Milli-mənəvi dəyərlərimiz multikulturalizm və tolerantlığın möhkəmlənməsinə xidmət edir

Ermənilər milli-mənəvi dəyərlərimizi məhv etməyə çalışırlar

Azərbaycanda multikulturalizm və tolerantlığın inkişaf etdirilməsi milli və mənəvi dəyərlərlə sıx surətdə həyata keçirilir. Bu prosesin ölkəmizdə əsas hərəkətverici qüvvəsi, heç şübhəsiz, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir.

Qədim və zəngin milli-mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan xalqının bu dəyərləri tarixin ən çətin dönəmlərində belə, sədaqətlə qoruyub, yaşadıb, inkişaf etdirməsi çoxdan məlumdur. Xalqımızın, ələlxüsus, yetişməkdə olan gənc nəslin qarşısında duran əsas məsələlərdən biri, məhz milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasıdır. Çünki milli-mənəvi dəyərlərimiz Azərbaycan xalqının formalaşmasına müsbət təsir göstərdiyi kimi, milli dövlətçiliyimizin möhkəmlənməsində, ölkədə multikultural və tolerant dəyərlərin bərqərar olmasında mühüm rol oynayır.

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmdə daim xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətin inkişafına, adət-ənənələrin zənginləşməsinə xüsusi diqqət ayırıb. O, gənclərin xalqımızın milli-mənəvi dəyərlərinə, əxlaqi prinsiplərinə uyğun şəkildə tərbiyə olunmalarının vacibliyini həmişə ümdə vəzifə kimi tövsiyə edib. Ulu Öndər gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasından bəhs edərək deyib: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq ki, gənc nəsli əsrlərin sınaqlardan keçən bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirək".

Ulu Öndərin tövsiyyələrinə böyük önəm verən Azərbaycan xalqı da ailə, insansevərlik, mərhəmət, əxlaq, sülhsevərlik, xeyirxahlıq, vətənpərvərlik, dini dəyərlərə hörmət kimi mənəvi dəyərlər sistemini daim qoruyub və inkişaf etdirib. Xalqımızın mənəvi dəyərlərinin qorunması dövlətimizin daim diqqət mərkəzindədir. Bu gün şəhid ailələrinin, valideyn himayəsindən məhrum uşaqların, aztəminatlı ailələrin, qaçqınların və məcburi köçkünlərin, fiziki imkanları məhdud insanların, müharibə veteranlarının dövlətin diqqət və qayğısı ilə əhatə olunması da, dövlətin sosial, eyni zamanda, mənəvi sahədə həyata keçirdiyi siyasətin açıq təzahürüdür.

Son illər Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə multikulturalizm və tolerantlığın, eləcə də milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsi istiqamətində çox böyük işlər həyata keçirilir. Prezident, eyni zamanda, Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, islam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində həyata keçirilən bütün işlərə də böyük dəslək verir. Bu istiqamətdə görülən işlər sırasında dövlət başçısının islam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı sərəncamlarını buna misal göstərmək olar. Azərbaycanda mövcud olan digər dini konfessiyaların nümayəndələri də dövlət başçımızın diqqət və qayğısını daim hiss edirlər. Eyni zamanda bu diqqət və qayğıdan lazımınca yararlanırlar. Azərbaycan dövlətinin multikulturalizm və tolerantlıq prinsiplərinə humanist yanaşması, dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə xoş münasibəti dini ehtiva edən qanunvericilik bazasının möhkəmlənməsində də açıq şəkildə özünü göstərir.

Dünyada multikulturalizm və tolerantlıq mərkəzlərindən biri kimi tanınan ölkəmizdə milli və mənəvi dəyərlərin qorunması və təbliği sahəsində çox böyük işlər həyata keçirilməsi daimi xarakter daşıyır. Bu işlərin miqyasının genişləndirilməsi və dövlət siyasətinin həyata keçirilməsi məqsədilə atılan mühüm addımlardan biri də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasıdır. Prezident  İlham Əliyev 10 oktyabr 2017-ci il tarixdə bu barədə fərman imzalayıb. Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdən ibarətdir.

30 ilə yaxındır ki, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın destruktiv siyasəti nəticəsində pozulur. Ermənistan beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. Bu da regionda milli və dini gərginliyin artmasına səbəb olur. Çünki Ermənistanın işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparması nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olub. Ermənilər həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irsi, İslam abidələrini və məscidlərimizi dağıdaraq, orada olan bütün milli-mənəvi dəyərlərimizi məhv ediblər.

Bu azmış kimi, Ermənistan müsəlman ölkələri ilə sıx əməkdaşlıq etməyə can atır. Ancaq yaddan çıxarır ki, dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan dövlətlə (Ermənistanla) heç bir müsəlman ölkəsi dost ola bilməz.

Bu dostluğun mümkünlüyü üçün ilk növbədə Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkməli, Azərbaycana məxsus olan torpaqları heç bir şərt qoymadan, işğaldan azad etməlidir.

Hazırda bütün dünya sanki təhdid altındadır. Multikulturalizm və tolerantlığın iflasa uğraması barədə iddiaları ortaya atan Qərb dövlətlərinin özləri də bundan daha çox əziyyət çəkirlər. Buna əsas səbəb isə din-cəmiyyət məsələlərinin düzgün qurulmamasıdır.

Din-cəmiyyət münasibətlərinə, eləcə də fərdlərin dinə münasibətinə nəzər saldıqda, ilk növbədə, XXI əsrin çağırışları və təhdidləri üzərində dayanmaq lazım gəlir. Məlumdur ki, XXI əsr texnologiya əsridir və bu əsr yeniliklər yaratmaqla bərabər, özü ilə problemlər və təhdidlər də gətirir, onların qarşısını almaqda bəşəriyyət çətinlik çəkir. Yer kürəsində  7,8 milyarddan çox insan yaşayır və bu artım da istər-istəmiz, müəyyən problemlər yaradır. Bu problemlərin içində ən böyük təhlükəni yaradan insanların kütləvi miqrasiyasıdır. Çox böyük əraziləri əhatə edən bu problemlər və dəyişikliklər insanların dini inancına da təsirsiz ötüşmür. Xristian cəmiyyətlərinə aid olan ölkələrdə insanların dinə münasibətində artıq dəyişikliklər, baş verir. Əgər 100 il əvvəl insanların kilsələrə kütləvi axını müşahidə edilirdisə, indi bu prosesin tamamən zəiflədiyi müşahidə olunur.

Bunun tam əksinə olaraq, ölkəmizdə dövlət -din münasibətləri ən yuksək səviyyədə tənzimlənir və Azərbaycan Konstitusiyasında dövlətin dinə münasibəti aydın şəkildə öz əksini tapıb. Azərbaycan Konstitusiyasında vicdan azadlığı təmin edilib, dinlər arasında heç bir fərq qoyulmur. Eyni zamanda, Azərbaycanda dövlət-din münasibətlərində dünyəvilik prinsipi əsas götürülür.

Ölkəmizdə tarixən etnik və dini icmalar arasında möhkəm dözüm-lülük, tolerantlıq münasibətlərinin mövcud olduğu və bütün xalqların vahid, mehriban ailə kimi yaşadığı, müxtəlif dinlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstərdikləri hər birimizə məlumdur.

Xalqımız tarixin bütün dönəmlərində bölgədə dostluğun, qardaşlığın möhkəmləndirilməsinə, insanların milli-dini mənsubiyyətindən asılı olmayaraq, sülh və əmin-amanlıq şəraitində yaşamasına xidmət edib. Məhz buna görə də,  ölkəmizdə İslam dini ilə yanaşı, xristianlıq, buddizm və başqa dinlərə mənsub insanlar məskunlaşıb, sülh və dostluq şəraitində yaşayıblar və bu gün də yaşamağa davam edirlər. Bütün bunlara baxmayaraq, din Azərbaycanda heç bir zaman milliləşməyib. Ərəb ölkələrində İslam milli simvola çevrilib. Bu da insanların geyimlərində, adət-ənənələrində özünü göstərir. Azərbaycanda isə dinin milli simvola çevrilməməsi, burada multikulturalizm və  tolerantlıq prinsiplərinin güclənməsinə münbit şərait yaradıb.

İslam dinində demokratik və hüquqi dövlət quruculuğu prinsiplərində olduğu kimi, məcburiyyətin olmaması inkaredilməz həqiqətdir. Məhz buna görə də, digər səmavi dinlərin nümayəndələrinə qarşı hörmətlə yanaşmaq, dövlətçiliyə sədaqət, cəmiyyətdə sülhün və əmin-amanlığın bərqərar olması İslamın da əsas prinsiplərindən hesab olunur. Ölkəmizdə həyata keçirilən bütün tədbirlərdə dövlətçilik prinsipləri əsas götürülür və heç bir halda dini strukturlar dövlət siyasətinə qarışmır.

Çünki din sırf inancla bağlı məsələ olduğundan, fərdi xarakter daşıyır. Bununla belə, maraqlıdır ki,  Azərbaycanda bütün dinlərin nümayəndələri eyni masa arxasında əyləşir və daim dialoqa açıqdırlar. Bu da ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr, eləcə də dinin cəmiyyətin həyatında, onun mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu olan məsələdir və heç şübhəsiz ki multikulturalizmin və tolerantlığın qorunub inkişaf etdirilməsini ehtiva edir.

Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində qazandığı təcrübəni yaymaq və təbliğ etmək, eləcə də bu dəyərlərin beynəlxalq aləmdə təşviqində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun üzərinə çox böyük məsuliyyət düşür. Fondun bu günə kimi dini konfessiyalarla birgə layihələri həyata keçirməsi, eyni zamanda, Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində gördüyü işlər də uğurlu fəaliyyətin parlaq nümunəsidir.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.13615393638611