Aşıq Samirədən ittiham: “Saz havalarını plagiat edirlər” - FOTO/VİDEO

 

 

Əməkdar mədəniyyət işçisi Aşıq Samirə Əliyeva yeni mahnısını təqdim edib.

paralel.az-a danışan aşıq Samirə “Evimizə gəlin gəlir” adlı yeni mahnısını  özünün yazdığını bildirib:

“Bu aşıq havasında ustadlarımız müxtəlif mövzularda olan şeirlər ifa ediblər. Hər ustad öz dövrünə aid olan mövzuya toxunub, mən də bu günün, bu zəmanəmizin nəbzini tutmaq niyyəti ilə gəlin mövzusuna toxundum. Sual ola bilər ki, niyə məhz gəlin mövzusu? Dədə-babadan görmüşük ki, gəlinləri aşıqlar tərifləyər. İstədim ki, keçmişə qayıbıb, tamaşaçılarıma nostalji anlar yaşadım.

Mən də bir el aşığı olaraq gəlinlərimizə bunu ithaf etdim. Ümumiyyətlə, şeir yazmaq, söz yazmaq başqa bir dəryadır. Amma buna baxmayaraq, bir aşıq olaraq söz qoşmaq, şeir yazmaq bacarığım var. Düşünürəm ki, bəyənəcəklər. Bütün gəlinlərimizə xoşbəxt olmalarını arzu edirəm”.

Aşıq Samirə əlavə edib ki, birbaşa saz havasını plagiat şəklində ifa edib, özlərini bəstəkar kimi təqdim edənlər var:

“Həmişə gördüyüm işlərdə saz havalarını özüməməxsus tərzdə ifa etməyə çalışıram. Təbii ki, klassik üslubu qoruyub saxlamaq şərtilə həmin aşıq havalarını yenidən gündəmə gətirim. Bu hələ mənim görəcəyim işlərin ən kiçik hissəsidir.

Bəzən aşıq havalarını ifa etsələr də, aşıq havasından bəhrələndiklərini demirlər. Birbaşa saz havasını plagiat şəklində ifa edirlər və özlərini bəstəkar kimi təqdim edirlər. Ona görə də bu saz havalarını ifa edərək gündəmə gətirməyə çalışıram.

Gənclərimiz hansı mahnıları saz havalarından oğurluq olduğunu bilsinlər. Gələcəkdə bunun başqa yollarla da qarşısını alacam. Çünki aşıq havalarının onun-bunun adına çıxmasını istəmirəm. Çünki bu, xalqın mirasıdır”.

Sevinc Yasinqızı

0.34345698356628