Sahil Babayev Səlim Müslümovun yolunu gedir

ƏƏSMN-Əməkçi Əhalinin Soyulması Məsələləri Nazirliyi

Mən əməkçi əhalinin soyulması məsələləri naziri Səlim Müslümovun vəzifəsindən çoxdan haqq etdiyi "istirahətə" göndərilməsindən sonra, bu nazirlikdə baş verən qanunsuzluqlardan, özbaşınalaqlardan və onun həyata keçirdiyi "möhtəşəm" islahatlardan yazmaqdan bir müddət istefa (indi bu söz çooox dəbdədir ona görə yazdım) verdim.

Hesab edirdim ki, gənc nazir Sahil Babayev öz enerjisinə, Prezidentin dəstəyinə güvənərək ölkə əhalisinin ƏƏSMN (Əməkçi Əhalinin Soyulması Məsələləri Nazirliyi) kimi tanıdığı bu qurumun öz adını (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qaytarması istiqamətində ciddi işlərə başlayacaq. Ancaq açığını deyim ki, bu gözləntilərimin müsbət nəticə verməyəcəyi yeni nazirin 2-3 aylıq fəaliyyətindən sonra tam açıqlığı ilə ortada idi. Bununla belə, "100-ə dözən 101-ə də dözər" prinsipi ilə bu günə qədər dözdüm və gözlədim.

Bu günlərdə hörmətli nazirin mətbuata açıqladığı bir məlumat, eləcə də hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovun Prezidentə müraciətindən sonra mənə tam aydın oldu ki, Azərbaycanda məmurların cavan, yaxud qoca olmasının heç bir fərqi yoxdur. Sistemin özu elə qurulub ki, burada gənc, qoca fərq etməz, düşüncə tərzi eynilik təşkil edir, çox təəssüf!

Əməkçi Əhalinin Soyulması Məsələləri Naziri hörmətli Sahil Babayev bəyan etdi ki,  nazirliyin əməkdaşlarının "işgüzar" və "uğurlu" fəaliyyəti nəticəsində, bir il ərzində 2500-ə qədər saxta pensiya və müavinət alan şəxslər aşkar edilərək, onlara qanunsuz ödənilən pulların dövlətə qaytarılması təmin olunub. Çox gözəl, çox pakizə, alqışlansın! Nazir daha sonra qeyd edib ki, bununla da dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Bu, "qənaət edilib" məsələsi sizə heç tanış gəlirmi?

 Səlim Müslümov da, qılıncının hər iki tərəfi kəsən dövrdə bəyan edirdi ki, həyata keçirdiyi islahatlar nəticəsində pensiya fonduna qənaət edib. Soruşuram, dövlətin pensiyaçılara və imkansız ailəllərə sosial yardım üçün ayırdığı vəsaitləri necə qənaət etmək olar? Sən demə, olarmış və Səlim Müslümovun bütün islahat sistemi də buna köklənibmiş. Yəni əməkçi əhalini dilənçi kökünə salaraq, məmur çetesini ən yüksək pensiyalarla təmin etmək. Əks təqdirdə, 40-50 il istehsalatda çalışan fəhlənin pensiyasının, hansısa bir məmurun, yaxud deputatın pensiyasından 8-10 dəfə az olmasını necə başa düşmək olar?

 Bu barədə sizə aşağıda daha ətraflı açıqlama verəcəyəm. İndi isə qaydaq nazir Sahil Babayevin bəyanatına.

Nazir nədənsə, bəyanatında baş vermiş faktı qeyd edir, lakin bütün bu qanunsuzluqların baş vermə səbəbləri, onları törədən şəxslər, buna qol qoyan sabiq nazir Səlim Müslümov haqqında heç bir kəlmə belə, demir. Nazirin bəyanatından belə anlaşılır ki, bu qanunsuzluqlarda günahkar olanlar elə pensiya və müavinət alanlardır. Əsində, bu faktın özü də ciddi araşdırma tələb edir, çünki bu kimi cinayətlərin iki tərəfi olur, pulu verən və cinayəti törədən. Bizim möhtəşəm qanunlarımıza görə, onların hər ikisi törədilən qanun pozuntusuna görə məsuliyyət daşıyır. Ancaq bizdə nədənsə, məmurlar bütün qanunsuzluqlardan kənarda qalırlar və onarın heç biri törətdiyi əməlinə görə məsuliyyət daşımır. Məhz buna görə də, cəmiyyətdə məmur özbaşınalığı ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib.  

Belə bir situasiyada bu özbaşınalıqları şərtləndirən bəzi məsələlərə toxunmağı vacib sayıram. Belə ki, Səlim Müslümov və komandası, təkcə saxta pensiya və müavinətlər təyin etməklə pul qazanmayıblar. Səlim Müslümovun istər Dövlətlilərin Sosial Müdafiəsi Fondunun, istərsə də Əməkçi Əhalinin Soyulması Məsələləri Nazirliyinə transferindən sonrakı fəaliyyəti dövründə yüzlərlə qanunsuz işləri var ki, bu gün də nədənsə araşdırılmır. Yeni nazir də nədənsə, sadəcə olaraq saxta pensiya və müavinətlərın təyinatı məsələlərini qabardır. Bu səbəbdən də insanlarda belə bir təsəvvür yaranır ki, saxta pensiya və müavinətlərın təyin olunması, bilavasitə aşağı ranqlı məmurların əməlidir və Səlim Müslümovun bu işlərdən xəbəri olmaya da bilərdi. Bununla da Səlim Müslümov bütün məsuliyyətdən kənarda qalır. Burada deyəsən, məmur həmrəyliyi prinsipi Sahil Babayevə güc gəlib.

Mən sizə Səlim Müslümov dönəmində pensiyaçıların pensiya hüquqlarının pozulması üçün yaradılan bir sistemdən bəhs edəcəyəm. Bu da bilavasitə əməkçi insanların pensiya hüquqlarının pozulması ilə bağlıdır və Səlim Müslümov da "pensiya fonduna qənaət edilib" deyəndə, məhz bu sistemi nəzərdə tutub, yəqin ki. Bu səbəbdən də mən, elə o dövrdən bu nazirliyi  Əməkçi Əhalinin Soyulması Məsələləri Nazirliyi adlandırıram.

 Təsəvvür edin ki, 3 nəfər pensiyaya çıxır. Onların işlədikləri şərait, stajları və yaşları eynidir. Səlim Müslümovun o dövrdə gerçəkləşdirdiyi " uğurlu pensiya islahatları" nəticəsində onların hər birinə 40 illik əmək stajı və o dövrdə mövcud olan 85 manat minimum pensiyanın tətbiqi ilə 162. 2 manat pensiya təyin olunub. Bütün narazılıqlar da bundan sonra başlayıb. 40 ilin 15-20 ilini zərərli sahələrdə çalışan vətəndaşların pensiyaları nə üçün elə həmin dövrdə deyək ki, heç bir ictimai- faydalı əməklə məşğul olmayan (adını JEK (MİS)-də süpürgəçi, yaxud çilingər kimi qeyd etdirərək) bazarlarda möhtəkirlik edərək pul qazananlarla eyni yol və metodlarla hesablanmalı idi? Bu sualın cavabı bu günə kimi də yoxdur, çünki onu ancaq Səlim Müslümov bilir.

Çox maraqlıdır ki, buna etiraz edən pençiyaçıların biri məhkəməyə müraciət edir və onun pensiyası hansısa sehirli çubuğun gücü ilə 162.2 manatdan təxminən 670 manata qaldırılır. Digər pensiyaçı isə daha yüksək instansiyaya şikayət edir və onun da pensiyası həmin sehirli çubuğun gücü ilə 720 manata olur. Üçüncü şəxs isə öz haqqını bilavasitə Səlim Müslümovdan tələb edir. Onun israrlı tələbindən sonra Dövlətlilərin Sosial Müdafiəsi Fondunun məsul vəzifəli şəxsi pensiyaçını qəbul edir. Pensiyaçının pensiyasının düzgün hesablanmaması ilə bağlı şikayətinə məsul şəxsin çox maraqlı cavabı olur: "Səlim Müslümov kimdir ki, kiminsə pensiyasını artırsın, ona yuxarıdan nə deyirlər, o da, onu yerinə yetirir". Burada mənə artıq bəlli oldu ki, Səlim Müslümovun pensiya fondunun qənaəti mexanizmi, məhz bu formada, əməkçilərin haqqını kəsməklə reallaşır. Bu an həm də xalqımızın Ümummilli lideri Heydər Əliyevin məmurların fəaliyyəti barədə söylədiyi bir fikir yadıma düşdü. O da, zamanında (söhbət sovet dönəmindən gedir) şikayətçilərin şikayətinə məmurların eynən bu formada reaksiya verdiyini qeyd etmişdi. Yəni bu məsələlərin həlli mənilk deyil, yuxarıdan gəlir. Ulu Öndər deyirdi ki, bu yolla məmurlar öz yarıtmaz fəaliyyətlərini və cinayətkar əməllərini daha yuxarı instansiyalara transfer etməklə, sudan quru çıxmağa çalışırlar. Bu misalları ona görə çəkdim ki, Sahil Babayevə Səlim Müslümovdan heç də həlli asan problemlərin qalmadığına reallıqda tanış olasınız. Bu miras nə qədər ağır olsa da, həlli müşkül sayılmaz. Çünki bu vəzifəyə təyin olunun gənc kadrların arxasında, məhz Prezidentin özü dayanır və onları dəstəkləyir. Bununla belə, bu gün görünən odur ki, bəzi gənc kadrlar da Prezidentin etimadını doğrultmaq gücündə deyillər, yaxud da onlara hansısa maneələr var. Necə deyərlər, "bulanıq suda balıq tutmaq daha asan olur".

Bu gün  Əməkçi Əhalinin Soyulması Məsələləri Nazirliyində də eyni proseslər gedir.           Mənim üçün, eləcə də mənim kimi pensiyaları ədalətsiz hesablanan və bununla da dilənçi vəziyyətinə salınan minlər, onminlərlə pensiyaçını maraqlandıran odur ki, saxta pensiya və müavinətlərı aşkarlamaqda rekord qıran Sahil Babayev düzgün hesablanmayan pensiyaların araşdırılmasına nə zaman başlayacaq, yaxud da, ümumiyyətlə, belə bir niyyəti varmı? Yoxsa, o da, Səlim Müslümov kimi bu yolla pensiya fonduna qənaət etmək fikrindədir. Bəlkə islahatların bu forması ona da sərf etmir?  Narazı qalanlara da, Səlim Müslümovun kadrlarının dediyi kimi, "gedin məhkəməyə verin, şikayət edin ",-deyəcəklər?

Artıq bu tendensiya yeni nazirliyin fəaliyyətində də hiss olunmaqdadır. Prezidentdən dəstək alaraq, etimad sahibi olan Sahil Badayev də, artıq Səlim Müslümovun yolunu gedir. Bu isə ölkədə narazılıq dalğasının güclənməsinə səbəb olan əsas amillərdən biri hesab olunmalıdır. Çünki insanların kadr islahatlarına olan ümidləri bu dəfə də puça çıxarsa, onda ölkədə nələrin baş verəcəyini indidən proqnozlaşdırmaq çox asandır. Bütün bunların sonunun nə ilə nəticələnəcəyni isə ancaq zaman və Prezident İlham Əliyev bilir. Onun son xəbərdarlığı da hakimiyyətdə təmsil olunan bütün məmurlara bəllidir. Kim bu komandada Prezidentin qarşıya qoyduğu tələblər çərçivəsində işləmək istəyəcəksə, işləyəcək, işləmək istəməyənlər isə komandadan kənarlaşdırılacaq.

Hələlik bu qədər...

Yusif Seyid

0.12003493309021