Telefon qaçaqmalçılığı ilə məşğul olan ər-arvad azadlığa buraxıldı

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində telefon qaçaqmalçılığında təqsirləndirilən Nurlan Nəsibov və Layə Yaqubovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

paralel.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, təqsirləndirilən şəxslər barəsində iki il sınaq müəddəti təyin edilməklə, şərti cəza verilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar. 

Qeyd edək ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çemodanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və “Yaşıl Kanal”a doğru hərəkət edib.

L.Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq “Qırmızı Kanal”a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan N.Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib. 

Gömrük əməkdaşlarının diqqətinin N.Nəsibova yönəldiyini görən L.Yaqubova “Qırmızı Kanal”a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib.

Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən L.Yaqubovanın hava limanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən 18 ədəd müxtəlif markalı mobil telefonlar aşkarlanıb. 

Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham edilib.

0.28793001174927