Elin ağsaqqalı dayağı köçdü

Başın sağolsun İncə dərəsi

Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir kömək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.
Nizami Gəncəvi

İnsan var bir ömür yaşayır, vəzifə, ad-san qazanır. Ancaq elinə, obasına bir xeyri dəymir, bir kəsin əlindən tutub yaxşılıq etmir, közü yalnız öz qarşısına çəkir.

Elə insanlar da var ki, mayası yaxşılıqdan yoğrulub, yaxşılıq etməkdən həzz alır.

Bu gün sizə belə bir insan haqqında danışmaq istəyirəm.

1937-ci ildə Azərbaycanın Qərb qapısı olan Qazax rayonunun İncə dərəsindəki Kəmərli kəndində anadan olan İbrahim Əsgər oğlu Orucov da, məhz belə xeyirxah insanlardan biri kimi yaddaşlarda özünə yuva qurub.

Atası Əsgər kişidən, zəhmətsevərlik, xeyirxahlıq, mərdlik, dözüm, anasından abır-həya, kövrəklik dərsi alıb. Uşaqlıqdan əli düzlüyə, halala, ürəyi Allah eşqiylə döyünən İbrahim Əsgər oğlunun bir şəxsiyyət, el adamı, vətəndaş kimi formalaşmasında valideynlərinin əvəzsiz xidməti olub.

Gəncə Kənd Təsərrüfatı İnstitutunu müvəffəqiyyətlə başa vuran İbrahim Orucov ali təhsilli mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Gənc yaşlarından fəaliyyət göstərdiyi bütün sahələrdə özünün şəxsi keyfiyyətləri ilə yanaşı, rəhbərə xas müdrikliyi, işçilərə qarşı qayğıkeşliyi, tələbkarlığı ona böyük hörmət və ehtiram qazandırıb. O, rayonun ictimai- siyasi həyatında da bacarıqlı mütəxəssis kimi hər zaman sayılıb- seçilib. İbrahim müəllim uzun müddət rayonun Cayı və Kəmərli kəndlərində sovxoz direktoru işləyib. Bütün fəaliyyəti dövründə böyük hörmət və izzət sahibi olan İbrahim müəllim, məhz bu xüsusiyyətlərinə görə İncə dərəsinin ağsaqqalı sayılıb.

O, həmçinin Vətənimizin qanlı-qadalı illərində İncə dərəsinin arxası dayağı olub. Onun sayəsində heç bir ailə yerindən, yurdundan köçməyib. İbrahim müəllimin evi kəndin lap yuxarısında olub. Mənfur qonşularla onun yaşadığı evin arası heç bir kilometr belə olmazdı. İnsanlar bütün günü onun evində olar, Qazaxın dayaq nöqtəsi olan İncə dərəsini necə qorumaq və əhalini hansı şəkildə sakitləşdirmək üçün tədbirlər görürdü. O, deyirdi: "Göydə bizi yaradan Allah, yerdə müqəddəs ocağımız olan Hacı Əfəndi türbəsi və bu millətin igid oğulları qoruyacaq!"

Erməni qəsbkarlarının daha da quduzlaşdığı bir dövürdə sərhəd rayonlarından əsir düşən əsgərlərin və sadə insanların qaytarılmasında xüsusi rolu olan İbrahim müəllim dəfələrlə ermənilər tərəfindən təzyiqlərə məruz qalsa da, əsirləri xilas edə bilirdi.

Məlumdur ki, Vətənimizin Qərb qapısı, düşünən beyni, görən gözü olan Qazax hər zaman düşmənlərə göz dağı olub. Ermənilər onun əyilməz qürurunu sındırmaq üçün min cür fitnə-fəsad törədiblər. Belə bir həssas dövrdə Qazax camaatını gözdən salmaq istəyən bədxahlar da az deyirdi. Amma İbrahim müəllimin ətrafında birləşən vətənpərvər insanların zəhməti sayəsində bədxahların istəkləri gözlərində qaldı, bu bölgədə bütün cəbhə boyu düşmən geri oturduldu.

Bunların hamısı həm də Qazax Xeyriyyə Cəmiyyətinin sədri Aslan Kəmərlinin, İsmayıl Şıxlı, Vidadi Bayramovun, Rövşən Babanlının, İbrahim Orucovun və minlərlə dönməz, inatkar, bəzən də sərt, əsl türk kişisinə xas xarakterə söykənirdi.

Akademik Teymur Bünyadov yazırdı:"İbrahim müəllim Kəmənd dağı kimi Vüqarlı, etibarlı, hamının sevimlisi və Azərbaycanın Qərb qapısının keşikçisidir".

Xalq şairi Nəriman Həsənzadə: "İbrahim Orucov əsl türk kişisi, millət xilaskarıdır",- deyib.

İbrahim müəllimin qəhrəmanlıq şücaətini yüksək qiymətləndirən şair-publisist Eldar Nəsib "Azərbaycan" qəzetində "İncə dərəsinin qalası" adlı poema dərc etdirib.

Şair Süleyman Osmanoğlu, Mahmud Vəli və başqaları İbrahim müəllimə şeirlər həsr ediblər.

İbrahim müəllim həm də gözəl ailə başçısı olaraq, özü kimi xalqa, dövlətə, millətə layiqli övladlar böyüdüb tərbiyə edib.

Onun oğlanları Tofiq, Səməd, Tahir atalarının şərəfli adını hər zaman əməlləri ilə daha da yüksəklərə qaldırır və yaşadırlar.

İbrahim Orucovun əməyi Dövlət tərəfindən də yüksək qiymətləndirilib, bir çox Orden və medallarla təltif olunub.

Sovet hakimiyyəti dağıldıqdan sonra İbrahim müəllim Kəmərli kənd icra nümayəndəsi olub. Böyük hörmət sahibi olan İbrahim müəllim 2019- cu ilin oktyabr ayında 82 yaşında canından çox istədiyi vətən torpağına qovuşub.

Sağlığında əlində silah Vətənini qorudu, bu gün isə möhtəşəmliyi ilə ürəklərdə yaşayan bu el ağsaqqalının qəbri keşik çəkir, yağı düşmənə göz dağı verir.

İbrahim Əsgər oğlu Orucov gözəl insan, ləyaqətli vətəndaş, el ağsaqqalı idi. Əsl xeyirxahlıq nümunəsi, millətin səadəti naminə Səməndər quşu kimi özünü oda-alova vuran böyük vətən oğlu idi İbrahim Orucov.

Təəssüflər olsun ki, amansız xəstəlik onu aramızdan apardı. Xalqın ona çox ehtiyacı var idi.

Həyatda o kəslər xoşbəxtdir ki, öz hörmət və izzətini yaşadığı zaman özü alın təri ilə qazanır. Dünyadan köçəndən sonra isə izi qalır... ürəklərdə yaşayır. İbrahim müəllim məhz belə bir şəxsiyyət idi və daim qəlbimizdə yaşayacaq.

Dünya səbr üstündə bərqərar olub, səbrli və təmkinli olun.

Başın sağ olsun İncə dərəsi!
Allah sənə rəhmət eləsin!

Firudin Oruc,
şair-publisist,
Qızıl qələm
mükafatı laureatı

0.13065814971924