Hambalın istefası, yaxud, yaşın nə fərqi var ki...

Yusif Seyid

 İki gün əvvəl Fb-də professor Nəsir Əhmədlinin bir statusunu oxudum: "Bir xeyli yaşım var, vəzifəm nolsaydı istefa verərdim". Bunu elə bir adam deyir ki, onun istefası bu millətə də, dövlətə də ən azında media səhəsinə ciddi zərər verə bilər. Bunu Nəsir müəllimin özü də çox gözəl bilir. Məhz bu səbəbdən də bəzilərinə nümunə olmaq istəyir. Necə ki, bu gün ölkəmizin media cameəsində hər birimizə nümunədir. Mən də, hörmətli Nəsir müəllimlə tam razıyam, heç olmasa həmin o məmurlara verilən pensiyanın yarısı qədər mənə də (50 ilin hambalıyam, vəzifənin nə fərqi var ki) pensiya versəydilər, hamballıqdan istefa verərdim. Bir gənc hambal üçün də iş yeri açılardı, bu da düşərdi statistikaya ki, ölkədə daha bir iş yeri açıldı.

 Ölkəmizdə elə vəzifə sahibləri var ki, illərdir bu xalqın qanını sorur, xalq qapısına qədər gedib "istefa" hayqırır, onun isə heç tükü belə, tərpənmir. Səhiyyə, nəqliyyat, təhsil nazirliklərinin, əmlak komitəsinin, «Qaçqınkom»un, SOCAR-ın və digər dövlət strukturlarının qarşısında keçirilən aksiyalar yəqin ki, yadınızdadır. Onlardan bəziləri artıq tarixin arxivinə gömülüb, bəziləri isə hələ də dirəniş göstərir, əlləri gəlmir ki, istefa ərizəsi yazsınlar. Çünki canlarında törətdikləri əməllərə görə cəza almaq təhlükəsi var, qorxurlar ki, ərizə yazan kimi, onlardan bu əməllərin haqq-hesabını soruşacaqlar.

Mən insanları çox sevirəm və insanlara inanmaq istəyirəm. Məhz buna görə də, hər zaman aldanıram. Bununla belə, yenə də inanmaqda davam edirəm. Bu xüsusiyyətimə görə də, Prezident İlham Əliyevin son günlər ölkədə yaranmış sosial-siyasi və iqtisadı vəziyyət barədə çıxışlarının səmimiliyinə və bu çıxışda qeyd olunan problemlərin və nöqsanların aradan qaldırılması üçün gerçəkləşdirdiyi kadr islahatlarının müsbət nəticələr verəcəyinə inanmaq istəyirəm. Ancaq bəzi şübhələrim də, yox deyil. Bu şübhələr, əsasən son dövrlərdə həyata keçirilən kadr islahatlarının ölkənin sosial-iqtisadi durumunda heç bir müsbət dəyişikliklərə səbəb olmamasından qaynaqlanır.

Mən yazılarımda dəfələrlə qeyd etmişəm ki, əgər ölkədə bütün vəzifələri Prezident, yaxud Birinci vitse-prezident icra edəcəksə, onda sayları onminlərlə ölçulən məmurlar ordusu kimə və nəyə lazımdır?

Maraqlıdır ki, bu gün aparılan kadr islahatlarında daha çox önə çəkilən problem onların yaş həddidir. Məlumdur ki, müəyyən yaş həddindən sonra insanın iş qabiliyyəti xeyli dərəcədə zəifləyir. Lakin bu, onun fəaliyyətinə o qədər də təsir etməyə bilər, çünki bu müddətdə topladığı təcrübə onun köməyinə gəlir. Bunlar bir növ bir-birini kompensasiya edir.

Amma, bugünün reallığı onu deməyə əsas verir ki, Azərbaycan dövlət idarəçiliyi sistemində çalışan məmurların yarıtmaz fəaliyyətlərinin əsas səbəbi heç də yaş həddi deyil, məsuliyyətsizlik və acgözlükdür.

Bu da heç kimə sirr olmayan bir faktdır ki, ölkəmizin dövlət idarəçilik sistemində çalışan məmurlar, öz fəaliyyətləri dövründə yol verdikləri nöqsanlara, qanunsuzluqlara, hətta cinayət əməllərinə görə, cüzi istisnalarla heç bir məsuliyyət daşımırlar. Bu da insanlarda belə bir fikir formalaşdırır ki, dövlət strukturlarında çalışan məmurlar üçün heç bir qanun və cəza mövcud deyil. Məhz bu səbəbdən də, bu məmur çetesi özünü bütün qanunlardan daha üstün vəziyyətdə hiss edir. Yəni məmləkətimizdə qanun şah deyil, şah (daha doğrusu məmur) qanundur. Bu hegemonluğu əldən buraxmaq istəməyən məmur da, yaşlanmasına, sağlamlıq durumunda yaranan fəsadlara, hətta iş qabiliyyətini itirməsinə rəğmən istefaya getmək istəmir. Onlar bilirlər ki, bu halda adi ölkə vətəndaşlarından heç bir fərqləri olmayacaq, bütün imtiyazlar əldən çıxacaq. Məhz, bu qorxu onların şüuruna hakim kəsildiyindən, hansı yollarla olur-olsun öz kreslo və kürsüsünü qorumağa çalışırlar.

Açığını deyim ki, burada maddiyyat heç bir rol oynamır. Bu gün məmləkətdə hamı çox gözəl bilir ki, müəy-yən müddət hər- hansı bir vəzifədə çalışan məmurun, yaxud deputatın pensiyaya (baxmayaraq ki, onlar adi vətəndaşlardan fərqli olaraq çox yüksək pensiya təminatına malikdirlər), yaxud maaşa ehtiyacı yoxdur. Onları maraqlandıran kreslodur, kürsüdür. Çünki onların qazandıqlarının əsas mənbəyi həmin kürsülərdən püskürdükləri yalanlardan formalaşır.

Son illər kreslo və kürsüdən məhrum edilən Ziya Məmmədovu, Səlim Müslümovu, Eldar Mahmudovu xatırlayın, heç eşitmisiniz ki onlar pensiya, yaxud müavinat üçün dövlətə müraciət etsinlər? Onların buna ehtiyacları yoxdur. Bu günün özündə də, "yağ içində böyrək kimi" yaşayırlar. Vəzifə kreslosunda olduğu zaman xalqdan və dövlətdən taladıqları nəinki özlərinə, bütün nəsil-nəcabətinə yetər. Bu gün onları əndişələndirən sadəcə olaraq, törətdikləri əməllərə görə günlərin birində məhşər ayağına çəkiləcəkləri  qorxusudur. Bu, mütləq olacaq. Bu fani dünyada olmasa da, haqq dünyasında hər kəs əməlinə görə cəzasını, yaxud mükafatını alacaq. Buna heç kimin şübhəsi olmasın.

Məmurların nəfslərinin qurbanına çevrilməsinin və vəzifə vurğunluğunun nəticəsidir ki, ölkəmizdə istefa mədəniyyəti deyilən bir anlayış öz yerini tuta bilmir.

Bütün bu deyilənlər məndə şübhə yaradır ki, son günlər həyata keçirilən kadr islahatları da, bir məmurun başqa bir məmurla əvəzlənməsindən başqa bir şey olmayacaq.

Bunu deməyə əsas verən səbəblərdən biri də, son illər bir çox rayonların icra hakimiyyəti başçılarının səmərəsiz yerdəyişmə proseslərinin şahidi olmağımdır.

Bunlardan biri də Abşeron rayonudur. Bir neçə il əvvəl həyata keçirilən kadr islahatları ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı  Zakir Fərəcov Sumqayıt şəhərinə transfer olundu və onun yerini ixtisasca həkim-pediatr olan İradə Gülməmmədova  tutdu. Düşünmək olardı ki, qadın, həm də dünyanın ən humanist peşə sahibi olan İradə xanım, rayonun sosial -iqtisadi problemlərinin həlli istiqamətində ciddi islahatlara başlayacaq. Amma və lakin...

Açığı son on ildə bu rayonda, ələlxüsus da Xırdalan şəhərində və Masazır qəsəbəsində insanların rifahının yüksəlişi istiqamətində heç bir inkişaf və tərəqqi hiss olunmur. Rayonun qaz, su, işıq, kanalizasiya sitemləri, eləcə də digər infrastrukturlar bərbad vəziyyətdədir.

Bildiyiniz kimi, Xardalana şəhər statusu verilib. Ancaq burada bir-iki küçə istisna olmaqla şəhər infrastrukturundan heç bir əsər-əlamət yoxdur. 

İradə xanımın rayon icra hakimiyyətinə başçı təyin olunması vətəndaşlarda belə bir əminlik yaratmışdı ki, artıq illərlə yığılıb qalan bir çox problemlər öz həllini tapacaq. Ciddi sosial-iqtisadi islahatlar həyata keçiriləcək. Təəssüflər olsun ki, bunların heç biri baş vermədi. Verə də bilməzdi. Çünki belə məsul vəzifəyə təyinat alan şəxsin, ən azından həmin problemlərin həlli üçün öz konsepsiyası, ən önəmlisi, istəyi olmalıdır.

Əgər məsul dövlət vəzifəsinə təyinat alan şəxsdə bu istək yoxdursa, mağara və mədə təfəkkürü ilə işə başlayırsa, orada heç bir inkişafdan və tərəqqidən danışmaq mümkün deyil.

Buna görə də hesab edirəm ki, dövlətimizin başçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatlarının dalğası mütləq Abşeron rayonundan da keçməlidir. Çünki ölkəmizin ən böyük iqtisadi zonası olan Abşeronun təsadüfi adamların sərvət toplamaq arealına çevrilməsinə imkan verilməməlidir. Ölkəmizin paytaxtının on addımlığında yerləşən (demək olar ki, artıq paytaxt Bakının bir hissəsi olan) Xırdalan şəhəri və rayonun digər kənd və qəsəbələri bu acınacaqlı durumdan qurtulmalıdır. Bunun da yolu öz yarıtmaz fəaliyyətləri ilə "şöhrət" qazanan məmurlardan qurtulmaqdan keçir. Bu gün onlar özlərinə çox arxayındırlar, lakin onların da növbəsinə çox az qalıb.

Göründüyü kimi, dövlətimizin başçısı da, artıq bu kimi hallarla barışmaq fikrində deyil və böyük siyasi iradə ortaya qoyaraq onlara qarşı "hücuma" keçib. Davamlı və uğurlu olsun!

0.11388301849365