Fil qiymətinə köşək, yaxud, kənd çobanları daha ağıllıdır?

Paytaxtın yağış-qar problemi hələ də uzanır

Bakıya yatırılan milyardlarla investisiya hara xərclənib?

Son günlər ara vermədən yağan yağışlar Bakıda və ölkənin periferiyasında ciddi problemlər yaradıb. Belə ki, kənd rayonlarında davamlı yağan yağış otlaqları həddən ziyadə islatdığı üçün çobanlar sürünü otlaqlara apara bilməyib. Bakıda isə yağışın təsiri altında ictimai nəqliyyatın hərəkətində ciddi problemlər yaşanıb, paytaxtın mərkəzində yaranan tıxaclar sərnişinlərin saatlarla yağış altında qalmasına səbəb olub. Rayonların heyvandarlıq təsərrüfatlarında yaranan problemləri çobanlar operativ həll edə biliblər. Belə ki, çobanlar iri və xırdabuynuzlu heyvanları qış üçün tədarük edilən quru ot və qüvvəli yemlə yemləyərək vəziyyətdən çıxmağı bacarıblar. Yəni yağış bölgələrdə daha uzun müddət davam etsə də, heyvanlar zərər çəkməyib, fədakar çobanlarımız təcrübədən istifadə edərək iqlim şəraitinə uyğun tədbirlərini görüblər.

Bakıda isə mənzərə tamam başqadır. Yağış davam etdiyi günlərdə paytaxt küçələrindəki tıxacların aradan qaldırılmasına, Bakıətrafı qəsəbələrə doğru hərəkət edən ictimai nəqliyyatın ritmik fəaliyyətini təmin etmək heç cür mümkün olmayıb. Bakı Nəqliyyat Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Yol Polisi, "Azərisu" ASC, Avtomobil Yollarının Mühafizə Xidməti və digər dövlət qurumları nə qədər cəhd göstərsələr də, problemi çobanlar səviyyəsində belə aradan qaldıra bilməyiblər. Bunun da bir çox səbəbləri var.

Hər il yağış-qar mövsümü gələndə Bakı sakinlərinin qara günləri başlayır. Birincisi, ölkədə hava proqnozu bərbad vəziyyətdədir və bu səbəbdən hər bir informasiya vasitəsi özünə məxsus proqnozlar verir. Şəhər əhalisi də evdən çıxanda geyim və aksessuarlarını dəqiq planlaya bilmir. Artıq dünyanın bütün milyonluq şəhərlərində hava proqnozu saatbasaat yenilənir, ciddi dəyişkənlik vaxtı isə bu proses anbaan diqqətdə saxlanılır. Hətta, güclü yağış yağan ərazilərdə vətəndaşların telefonuna belə, bu barədə sms gəlir. Bizdə isə az qalırlar havaya baxıb proqnoz versinlər.

İkinci bir tərəfdən, Bakı şəhərinin infrastrukturu lazımınca qurulmayıb. Şəhər yolları o qədər qeyri-peşəkar tikilib ki, yağış yağanda şəhərin küçələrində ya göl yaranır, ya da "çay" axır. Bəzən şəhər infrastrukturuna baxan məmurlar bunu Bakı şəhərinin relyefi ilə əlaqələndirir, amma bütün bunlar vəziyyətdən sözlə çıxmağın bir variantıdır. İstənilən relyefdə, hətta, tamamilə dağlıq ərazilərdə salınan şəhərlərdə belə, yol kanalizasiya sistemləri  vasitəsi ilə yağış sularının yolda qalmamasını və ya yolda axıntı yaratmamasını təmin etmək mümkündür. Sadəcə, bunun üçün yol tikintisi aparılarkən ayrılan vəsaitin heç olmasa 80 faizini yola xərcləmək gərəkdir. Belə ki, kənd yollarından fərqli olaraq şəhər yollarında mütləq yağış sularının axıdılması üçün kanalizasiya sistemləri mövcud olmalıdır. Yeri gəlmişkən, qeyd edək ki, sovetlər dönəmində tikilən Bakının mərkəzi küçələrində yağış sularının axıdılması üçün kanalizasiya - yağışdanlar olub. Son illər yeni tikintilərin aparılması, əhali sıxlığının çoxalması nəticəsində yağışdanlar da məişət çirkabının axıdılması məqsədi ilə istifadə edilməyə başlayıb. Nəticədə paytaxtın yolları kənd yolları kimi, yalnız asfalt döşəmədən ibarət çəkilib. Baxmayaraq ki, bu yolların hər kilometri milyonlara "başa gəlib".

Ümumiyyətlə, son 12 ilə yaxın dövr ərzində (neft bumu dövründə) Bakı şəhərinin infrastruktur layihələrinə təxminən 25-30 milyard dollar həcmində dövlət vəsaiti xərclənib. Müqayisə üçün qeyd edək ki, keçmiş Selinaqrad şəhərini Qazaxıstanın paytaxtı Astanaya (hazırkı Nur-Sultan) çevirmək üçün dövlət büdcəsindən 25 milyard dollar vəsait xərclənib. Dövlətin qoyduğu sərmayə o qədər səmərəli olub ki, biznes strukturları da şəhər infrastrukturuna bir o qədər investisiya yatırıb. Nəticədə 50 milyard dollara şəhər sıfırdan tikilib. Yuxarıda qeyd etdiyimiz kimi, biz də Bakı şəhərinə dövlət büdcəsindən qazaxlar ayırdığı qədər, hələ ondan da bir az çox vəsait xərcləmişik, investisiya yatırmışıq. Astana indi ABŞ-ın Nyu-York şəhərini xatırladır, Bakı isə göydən yerə damcı düşəndə boğulur, qardənəsini görəndə isə ürəyi gedir.

İndi görünən odur ki, Bakı şəhərində infrastrukturu normal vəziyyətə gətirmək üçün daha 10-15 milyard dollar vəsaitə ehtiyac var. Çünki "xərclənən" vəsait nə qədər çox olsa da, əsaslı iş görülməyib. Məsələn, şəhərin bütün ərazilərində yolu daraldaraq nəqliyyat axınını boğan tikililər sökülməli, yollar genişləndirilməlidir. Təkcə bu təbdir üçün 5-6 milyard dollar vəsait lazımdır. Ona görə ki, hərəkət axınına mane olan tikililərin çoxu son zamanlar ucaldılıb. Yalnız İçərişəhər ətrafındakı tikililər köhnədir. Fikrimizcə, həmin tikililər də şəhərin rahatlığını təmin etmək məqsədilə sökülməlidir. O tikililərin tarixi-memarlıq abidəsi kimi qorunması özü də bir manipulyasiyadır. Yadınızdadırsa, Hacıbala Abutalıbovun vaxtında bir binanı 10 metr hansı tərəfəsə sürüşdürdülər, bu günə kimi həmin bina yararlı vəziyyətə salına bilmir. 100 il əvvəl tikilən, heç bir xüsusi memarlıq üslubu olmayan, istismar müddəti keçmiş bütün tikililəri tarixi abidə kimi saxlamağın heç bir məntiqi yoxdur. İçərişəhər, Şirvanşahlar Sarayı, Qız Qalası və s. bu kimi 10 əsri ömrü olan abidələri qorumağı başa düşürük, amma qalan köhnə tikililəri tarixi-memarlıq abidəsi adı altında saxlamağın heç bir əsası yoxdur. Həmin tikililər "Sovetski» adlanan ərazi kimi sökülməli, onun hesabına küçə və meydanlar genişləndirilməlidir.

Bununla yanaşı, Bakı şəhərinin bütün küçələrinə yağış sularının axıdılması üçün kanalizasiya sistemləri qurulmalıdır. Asfalt döşəmələr isə həmin kanalizasiyanın yağışdanlarına meyillənməlidir ki, yollarda su qalmasın, düşən kimi axıb getsin. Bakı şəhərində bu cür kanalizasiya sisteminin qurulması çox ucuz başa gələ bilər. Çünki dəniz şəhərin bütün istiqamətində əlçatandır, sadəcə yağış suyunu yığıb dənizə daşıyan bir sistemin qurulması lazımdır. Başqa şəhərlərdə əsas problem suyun hara axıdılması məsələsi olur. Hələ biz Avropa şəhərlərindəki kimi istilik sistemləri olan yollardan danışmırıq, halbuki bizim yollara çəkilən xərc, ayrılan vəsait bu cür yolların tikilməsinə imkan verir. Çox təəssüf ki, ayrılan dövlət vəsaitləri əsasən korrupsiyaya yem olduğu üçün filin xərcinə heç köşək (dəvə balası) də ala bilmirik.

Akif Nəsirli

0.16507697105408