Gövhər Həsənzadədən “Altın Kelebek”ə etiraz: Bizim məşhurları seçənlər qeyri-peşəkardır

 

 

“Altın Kelebek” müsabiqəsinin Azərbaycandakı seçimlərini kimlərin etdiyi naməlumdur.

Bunu paralel.az-a açıqlamasında bəstəkar, Əməkdar artist Gövhər Həsənzadə növbəti dəfə müsabiqə ilə bağlı yaranan narazılıqlara münasibət bildirərkən deyib.

“Ümumiyyətlə, onların rəhbərləri kimdir? Seçənlər kimdir?  Namizədlər harada və necə seçilir? Sənətkarları hansı meyarlara görə seçirlər? Naməlum seçim turudur.

Bilirəm ki, seçənlər qeyri-peşəkar, Azərbaycan sənətinə heç bir aidiyyəti olmayan insanlardır. Şəxsən bir dəfə həmin gənclərlə tanış olub danışmaq imkanım oldu. Onlar sənətimiz haqqında heç nə bilmədiklərini, reytinqlərə baxıb kimlərə daha çox qulaq asıldığını əsas götürəcəklərini dedilər.

Mən bir neçə sənətkarın adını çəkib, bir neçə sual verdim. Amma maraqlı cavab aldım:

“Bizim Azərbaycan sənətindən xəbərimiz yoxdur, Azərbaycan sənətkarlarını tanımırıq. Son 10-15 ildə Azərbaycan sənətində nə baş verdiyindən xəbərimiz yoxdur”.

Xaricdə təhsil aldıqlarını, sadəcə, insanların dəstəklədikləri sənətçiləri seçdiklərini əsas gətirdilər. Hətta məni - Gövhər Həsənzadəni belə tanımadılar. O zaman onların, həqiqətən də, sənətimizdən xəbərsiz olduqlarını gördüm. O vaxtdan bu müsabiqənin azərbaycanlı nümayəndəliyi haqqında tam mənfi fikir formalaşıb. Ona görə də müsabiqəni izləmirəm.

Ümumiyyətlə, Azərbaycan sənətini böyük səhnələrdə təmsil və təqdim etmək üçün hər kəsə səlahiyyət verilibmi? Nəyə əsasən bizim sənətkarları Azərbaycan sənətinə aidiyyəti və haqqı olmayan adamlar seçib xarici ölkələrdə təqdim edir? Bizim sənətimizə müdaxilə eləməyə nə ixtiyarı var? 

Hazırda bu müsabiqə Türkiyədə keçirilir. Amma nə vaxtsa bizə yaxın olmayan ölkənin layihəsi olduğu zaman onların da nümayəndəsi nə istəsə, onu edəcək?

Həmin gənclərin bizim sənətçiləri seçməsi nə dərəcədə düzgündür? Çünki bu insanlar sənətimizi tanımadıqlarını deyir”, - deyə bəstəkar bildirib.  

Gövhər Həsənzadə hər il sənətçilərin bu cür qarşı-qarşıya qoyulmasının, onlara qarşı bu cür münasibətin yolverilməz olduğunu vurğulayıb:

“Keçən ildə bu müsabiqə ilə bağlı problem yaşadıq. Xoşuma gəlməyən söhbətlər oldu. Azərbaycan xalqının dəyər verdiyi insanlar qarşı-qarşıya gəldi. Bu gün çağdaş Azərbaycan estrada musiqisinə, sənətkarlarına hörmət qoyulmur. Baş verənlər də qeyri-peşəkar insanlara görə oldu. Xaricdə təhsil aldığını deyən insan bizim sənətkarlara nə hörmət edəcək? Niyə onlar bizə ləkə vurmalıdır?

Biz xaricə tələbə göndərmirik ki, ölkəmizdən qopub, Azərbaycan sənətini və sənətkarlarını tanımadıqlarını desinlər. Onların vətənlərinə dönüb ölkəmiz üçün çalışmaları lazımdır”.

Bəstəkar seçilən azərbaycanlı namizədlərə etirazının olmadığını deyib:

“Seçilənlərin hamısı Azərbaycan sənətçiləridir. Hər kəsin tanınmasını istəyirəm”.

Qeyd edək ki, Türkiyənin sayca 46-cı “Altın Kelebek” müsabiqəsindəki siyahıda Xalq artist Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova var.

Bu il ulduzlar yalnız bir kateqoriya - “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparacaqlar. 

Mükafatlandırma mərasiminə iki həftədən az vaxt qalır.

Sevinc Yasinqızı  

0.14644694328308