Etnik ekstremizm münaqişələrin nizamlanmasına ciddi maneələr yaradır

Münaqişələr ərazi iddiaları əsasında baş verəndə daha təhlükəli olur

Qloballaşan dünyada multikultural və tolerant dəyərlərin inkişaf etdirilməsinə mane olan dini və milli zəmində yaranan münaqişələrdir. Bu münaqişələri qızışdıran səbəb isə bəzi dövlətlərin öz qonşularına qarşı ərazi iddiası irəli sürməsidir. Bəzi radikal separatçı quvvələr dini-etnik problemləri qızışdıraraq, öz mənfur niyyətlərini həyata keçirmək məqsədi ilə digər bir dövlətə qarşı ərazi iddiası ilə çıxış edərək, işğalçılıq siyasətinə haqq qazandırır. Bu da son nəticədə dövlətlərarası münaqişəyə çevrilir. Hələ ibtidai icma quruluşu dövründən bizə məlumdur ki, insan cəmiyyətinin inkişafı, o cümlədən dövlətin ərazisinin formalaşması əksər hallarda müharibələrlə təmin olunub. Bu baxımdan qlobalaşan dünyada baş verən bir çox münaqişələrin kökündə, əsasən ərazi iddiaları durur, lakin sadəcə olaraq bu iddiaya milli və dini don geyindirilir. Çünki müasir dövrdə hər hansı bir dövlətin mövcud sərhədlərinin zor gücünə dəyişdirilməsi beynəlxalq hüquq normaları ilə tam ziddiyyət təşkil edir. Məhz buna görə də, Ermənistan kimi monoetnik dövlət də "xalqların öz müqəddəratını təyin etmək hüququ" prinsipini əsas gətirərək, Azərbaycana qarşı ərazi iddiası irəli sürür. Ekstremizm və radikalizm təzahürləri ilə müşayiət olunan bu işğalçılıq siyasətini isə dini və milli münaqişə pərdəsi altında gizlətməyə çalışır. Dünyada söz sahibi olan bəzi hegemon dövlətlər isə bu kimi hallardan öz maraqlarının təminatı üçün istifadə etməyə çalışırlar, hətta bir çox hallarda məqsədlərinə nail olurlar. Onlar bunun üçün dünyada mövcud olan eyni problemə ikili standartlarla yanaşırlar. Bu da öz növbəsində münaqişələrin nizamlanmasına ciddi maneələr yaradır. Buna görə də ərazi iddiaları ilə ortaya çıxan belə münaqişələrin sülh yolu ilə həll olunmasına şübhə yaranır. Hazırda Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti də, məhz bu cür qiymətləndirilir. Təəssüflər olsun ki, bu sahədə söz sahibi olan bəzi vasitəçi dövlətlər və beynəlxalq təşkilatlar fəaliyyətlərində səmimi deyillər. Bir çox hallarda məsələyə ikili standarlarla yanaşırlar. Dünyada multikulturalizm və tolerantlıq mərkəzi kimi tanınan Azərbaycan dövləti bölgədə sülhün bərqərar olması üçün bütün beynəlxalq təşkilatların təkliflərinə müsbət yanaşdığı halda, Ermənistan tərəfi müxtəlif bəhanələrlə danışıqlardan yayınır, özünün radikal separatçılıq mövqeyindən geri çəkimək istəmir. Beynəlxalq vasitəçilik missiyasını icra edən, münaqişənin sülh yolu ilə həll olunmasına yardım göstərən ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlər isə Ermənistanın bu hərəkətlərinə biganəlik nümayiş etdirir. Bu isə Azərbaycana qarşı baş verən aqressiyanın ortadan qalxmasına imkan vermir. Məhz buna görə də, iki ölkə arasında ərazi uğrunda gedən hərbi qarşıdurma getdikcə amansız xarakter alır, münaqişənin ömrü qəsdən uzadılır və həll olunması çətinləşir.

Özünün bütün qonşularına qarşı dözümlü və tolerant münasibəti ilə tanınan Azərbaycana qarşı ermənilərin təcavüzünün kökündə, məhz torpaq iddialarının durduğu heç kimə sirr deyil.

Bu da tarixi faktdır ki, dünyanın bir çox yerlərində alovlanan nəhəng müharibələr yer kürəsində münbit ərazilərin və strateji imkanların qeyri-bərabər paylanması səbəbindən baş verir. Yer kürəsində elə unikal nöqtələr var ki, həmin ərazilərdə yerləşən dövlətlər bütün sahələrdə üstünlüyə malikdir. Azərbaycan da strateji baxımdan dünyada mühüm nöqtələrdən olan Avrasiya məkanında yerləşir. Dövlətimizin bu cür mühüm strateji məntəqədə yerləşməsi hər zaman qonşu dovlətlərin ciddi hədəfinə çevrilməsinə səbəb olub. Ermənistanın Azərbaycana qarşı barışmaz mövqeyinin bir səbəbi də, məhz buradan qaynaqlanır. Multikulturalizmin, tolerantlığın nə olduğunu bilməyən monoetnik dövlət olan Ermənistan Azərbaycan torpaqlarında dövlət yaratdıqları ilə kifayətlənməyərək, Qarabağ kimi münbit torpaqlarımızı da öz tərkibinə qatmaq həvəsinə düşüb. Ermənistan bu sərsəm iddiasını təmin etmək üçün işğalçılıq siyasətini beynəlxalq ictimaiyyətə xalqların öz müqəddəratını təyin etmək hüququ kimi təqdim etməyə çalışır. Halbuki ermənilər qədim Azərbaycan torpaqlarında müstəqil Ermənistan dövlətini quraraq, müqəddəratlarını təyin ediblər. Əslində, Ermənistanın əsas məqsədi Azərbaycanın münbit torpaqları hesabına  "Böyük Ermənistan" yaratmaq xülyasını gerçəkləşdirməkdir. Bu kimi ərazi münaqişələrinin həllinə münasibət bildirən ingilis coğrafiyaşünası və politoloqu, "Gizli Şura"nın üzvü,  "Heartland" nəzəriyyəsinin banisi Helford Con Makkinder qeyd edir ki, Avrasiya strateji baxımdan bütün dünyaya nəzarət üçün ən əlverişli ərazidir. O özünün məşhur geosiyasi layihəsində yazır: "Şərqdən Tibet və Monqolustanın, qərbdən isə Şərqi və Mərkəzi Avropanın daxil olduğu "Heartland"ı idarə edən, dünya adasına-Avropa, Asiya və Afrikaya-nəzarət etmək imkanı əldə edir". Rus çarı l Pyotr da zamanında Konstantinopola (İstanbula) sahib olmağı, dünyaya sahib olmağa bərabər tutmuşdur. Yəqin ki, ermənilər də Dağlıq Qarabağı əldə etməklə, "Böyük Ermənistan"a sahib olacaqlarını güman edirlər. Amma bu onların xam xəyallarından başqa bir şey deyil.

Azərbaycan Avropa ilə Asiya arasında körpü rolu oynamaqla, ingilis alimin də qeyd etdiyi kimi, dünyanın diqqətində olan ən önəmli strateji bir mövqeyə sahibdir və bu mövqeyini qorumaq gücünə qadirdir. Eyni zamanda, Azərbaycan bütün bu münaqişələrin və qarşıdurmaların beynəlxalq hüquq normalarına uyğun şəkildə, sülh yolu ilə həllinə çalışır.

Hazırda "Heartland"in qanlı etnik münaqişələrin və qlobal antiterror əməliyyatlarının obyektinə çevrilməsi də, onun dünya siyasətində əvvəlki rolunu qoruyub saxlamasından irəli gəlir. Məhz bu səbəbdən amerikalı professor F. Velinq də Avrasiyaya ("Heartland"a) nəzarət uğrunda gedən böyük geosiyasi oyunların səbəblərini neft, əsassız iddia edilən sərhədlər, etnik münaqişələr, panetnik hərəkatlar, İslam radikalizmi, zəif rejimlər və xarici dövlətlərin rəqabəti ilə əlaqələndirir və məsələyə bu konteksdən yanaşmanı daha doğru hesab edir.

Bu da danılmız həqiqətdir ki, tarixən bütün nəhəng geosiyasi münaqişələr mübahisəli ərazilərə təsir dairəsinin genişləndirilməsi məqsədi ilə törədilib. Bu gün isə geosiyasi və regional problemlərin həlli üçün daha çox "lokal müharibələrdən" istifadə olunur. Bu tip problemlərin araşdırılması ilə məşğul olan tədqiqatçılar bəzən belə münaqişələrin "böyük geosiyasi oyunların" tərkib hissəsi olduğunu qeyd edirlər. Bu tip münaqişələr daha çox, əlverişli coğrafi vəziyyətə və zəngin təbii ehtiyatlara, o cümlədən enerji daşıyıcılarına malik olan, iri dövlətlərin maraq dairəsində olan regionlarda baş qaldırır. Azərbaycan da, məhz belə bir bölgədə yerləşdiyindən həmin qüvvələr də burada öz maraqlarını təmin etməyə çalışırlar. Burada bir məqamı diqqətinizə çatdırmaq istərdik. Hələ 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Çeçenistanda alovlanan müharıbə, Gürcüstanda hərbi çevriliş və sui-qəsd cəhdləri, Türkiyədə PKK-nın fəallaşması və s. hadisələr bir sıra maraqlı dövlətlərin lokal xarakterli toqquşmalardan istifadə etmək yolu ilə regionun təbii sərvətlərinə nəzarəti ələ keçirmək cəhdindən irəli gəlirdi. Hər bir siyasi qüvvə bu müqavilədən öz payını qoparmaq istəyində idi. Lakin Ümummilli Lider Heydər Əliyevin o dövrdə nümayiş etdirdiyi soyuqqanlıq və həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz mövqeyini qoruyub saxlaya bildi.

Dünya miqyasında gedən prosesləri dərindən təhlil etmək gücünə malik olan Heydər Əliyev dəqiq bilirdi ki, etnik ziddiyyətlər ərazi iddiaları və digər mübahisələrlə üst-üstə düşdükdə daha təhlükəli vəziyyət yaranır. Bu iki amilin sinxron hərəkəti isə münaqişələrin daha sürətli və qanlı müharibələrə çevrilməsinə səbəb olur. Bu baxımdan da ərazi iddialarının qanuniliyini aydınlaşdırmaq nəinki çətinləşir, hətta mümkün belə, olmur. Bu tip münaqişələrin iştirakçıları olan tərəflər, adətən, ərazi iddialarını bir-birinin ziddinə təfsir edirlər ki, bu da problemin həllinə əlavə maneələr yaradır.

Məhz buna görə də Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının ilk günündən ölkədə etnik qarşıdurmanın baş verməməsi istiqamətində mühüm addımlar atdı. Bu da heç şübhəsiz ki, ölkəmizin cənubunda formalaşmaqda olan talış separatizminin, şimalda radikal "Sadval" ləzgi hərəkatının qarşısının alınmasında mühüm rol oynadı. Ölkədə az bir müddətdə dini və etnik məsələlərin həlli istiqamətində böyük işlər görüldü, sabitlik və harmoniya təmin olundu. Dövlət-din münasibətlərinin tənzimlənməsi prosesinə təkan verildi.

Məlumdur ki, o dövrdə mövcud olan rəsmi statistika da "soyuq müharibə"nin süqutundan sonra Avrasiya materikində etnoərazi münaqişələrinin genişlənməsi faktını təsdiqləyir. Bu da danılmaz faktdır ki, 1990-cı ildən başlayaraq, Avropada baş verən bütün silahlı qarşıdurmalar da, məhz ərazi problemləri ilə bağlı olub.

Sovet İttifaqının süqutu ərəfəsində, təkcə SSRİ daxilində 76, bir ildən sonra isə 180 etnoərazi mübahisələri qeydə alınıb. Bunun səbəblərini araşdırarkən məlum olur ki, MDB ölkələrində etnoərazi mübahisələrinin kökü Sovet rejiminin sərhədləri qayçılaması siyasəti ilə sıx bağlıdır. Belə ki, sovet rejiminin mövcudluğu illərində respublikalar arasında mövcud olan sərhədlər 40 dəfədən, muxtar respublikalar və vilayətlər arasında isə daha çox dəyişikliklərə məruz qalıb. Həmin dövrdə baş verənlərə münasibət bildirən amerikalı politoloq Zbiqnev Bzejinskinin fikrincə, bu regionlarda Sovet hökumətinin inzibati-ərazi bölgü modeli daxili hərc-mərcliyi saxlamaq və cənub regionlarının Rusiya imperiyasından asılılığını möhkəmləndirmək məqsədi daşıyıb.

Qeyd olunanlara əsasən, bir həqiqəti etiraf edək ki, bir sıra güclü dövlətlər dünyada münaqişələrin mövcud olmasına daha çox maraqlıdırlar və bu münaqişələri stimullaşdırırlar. 

Bütün bunlar isə dünyada birgəyaşayışın, multikulturalizmin və tolerantlığın inkişafına mane olan əsas amillərdən biridir. Çalışmalıyıq ki, təbliğat, təşviqat və maarifləndirmə yolu ilə insanların bir-birinə münasibətlərinin müsbətə dəyişməsinə, dünyada sülhün və barışın bərqərar olmasına nail olaq. 

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.45463299751282