Fermerlər maarifləndirilməlidir!

"Hər xeyirdə bir zərər, hər zərərdə bir xeyir var"

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi və fermerlərə dəstək verilməsi istiqamətində atılan addımlar içərisində Karbamid zavodunun tikilməsi ən uğurlu layihə hesab edilə bilər. Sovetlər dönəmindən indiyə qədər Azərbaycan azot tərkibli yemləmə gübrəsini (xalq arasında "silitr" kimi tanınan, laborator ammonium-nitrat və ya ammonium şorası) xaricdən alıb. Ona görə də bu gübrə həm baha başa gəlirdi, həm də gübrənin tədarükündə ciddi problemlər yaranırdı. Lakin Azərbaycanda bu ildən başlayaraq karbamidin istehsalı həyata keçirilir. Karbamid Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkında yerləşən və illik istehsal gücü 650-660 min ton olan Karbamid zavodunda istehsal olunur. Karbamid zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Bu zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" (2008-2015-ci illər) və "Sənayenin inkişafına dair Dövlət Proqramı" (2015-2020-ci illər) çərçivəsində istifadəyə verilib.

Qeyd edək ki, bütün müsbət tendensiyaların həm də müəyyən mənfi cəhətləri olur və bu zərərli cəhətlərin aradan qaldırılması üçün mütləq qabaqlayıcı tədbirlər görülməlidir. Məlum olduğu kimi, azot tərkibli gübrələr bitkilərin yerüstü hissəsinin inkişafı üçün nəzərdə tutulur. Başqa sözlə desək, azot bitki üçün xüsusi yemdir, onun yaşıl kütləsinin inkişafına güclü təsir göstərir. Texniki bitkilərin becərilməsində bu gübrənin istifadəsi heç bir zərərə səbəb olmur. Amma birbaşa ərzaq məhsulu kimi bazara çıxarılan kənd təsərrüfatı məhsullarına bu gübrə aşırı dərəcədə və ya məhsul vaxtı verildikdə ciddi fəsadlara səbəb olur. Bostan-tərəvəz bitkilərinə məhsul vaxtı azot gübrəsi verildikdə azot elementinin böyük bir hissəsi hazır məhsulun tərkibinə keçir. Nəçticədə bazara çıxarılan meyvə-tərəvəzin tərkibində azotun tərkibi normadan artıq olur ki, bu da zəhərlənmələrə səbəb ola bilər. Bəzən fermerlər bunu məqsədyönlü şəkildə edirlər. Çünki məhsul vaxtı bostana azot gübrəsi veriləndə məhsul daha iri, görkəmli və dadlı olur ki, bu da məhsulun daha rahat satılması üçün münbit şərait yaradır. Lakin həmin məhsuldan bir qədər artıq yeyən adam dərhal zəhərlənir. İnsanın gündəlik azot norması təxminən 90 qrama qədərdir, həzm sistemi sağlam olan adamlar bu normanı iki dəfəyə qədər aşa bilir. Ancaq həzm sistemi zəif olan insanlar normanı aşan kimi zəhərlənir. Bu il isə fermerlərimiz azot gübrəsi əldə etməkdə heç bir problem yaşamayacaq, onlara bol gübrə təqdim ediləcək, kəndlilər isə bundan həddindən artıq yararlanmağa cəhd göstərib, bol məhsul götürmək üçün bol gübrə işlədə bilər. Necə deyərlər, «sürmə çox olanda qaşa da çəkərlər, gözə də», el misalını rəhbər tutarlar. Bu isə ölkədə kütləvi zəhərlənmələrə səbəb ola bilər. Bu tendensiyanın qarşısını almaq üçün hökumət - Kənd Təsərrüfatı Nazirliyi bostan-tərəvəz bitkiləri becərən fermerləri maarifləndirməli, azot gübrəsindən istifadə edilməsinin aqrotexniki qaydalarını onlara izah etməli, bununla da meyvə-tərəvəzin tərkibində normadan artıq azot olmasının qarşısını almağa çalışmalıdır. Bu işə indi, məhsul mövsümündən əvvəl başlamaq lazımdır ki, hər bir fermer bundan xəbərdar olsun. Məhsul mövsümündə isə kütləvi şəkildə bostan-tərəvəz məhsullarının tərkibində azotun miqdarının bazarlarda ölçülməsi üçün şərait yaradılmalıdır. Tərkibində normadan artıq azot olan məhsullar müsadirə edilərək məhv edilməlidir. Qeyd edək ki, hər bir məhsul üçün ayrıca azot norması var və bunu mobil cihazlarla müəyyənləşdirmək mümkündür. Hazırda inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı məhsulları tərkibindəki azotun miqdarı müəyyən edildikdən sonra bazarlara buraxılır.

Yeri gəlmişkən, vurğulayaq ki, Kənd Təsərrüfatı Nazirliyinin 54 rayonda idarəsi var. Bu idarələr məhz maarifləndirmə və yoxlama işləri ilə məşğul ola bilər. Lakin bir məsələni də qeyd edək ki, bu işdə möhtəkirliyə yol verilməsin - bu yoxlamaların da alver predmetinə çevrilməsi arzuolunmaz hal olsa da, mümkündür. Ona görə də bu istiqamətdə mexanizm hazırlananda bu da gözaltına alınmalıdır. Bunun qarşısını almaq üçün iri təsərrüfat sahiblərini də ölçmə cihazları ilə təhciz etmək olar.

Akif Nəsirli

 

0.15266799926758