Ədalətli sülh hər bir cəmiyyətin arzusudur

Azərbaycandakı uğurlar hökumətin dövlət - din və etnik-milli siyasətinin nəticəsidir

Qloballaşan dünyamızın istənilən ölkəsində multikulturalizmin, tolerantlığın, eləcə də dini və milli dözümlülük mühitinin formaşması üçün vacib olan şərtlərdən biri də dayanıqlı sülhün təmin olunmasıdır. İnsanlar sülh və əmin-amanlıq şəraitində yaşadıqları zaman daha tolerant və dözümlü olurlar. Sülhün, tolerantlığın və dözümlülüyün təmin olunduğu cəmiyyətdə, həm də dini və milli dəyərlər yüksək səviyyədə qorunur və inkişaf etdirilir. Bu da öz növbəsində cəmiyyətdə multikulturalizmin və bəşəri birgəyaşayışın inkişafına təkan verir.

Azərbaycanda son 15 ildə bu sahədə görülən işlərə diqqət etdikdə görürük ki, ölkədə yaradılan sabitlik, tolerant və multikultural mühit cəmiyyətin bütün sahələrində tərəqqiyə səbəb olub. Bu illər ərzində Azərbaycan həm sosial-siyasi, həm də sosial-iqtisadi sahələrdə böyük nailiyyətlərə imza atıb. Bunun da əsasında ölkədə düzgün həyata keçirilən dövlət-din və etnik-milli munasibətlərin tənzimlənməsi siyasəti durur. Prezident İlham Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində gördüyü qlobal işlərin nəticəsində hazırda ölkəmizdə bu sahədə heç bir anlaşılmazlıq müşahidə olunmur. Məhz buna görə də, bu gün Azərbaycan dünyada multikulturalizm mərkəzi kimi tanınır. Bu həm də, dövlət başçımızın təşəbbüsü ilə yaradılan bir çox dövlət qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının (QHT) məqsədyönlü fəaliyyətinin nəticəsindir. Ölkəmizdə dövlət-din və milli-etnik münasibətlərin tənzimlənməsi sahəsində bir çox layihələrin müəllifi olan dövlət qurumlarından biri də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatıdır.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə "İnkişaf Hüququ" mövzusunda seminar keçirilib. Beynəlxalq seminarda çıxış edən Ombudsman Elmira xanım Süleymanova ölkəmizdə hüquqi inkişafa nail olmaq istiqamətində görülən davamlı işlər barədə məlumat verib. O, qeyd edib ki, bunun üçün respublikamızda müvafiq milli fəaliyyət planları və dövlət proqramları qəbul edilib. Qanunvericiliyin təkmilləşməsi nəticəsində yoxsulluğun aradan qaldırılması sahəsində mühüm uğurlar əldə olunub. Elmira xanım öz çıxışında ölkəmizin məruz qaldığı işğalçılıq siyasətindən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ölkəmizə vurduğu ziyanlardan söz açıb. Ombutsman beynəlxalq təşkilatların bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib. Azərbaycanda uğurlu inkişaf modelinin tətbiq olunduğunu bildirib. Elmira xanım Azərbaycanda multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əsrlər boyu yaşadığını, mötəbər beynəlxalq tədbirlərin, o cümlədən yüksək səviyyəli Forumların keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müasir dövrdə hər bir cəmiyyətin inkişafı, habelə insan hüquqlarının səmərəli təminatı üçün multikulturalizm və tolerantlıq, eləcə də sülh və əmin-amanlıq mühüm şərtlərdən biridir. Hər bir cəmiyyətin, bütövlükdə isə bəşəriyyətin azadlıq, bərabərlik və ədalətlə yanaşı, ən çox arzu etdiyi dəyərlərdən biri də dünyada ədalətli sülhün bərqərar olmasıdır. Sülh - insanlar arasında körpülərin qurulması, ayrı-seçkiliklə mübarizə, insan hüquqlarının və qayğıya ehtiyacı olan şəxslərin müdafiə edilməsini, tolerantlığı və multikulturalizmi özündə ehtiva edir. Buna görə də bəşəriyyətin daim sülh axtarışında olması, əmin-amanlıq uğrunda mübarizə aparması da təsadüfi deyil. Məhz buna görə də, insan hüquqları və bəşəri dəyərlər fövqündə dayanan sülh məfhumu bu gün bəşəriyyətin həllini gözləyən ən vacib problemlərindən biri kimi dəyərləndirilir. Mürəkkəb sosial-siyasi hadisələrlə müşayiət olunan müasir dövrdə qarşıda duran ən mühüm məqsəd müxtəlif etnik qruplar və millətlər arasında ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq, tolerantlığı və multikulturalizmi inkişaf etdirməkdir.

Təəssüflər olsun ki, mənfur ermənilərin "böyük ermənistan" yaratmaq xulyaları ilə ölkəmizə qarşı yürütdükləri işğalçılıq siyasəti nəticəsində artıq 30 ilə yaxındır ki, Azərbaycanda dayanıqlı sulhün bərqərar olması mümkünsüz hala gəlib. Bir sıra beynəlxalq təşkilatların səylərinə və ölkəmizin sərgilədiyi sülhsevər və dözümlü mövqeə baxmayaraq, ermənilər öz mənfur əməllərindən əl çəkmək istəmirlər.

Məlum olduğu kimi, ötən il Beynəlxalq Sülh Günü - "Sülh hüququ: Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi" devizi altında keçirilib. BMT bu münasibətlə bütün ölkələri və xalqları “Beynəlxalq Sülh Günü” ilə bağlı hərbi əməliyyatların dayandırılmasına və sülhlə bağlı ictimai məlumatlandırma formatlı bayram tədbirlərini keçirməyə çağırıb. Bütün bu çağırışlara baxmayaraq, Ermənistan yenə də özünün işğalçı mövqeyindən geri çəkilmir.

Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizdən çoxu işğal olunub. Bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Dağlıq Qarabağ bölgəsindəki təhsil, səhiyyə, mədəniyyət ocaqlarımız, tarixi-dini abidələrimiz tamamilə dağıdılaraq, yerlə-yeksan edilib, terrora məruz qalıb, proses bu gün də davam edir.

Ermənilərin bu həyasızlıqlarına baxmayaraq, Prezidenit İlham Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm və tolerantlığı özündə ehtiva edən sülhsevər siyasətini uğurla davam etdirir. Hazırda Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında, heç bir şərt qoyulmadan həll olunmasına çalışır.

Hazırda dünyada multikulturalizm və tolerantlıq məkanı kimi tanınan Azərbaycan dövləti bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətini hər şeydən üstün tutur. Bunun tam əksi olaraq, bütün beynəlxalq təşkilatların təklif və qərarlarına saymazyana münasibət bəsləyən Ermənistan dövləti Azərbaycana qarşı düşmənçilik siyasətini bu gün də davam etdirir. Atəşkəs rejimini mütəmadi olaraq pozur, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimizi mənimsəyir və ya məhv edir. Nadir tarixi abidələrimiz vandalcasına dağıdılır. Bu proseslərin durdurulması üçün dünya ictimaiyyəti və beynəlxalq qurumların atdığı addımlar isə heç bir səmərə vermir. Ermənilər inadla öz işğalçı mövqelərini qorumağa çalışırlar.

Son illər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət strategiyası nəticəsində Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətlənib. Ölkəmiz dünyanın aparıcı dövlətləri ilə daha sıx əməkdaşlıq edir və beynəlxalq aləmdə nüfuzunu xeyli möhkəmləndirib.

Azərbaycan dövləti haqq, ədalət, tolerantlıq və multikulturalizm prinsiplərinə söykənərək, ölkəmizdə insan hüquqlarının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində davamlı olaraq strateji sənədlər qəbul edir və onları uğurla tətbiq edir.

Respublikamızda əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi aidiyəti qurumlar üçün vəzifə kimi müəyyən olunub. Bu vəzifələrin yerinə yetirilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanları, beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV ilə birgə respublikamızın hər bir rayon və şəhərlərində konfranslar, dəyirmi masalar keçirilir, müsabiqə və sərgilər təşkil olunur. Bu da ölkəmizdə multikultural və tolerant mühitin dayanıqlı inkişafına xidmət edir.

İnsan hüquqlarının, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquq düşüncəsinin və mədəni səviyyəsinin müasir tələblərə uyğun şəkildə yüksəlməsinə xidmət edir. Demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına təkan verən ən mühüm amillərdən biri də, məhz budur. Bu, həm də cəmiyyətdə ictimai münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə geniş imkanlar açır.

Bu baxımdan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mühüm işlər görür. Bu təsisatlar tərəfindən sülh və insan hüquqlarının qorunması barədə maarifləndirmə işlərinin həyata keçirilməsi məqsədilə silsilə tədbirlər keçirilir. Dini icma sədrlərinin, din xadimlərinin, dindarların, rayon ictimaiyyəti, təhsil işçiləri və gənclərin də iştirak etdiyi tədbirlərdə "Dini radikalizm: insan hüquq və azadlıqlarına təhlükə kimi", "Sülh aylığı: multikultural cəmiyyətdə dini tolerantlığın önəmi", "İslam sülh və həmrəylik dinidir" və s. mövzular müzakirə olunur.

Bu tədbirlər etnik azlıqların sıx məskunlaşdığı rayonların icra hakimiyyəti orqanlarının köməyi ilə həyata keçirilir. Həmin rayonlarda milli-etnik və dini tolerantlıq insanlar arasında münasibətlərin qurulmasında mühüm rol oynayır. Bu tədbirlər ölkəmizdə multikulturalizmin, sülhün və əmin-amanlığın möhkəmlənməsi baxımınıdan da mühüm addım kimi qiymətləndirilməlidir. Bütün bu tədbirlər ölkəmizdə formalaşan sülh mədəniyyətini, sülh istəyini təcəssüm etdirir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.21738290786743