Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi tədris prosesinə xarici universitetləri cəlb etməkdir

Azərbaycan multikulturalizmi modelinin elmi müstəvidə öyrənilməsi və araşdırılması uğurla davam etdirilir

Dünya coğrafiyasında çox ciddi geosiyasi proseslər getdiyinə görə, ölkəmizin bu proseslərdən kənarda qalması mümkün deyil. Çünki müasir dünyada multikulturalizm və tolerantlıq mərkəzi kimi, ölkəmizin proseslərdən kənarda qalması, multikultural dəyərlərin zəifləməsi ilə nəticələnə bilər. Səbəb isə, son 10-15 ildə multikulturalizm, tolerantlıq və bəşəri birgəyaşayışın təmin olunması istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatların qarşılıqlı əməkdaşlıq və dialoqla bağlı bütün önəmli tədbirlərinə ölkəmizin ev sahibliyi etməsidir. Bu təşkilatlar və onlara dəstək verən bir çox dövlətlər etiraf edir ki, müasir Azərbaycan cəmiyyəti multikulturalizmin və tolerantlığın qorunması, inkişaf etdirilməsi, bəşəri birgəyaşayışın təmin olunması baxımından bir çoxlarına örnək və nümunə ola bilər.

Azərbaycan dövlətinin ta qədim zamanlardan dini və milli müxtəlifliklərin heç bir anlaşılmazlıq hallarına yol vermədən, birgə məskunlaşdıqları məkan olaraq tanınması çoxdan məlumdur. Burada muxtəlif dini konfessiyaların, eləcə də 30-dan çox azsaylı xalqların və etnosların nümayəndələri uzun əsrlərdən bəri qarşılıqlı anlaşma və qardaşlıq şəraitində birgə yaşayıblar və bu gün də yaşamaqda davam edirlər. Azərbaycanda multikultural dəyərlərin yüksək səviyyədə qorunub inkişaf etdirilməsini şərtləndirən səbəblərdən biri də, xalqımızın müxtəlif millətlərə və mədəniyyətlərə dözümlü münasibətidir. Bu da Azərbaycan xalqının milli xüsusiyyətlərindən irəli gəlir. Digər əsas səbəb isə ölkəmizdə multikulturalizmin dövlət səviyyəsində dəstəklənməsi və dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunmasıdır. Azərbaycan dövlətinin bu istiqamətdə fəaliyyəti, təkcə multikultural dəyərləri ölkəmizdə qoruyub inkişaf etdirməklə yekunlaşmır, bu dəyərlərin dünyada təbliği və təşviqi üçün də mühüm işlər həyata keçirilir. Misal olaraq Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünü göstərmək olar. Prezident İlham Əliyevin bu təşəbbüsünün həyatda real həllini tapması məqsədilə Bakı Beynəlxal Multikulturalizm Mərkəzinin (BBMM) apardığı ardıcıl və məqsədyönlü işlər, artıq öz yüksək nəticəsini verir. Bu da ilk növbədə Mərkəzin xarici ölkələrin nüfuzlu ali təhsil ocaqları ilə qurduğu səmərəli əməkdaşlıqda özünü göstərir. Son zamanlar fəaliyyətini daha da aktivləşdirən BBMM "Azərbaycan multikulturalizmi" fənninin tədrisinin daha geniş coğrafiyanı əhatə etməklə bərabər, həm də öz təsir dairəsi və gücünü artırmaq istiqamətində ciddi işlər görür. Azərbaycan multikulturalizm modelinin elmi müstəvidə öyrənilməsi və araşdırılması Multikulturalizm Mərkəzi tərəfindən uğurla davam etdirilir və gələcəkdə bu tədris layihəsinə yeni-yeni xarici ölkə universitetlərinin qoşulmasını təmin etmək hədəfdə olan əsas istiqamətlərdən biri kimi qeyd edilməlidir. Buna görə də "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam etdirilir. Hazırda bu layihə çərçivəsində ölkəmizin 39 və dünyanın 21 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni magistratura pilləsində tədris olunur. Onu da qeyd etmək vacibdir ki, bu layihənin gerçəkləşdirilməsinə BBMM-in Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullanın ideyası və təşəbbüsü ilə "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra başlanılıb. "Azərbaycan multikulturalizmi" dərsliyinin Azərbaycan dili ilə yanaşı, ingilis dilində də nəşr olunması, dərsliyin istifadəsini asanlaşdırıb və tədrisin keyfiyyətinin daha da yüksəlməsinə stimul verib.

BBMM - dən verilən məlumata görə, 2020-2021-ci dərs ilindən etibarən "Azərbaycan multikulturalizmi"nin tədris olunduğu xarici universitetlər sırasına Cənubi Koreyanın Hankuk Universitetinin də (Hankuk University of Foreign Studies) adının əlavə olunacağı gözlənilir. Bununla da Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənnini tədris etdiyi universitetlərin sayı 22 -yə çatacaq. Məlumatda bildirilir ki, artıq universitet rəhbərliyi də təklifi müsbət dəyərləndirib və BBMM ilə Hankuk Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

BBMM bu günədək dünyanın bir çox ölkələrinin nüfuzlu ali məktəblərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisini həyata keçirsə də, Hankuk Universiteti Koreyada bu istiqamətdə ilk ali tədris ocağı olaraq tarixə düşəcək.   

Azərbaycan multikulturalizm modeli ilə bağlı dərslərin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə xarici ölkə universitetləri arasında əldə edilən razılaşma əsasında keçirildiyi məlumdur. Bu dərslərdə iştirak etmək istəyənlərin sayının çox olması, bəzən onların arasında müsabiqələrin keçirilməsi zərurətini meydana çıxarır. Müsabiqənin qalibləri dərslər üçün qeydiyyatdan keçən tələbələr sırasında yer alır. Bu tələbələr arasında gələcəkdə ölkəmizdə təhsil almaq, iş qurmaq, həmçinin öz universitetlərində Azərbaycanla bağlı fənn tədris etmək istəyən və bu məqsədlə mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız, habelə multikultural vəziyyətlə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr həm də Azərbaycanda BBMM tərəfindən təşkil edilən Beynəlxalq Yay və Qış Multikulturalizm məktəblərində iştirak etmək şansı qazanırlar. Bu da öz növbəsində tələbələrə stimul verən əsas amillərdən biri hesab olunur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində Polşanın nüfuzlu universitetlərindən biri Vrotslav Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı dərslərə yenidən başlayıb. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Vrotslav Universiteti arasında bağlanan memorandum əsasında həyata keçirilir. Vrotslav Universitetində dərsləri Dr. İlahə Kərimova polşa dilində tədris edir. Bu da tələbələrə Azərbaycan multikulturalizmi modelini daha yaxşı qavramaq imkanı verir. Onu da diqqətinizə çatdıraq ki, BBMM bu layihəni dünyanın hər bir bölgəsində həyata keçirmək əzmindədir və bu istiqamətdə bütün təkliflərə dəstək verir. Bu baxımdan Azərbaycan Dillər Universiteti, ölkəmizin Braziliyadakı səfirliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Braziliya Dövlət Universitetində multikulturalizm mövzusunda silsilə mühazirələrin keçirilməsi təqdirəlayiq hal kimi qəbul olunur. Çünki iki həftə davam edəcək mühazirələrdə 30 - dan çox dinləyici iştirak edəcək və onlar Azərbaycan reallıqları ilə tanış olmaq imkanı qazanacaqlar. Tədbirin açılış mərasiminə qatılan Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov tolerantlığın, mədəni, dini və linqvistik müxtəlifliyin qorunmasını təmin etməyin, həmçinin multikulturalizm modellərinin təşviqinin vacibliyinə diqqət çəkərək, Azərbaycan dövlətinin bu məsələlərə xüsusi diqqət yetirdiyini qeyd edib. Tədbirdə, həmçinin, qeyd olunub ki, professor Leyla Bijosun və Azərbaycan Dillər Universitetinin professoru xanım İrina Kuninanın iştirakı ilə keçiriləcək 30 saatlıq kurslarda yerli tələbələrə Azərbaycanda multikulturalizmin və tolerantlığın kökləri, ölkəmizin bu sahədəki təcrübəsi dərindən öyrədiləcək və dinləyicilərə Braziliya modeli ilə müqayisələr aparmaq imkanı veriləcək. Onu da qeyd edək ki, Azərbaycan multikulturalizminə həsr olunan bu mühazirələr Latin Amerikası qitəsində ilk belə təcrübədir və bu təcrübənin regionun daha bir neçə ölkəsində tətbiqi nəzərdə tutulur.

BBMM həm də postsovet məkanında Azərbaycan multikulturalizminin təbliği istiqamətində mühüm işlər görür. Belə ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Ukrayna tələbələri arasında "Azərbaycan multikulturalizmi sülhün və tolerantlığın fundamental konsepsiyası kimi" mövzusunda müsabiqə keçirilir. Müsabiqə layihəsinin rəhbəri Marina Qonçarukdur. Müsabiqədə ilk üç yeri tutan iştirakçılar Azərbaycanda keçirilən Qış və ya Yay Multikulturalizm məktəblərində iştirak etmək hüququ qazanacaq. 4-10-cu yerləri tutan iştirakçılara isə qiymətli mükafatlar təqdim olunacaq. BBMM-in yaydığı məlumata görə, Ukraynada keçirilən müsabiqənin məqsədi tələbələri multikultural Azərbaycanın tarixi barədə məlumatlandırmaq, təhsil sahəsində Ukrayna-Azərbaycan əməkdaşlığını nizamlamaq, tələbələri Azərbaycan multikulturalizmi konsepsiyası ilə tanış etmək və bu konsepsiyanı Ukraynada təbliğ etməkdir. Müsabiqənin layihə əlaqələndiricisi Marina Qonçaruk qeyd edir ki, bir ilə yaxındır Ukraynada Azərbaycan multikulturalizmi konsepsiyası ilə tanışlığa həsr edilən müxtəlif görüşlər və tədbirlər keçirir və inanır ki, bu müsabiqə çox müsbət nəticələr verəcək, çünki tələbələr belə tədbirlərə böyük maraq göstərirlər: "Universitetlərdə görüşlər keçirəndə tələbələrin bu məsələyə marağını aşkar görürəm. Ukraynalı tələbələr arasında Azərbaycan multikulturalizminə dair dialoq başlanıb. Hesab edirəm ki, bu, çox mühüm nəticədir. Əminəm ki, Azərbaycan multikulturalizminin populyarlaşdırılması və ukraynalıların bu barədə məlumatlandırılması dövlətlərimizin tolerantlıq, ümumbəşəri dəyərlərə, insan haqlarına və beynəlxalq hüquqa riayət edilməsinə əsaslanan ahəngdar və davamlı inkişaf baxımından bir-birinə oxşar olmaları barədə əvvəldən də məlum olan həqiqəti bir daha təsdiqləyəcək". Onu da diqqətə çatdıraq ki, bu, BBMM-nin Ukraynada ilk işi deyil, indiyə qədər Taras Şevçenko adına Kiyev Milli Universitetində, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində, V. İ .Vernadski adına Tavriçeski Milli Universitetində, Boris Qrinçenko adına Kiyev Universitetində, "Jitomirskaya politexnik" Universitetində Azərbaycan multikulturalizminə dair mühazirə və təqdimatlar keçirilib və proses davamlı xarakter alıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu gün də dünyanın müxtəlif bölgələrində yerləşən təhsil ocaqlarında Azərbaycan multikulturalizm modelinin təbliği istiqamətində mühüm tədbirlər həyata keçirir və onların uğurlu nəticələri də göz qabağındadır.

P.S. Yazının hazırlanmasında BBMM-in məlumatlarından istifadə olunub.

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyi ilə çap olunub

0.13844108581543