Rəhimzadə, Araz Əlizadə və digərlərinin azərbaycanlıların türk olmaması barədə irəli sürdükləri əsassız iddia ciddi təpki ilə üzləşir və haqlı olaraq xalqın etirazına səbəb olur. Bu etirazın kökündə milli kimlik üzərində oyun oynanılması dayanır. Son olaraq mövzunun deputat Araz Əlizadə tərəfindən gündəmə gətirməsini heç kim təsadüfi hal saymır. Həmin məsələnin müəyyən maraqlı düşmən qüvvələrin təsiri ilə, məqsədyönlü şəkildə gündəmə gətirilməsinə də şübhə etmirəm.

Tarixdən məlumdur ki, sovet dönəmində SSRİ-nin tərkibinə qatılan türklərin çoxluğunu görən Stalin Orta Asiyanı bütünlüklə əhatə edən Türküstanı milli kimliyə görə, ayrı-ayrı millətlərə böldü, parçaladı. Türküstan adını sıradan çıxartdı. Əvəzində Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan respublikalarını yaratdı. Eyni proses Zaqafqaziyada aparıldı. Azərbaycan türklərinin milli kimliyini aradan qaldırmaq məqəsədilə "azərbaycanlı" möhürünü milli kimliyimizə yapışdırdı. Təbii ki, bu proses düşmən ermənilərin istəyi ilə edilirdi. Tarixdən o da məlumdur ki, İ. V. Stalin Mikoyanla çox yaxın idi və eyni zamanda, bunların hər ikisi SSRİ-də söz sahibi idilər. Azərbaycanla yaxından tanış olduqlarına, türklərlə münasibətdə düşmənçilik mövqeyində durduqlarına görə, Qafqazda Azərbaycan türklərini sıxışdırmaq üçün daim bəhanə və fürsət axtarırdılar. Hətta müharibədən sonra belə, Mircəfər Bağırov ciddi müqavimət göstərməsəydi, Stalinlə Mikoyan Azərbaycan türklərini Orta Asiyaya köçürmək və torpaqları Gürcüstanla Ermənistan arasında bölmək barədə gizli razılığa gəldikləri də  iddia edilirdi.

Hazırda Azərbaycan türklərinin milli kimliyinə şübhə ilə yanaşanlar - Araz Əlizadə, Arif Rəhimzadə və bu qəbildən olanlara məsləhətim odur ki, əvvəla, tarixi yaxşı oxusunlar, bu, bəs etməsə, getsinlər, "Kitabi Dədə Qorqud" eposunu, Şah İsmayıl Xətainin, Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Üzeyir bəy Hacıbəylinin, Ziya Göyalpın, Məmməd Əmin Rəsulzadənin əsərlərini oxusunlar və öyrənsinlər ki, Azərbaycan yurdumuzun coğrafi adıdır. Azərbaycanda yaşayan milli çoxluq isə türklərdir və Azərbaycan türklərlə bərabər, talışların, ləzgilərin, avarların, saxurların, udinlərin, haputların, ingeloyların, kürdlərin, tatların və s. burada yaşayan bütün xalqların müştərək doğma Vətənidir. Biz türkçülüyümüzü təsdiq etməklə, heç bir xalqdan üstün olduğumuzu iddia etmirik.  Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bizim qardaşımızdır və hamımız bərabər hüquqlara malikik. Yox, əgər Araz Əlizadə, Arif Rəhimzadə türk deyillərsə, biz zorla onların milli kimliyini müəyyən etmək fikrində deyilik və hər kəsin öz milli kimliyini müəyyən etmək hüququnu tanıyırıq.

Milli kimliyimizi müzakirə və mübahisə predmetinə çevirməyə cəhd edənlər ciddi səhvə yol verirlər və heç kim onları məcbur etmir ki, onlar mütləq milli kimliyini türk kimi müəyyən etməlidir. Araz Əlizadəyə və Arif Rəhimzadəyə deyən yoxdur ki, sən türksən və milli kimliyin belə də olmalıdır. Onlara milli kimliklərini müəyyən etmək barədə heç kəs göstəriş verə bilməz, çünki bu, onların doğal hüququdur. Amma Azərbaycan türklərinin milli kimliyini müəyyən etməyə, müzakirə və mübahisə predmetinə çevirməyə də heç kimin, nə Araz Əlizadənin, nə də Arif Rəhimzadənin haqqı yoxdur. Adama deyərlər ki, mənim milli kimliyimi müəyyən etmək haqqını sizə kim verib?! Yəni hər kəs başa düşməli və anlamalıdır ki, milli kimlik barədə diskusiya açmaq kökündən yanlış hərəkətdir. Azərbaycan türkləri türk toplumlarının qədim tərkib hissəsidir və bu həqiqəti heç kim dana, dəyişdirə və təhrif edə bilməz.

Əslində Araz Əlizadə, Arif Rəhimzadə və digər milli kimliyimizlə bağlı mübahisə və müzakirə aparan insanları Milli Məclisə təyin edən başbilənləri bu cür milli ayrı-seçkiliyə cəhd edənlərin millətin taleyində və həyatında böyük rol oynayan parlamentdə yer tutmasına imkan verməməliydilər. Yox, əgər bu cür milli kimliyini hələ də müəyyən etməyən insanları Milli Məclisdə oturmağa layiq bilirdilərsə, heç olmasa, onların hər bir sözünün, hərəkətinin cəmiyyətdə adekvat reaksiyaya səbəb olacağını əvvəlcədən onlara başa salmalı idilər. Gec də olsa, qoy, onları başa salsınlar ki, millət sizi heç qoyun otarmağa çoban da tutmazdı, bəlkə də, amma biz sizi bura gətirib bacadan soxmuşuq, heç olmasa, başınız girməyən yerə bədəninizi pərçimləməyin, cənablar!

0.40189695358276